İKT

Əşyalar bir-birilə danışacaq və ya XƏRC=0
05 YANVAR
895

Əşyalar bir-birilə danışacaq və ya XƏRC=0

2017-01-05 16:42:00

Səhər tezdən sizi oyandırmaq üçün səs salan telefonunuz, sizi oyatmadan öncə çaydana su qızdırmasını, marketə təzə çörək göndərməsini, televizora isə hər gün baxdığınz kanalı açmağını bildirir. Siz əl-üzünüzü yuduqdan sonra, paltarınızı geyinib özünüz bir stəkan çay süzərkən, paltaryuyan maşınınız paltarları yumaq üçün sizdən icazə almaq istəyir və telefonunuza mesaj göndərir, siz də bunu avtomatik sabitləyərək, hər həftənin Şənbə günləri sizə soruşmadan bu prosesi təkrar etmənizi bildirirsiniz, o da bunu istədiyiniz şəkildə edir. Hətta, içərisində yuyucu vasitə bitdikdə avtomatik marketə bildirir və siz evdə olanda marketdən, məhz, paltaryuyanınızın verdiyi yuyucu vasitə gətirilir, təbii, yanında da soyuducunuzun verdiyi, yumurta və qatıq sifarişləri də. Qapıdan çıxıb maşınınıza minib işə gedərkən, avtomobliniz tıxac olmayan yoldan sizi aparır... Evə qayıtdıqda, yorğun olduğunuzu səsinizdən tanıyan telefonunuz evə getdikdə sizə gözəl bir fincan qəhvə hazırlmaq üçün çaydana məlumat göndərir, siz qapıya çatdıqda, açar çıxarmırsınız, çünki, qapınız sizi gözünüzdən tanıyaraq qapını avtomatik açır. Qəhvənizi içdikdən sonra, televizorunuz 10 gün əvvəl reklamını görərək saat və tarixi quraşdırdığınız filmi seyretməyiniz üçün avtomatik açılır və o kanaldakı filmi göstərir. Filmin bitməsinə az qalmış, qarderobunuz sabah üçün ütülü köynəyinizin olmadığını siqnal verir və s. və i.a.

Yuxarıdakı cümlələrlə, çox az şeydən bəhs etdik, 100 milyard ağıllı-bağlantılı cihazdan söhbət açıldığı bir dövrdə. Amma belə olacaq, hətta, bu onların yanında sadə olacaq. Amma “Xoş olduğu kimi bir az sıxıcı olacaq deyəsən, gələcək dövr?” sualını verənləri eşidən kimiyəm. Biraz ola bilər belə düşünülsün, sadəcə olaraq, keçmişdə də yaşadığıız bugün üçün elə düşünməmişdirlərimi, görəsən. Bir şeyi də qeyd etmək lazımdır ki, dünyada hər şey insanlar üçündür, onun ehtiyac və istəklərinə uyğunlaşır. Deməli, öz ehtiyac və istəyimiz bizə nə dərəcədə sıxıcı gələ bilər?!

“Əşyaların İnterneti” və “Ağıllı-Bağlantılı Məhsul”

Əşyaların İnterneti, gündəlik həyatda istifadə edilən cihazların və bütün fiziki əşyaların bir-birilə və daha böyük sistemlərlə şəbəkəli texnologiyalar vasitəsilə, yəni internetə daxil olma ilə bir-biri ilə əlaqələnməsi, yəni ünsiyyət qurmasıdır. Yəni qısaca demək mümkündür ki, Əşyaların İnterneti – gündəlik həyatda istifadə edilən bütün fiziki əşyaların internetə bağlanması və bir-birinə informasiya göndərib-ala bilməsidir.

Avadanlıqların (obyektlərin) bir-biri ilə xəbərləşməsi və bu xəbərləşmə nəticəsində hərəkətə keçməsi ilə əlaqədar ilk araşdırmalar 1999-cu ildə MİT Universitetində Auto-ID Mərkəzində başlamışdır.  O vaxtlar, Radio Tezliyi Təyinetmə (RFID) ilə məşğul olan bu mərkəzin direktoru Kevin Ashton məhsulların üzərinə kabelsiz sensorlar qoyaraq bunları internetə bağlamaqla əlaqədar “Əşyaların İnterneti” terminini ortaya atmışdır.

Əşyaların İnternetində ən önəmli məsələlərdən biri də “Ağıllı-Bağlantılı Məhsullar”ın üzərinə düşməkdədir. Çünki, əşyaların interneti dövrü “ağıllı cihazlar”ın dövrü olacaqdır. “Ağıllı-Bağlantılı Məhsullar” və “Əşyaların İnterneti” biri-birinə çox yaxın terminlər olub, bəzən biri-birinin yerinə də istifadə olunsa da, aralarında məna fərqi olan məfhumlardır.

Bir cihazın “ağıllı” olması üçün tərkibində müəyyən çipslərin olması, informasiya göndərmə, alma və informasiyanı təhlil etmə qabiliyyətinin olması gərəkməktədir. Bir cihazın “bağlantılı” (yəni əlaqəli) olması üçün internetə bağlanması gərəkməktədir. “Ağıllı-Bağlantılı Məhsul” olması üçün isə eyni zamanda həm informasiya göndərmə, alma və informasiyanı təhlil etmə qabiliyyətinin olması, həm də internetə bağlanması gərəkməktədir.

Yumurtanın bitdiyini xəbər verən soyuducular, hava şəraitinin soyuq və yolların buzlu olmasını əvvəlcədən bilərək səhər tezdən sizi yarım saat əvvəl oyada bilən telefonlar, pəncərə önündəki dibçəkdəki gülün susuzladığını telefonunuza göndərən sistemlər, heç bir şifrə, kod və vasitələrə ehtiyac qalmadan sizi bioünsürləriniz vasitəsilə avtomatik tanıyan texnologiylar ağıllı-bağlantılı məhsullara nümunə verilə biləcək çoxsaylı nümunulərdən bir neçəsidir.

Jeremy Rifkin yazır ki, “Bundan 25 il əvvəl, gələcək yarım əsrdə insanların 3-də birinin yüz milyonlarla insanın istifadə etdiyi qlobal şəbəkələr vasitəsilə bir-birilə xəbərləşəcək, səs, video, şəkil və yazı paylaşacaq; dünyadakı bütün bilgiləri bir mobil telefon vasitəsilə əldə etmək mümkün olacaq; hər kəs yeni bir ideya təqdim edib, yeni bir şey istehsal edə biləcək və bütün bunların xərci isə hardasa sıfıra bərabər olacaq” deyilsə idi, heç kim inanmazdı. Amma bütün bunlar artıq indi mövcuddur.

Üstünlükləri

Əşyaların internetinin və cihazların ağıllı olmasının həm insanlar, həm şirkətlər, həm də dövlətlər üçün üstünlükləri vardır. Buradakı ən önəmli məsələlərdən bəziləri aşağıdakılardır:

  •          İstehsal müddətində xərcləri azaltmaq;
  •          İstifadələrini təqib etmək və istifadəsinə görə avtomatik qiymətləndirmək;
  •          Avtomobillərə tətbiq edərək avtomatik sığorta haqqı məbləği müəyyən etmək;
  •          Reklam və satış təkliflərinin hər bir şəxsə görə ayrı-ayrılıqda edilə bilən etmək;
  •          İnsanların uzaqdan səhhətini təqib etmək və lazımi hallarda məlumat vermək;
  •          Avtomobillərdə avtomatik əyləc mexanizmi ilə qəzaların qarşısının almaq;
  •          Həyatı daha asan hala gətirə bilmək;
  •          Gündəlik həyatda, su, enerji, benzin və s kimi ehtiyaclarda vaxtında məlumat vermək, gərəksiz problemlərdən qaçınaraq qənaət etmək;

Əşyaların İnterneti ilə əlaqəli ən önəmli məsələrin başında gizlilik və güvənlik məsələləri gəlir.

  •          Gizlilik. Onlayn ödəmə sistemləri, ödəmə ilə və s. buna bənzər məsələlər gizlilik prinsipləri baxımından pozulmasının qarşısının alınması və bunun “necə” olması da üzərində çalışılmalı məsələlərdən biridir.
  •          Güvənlik. Bank kartları, şifrələr, tibbi bilgilər, təhlükəsizlik kodları, səsləri, görüntüləri və buna bənzər məsələlərlə əlaqədar güvənlik məsələləri də narahatçılıq yaradan önəmli məsələlərdən biridir.

Burada, gizlilik və güvənlik bir-biri ilə qarşılıqlı əlaqədə olan və aralarında səbəb-nəticəsi olan kriteriyalardır. Bunun üçün “güvənlik cihazları”nın da öz yerini alacağını demək mümkündür. Sadəcə olaraq, istifadəçilər bu cür ağıllı cihazları istifadə etdikləri zaman hər bir şeyə daha aydın və ətraflı agah olmalıdırlar.

Cisco`nu 2011-ci il məlumatına əsasən, dünya əhalisi və internetə bağlı cihazlar haqqında məlumat belədir: 2003-cü ildə dünya əhalisi 6.3 milyard, internetə bağlı cihaz sayısı 500 milyon ədəd; 2010-cu ildə dünya əhalisi 6.8 milyard, internetə bağlı cihaz sayısı isə 12.5 milyard ədəd olmuşdur. 2020-ci ildə isə dünya əhalisinin 7.6 milyard, bağlı cihaz sayısı isə 50 milyard ədəd olacağı təxmin edilməkdədir. Başqa bir araşdırmada isə, 2030-cu ildə dünyada 100 milyard cihazın bir-birinə bağlı olacağı, yəni əlaqələnərək ünsiyyət quracağı bildirilir.

İstifadə Olunan Sahələr və Nümunələr

Ətraf Mühit

Əvvəllər köçəri quşların, nəsli tükənməkdə olan heyvanlar haqqında məlumat toplamaq illər tələb edirdi, hətta, toplanan məlumatlar bəzən yanlış da olurdu. Müasir dövrümüzdə isə, çox kiçik sensorlu cihazlar vasitəsilə hər hansı heyvanın nə vaxt, harda və necə hərəkət etdiyini, reaksiyalarını, üzləşdiyi təhlükələri analiz etmək çox sadə və az xərclə baıa gəlməkdədir.Quçların nə vaxt köç etdiyi, neçə il yaşadığı, yayılma arealı və bunun kimi çox məlumatlar ağıllı və bağlantılı cihazlar vasitəsilə mükün olmuşdur.

  •          BigBelly adlı zibil konteyneri – Günəş enerjisi ilə çalışan bu konteyner dolduqda işçilərə məlumat göndərir.
  •          Invisible Track adlı kiçik bir cihaz – mühafizə altındakı meşələrdə qanunsuz ağackəsmələr haqqında məlumat ötürə bilir.

Kənd Təsərrüfatı

İstər böcəklər ilə mübarizə olsun, istər torpağın suya və ya gübrəyə ehtiyacı olsun – artıq çox məlumatı sadəcə bir-biri ilə əlaqələndirilmiş cihazlar vasitəsilə əldə etmək, ona uyğun tədbir görmək mümkündür. Bu isə məhsuldarlığı artırmaqla bərabər xərcləri də azaldır ki, nəticədə gəlir də artır.

  •          Warerbee – adlı sulama sistemi torpağın susuzluq vəziyyəti haqqında məlumat ötürə bilir.
  •          Smartbob – anbarlardakı taxıl və digər yemək növləri haqqında hesabat və ölçmə əməliyyatını yerinə yetirir.
  •          Z-Trap adlı cihaz – fermerlərə ərazidəki böcəklər haqqında informasiya ötürür və beləliklə, məhsuldarlıqda irəliləyişə kömək edir.

Enerji

Bugün olduğu kimi gələcəkdə də enerji öz əhəmiyyətini saxlayacaqdır. Hətta, gələcəkdə bioenerji qaynaqlarından əldə edilən enerjinin o qədər böyük olacğı təxmin edilir ki, enerjinin də pulsuz olacağı bildirilir. Hər kəsin Günəş enerjisi ilə öz enerjisini istehsal etdiyi yerlər var, hər kəsə də məlumdur. “Bəs, bunu niyə hər kəs etməsin və hər kəs öz enerjisini özü istehsal etməsin” fikrindən yola çıxıldığını düşünsək bu mərhələyə keçməyimiz də çox çəkməyəcək.

  •          Philips Hue adlı işıqlandırma sistemləri – evdəki lampaların rəngini dəyişə bilir və bunu telefonlar vasitəsilə idarə etmək mümkündür.
  •          Quirky Aros adlı cihaz – isti yay günləri üçün havalandırma sistemidir və avtomatik açılıb-bağlanaraq enerji sərfiyyatını nəzarətdə saxlamağa kömək edir.

Nəqliyyat

Avtomobilləri təqib edərək hər hansı bir qəza vəziyyətində bunu digər cihazlara ötürərək yardım etmək, hava şəraitinin pisləşəcəyi məlumatını alan, benzinin bitdiyini bildirən, tıxac olan yolları deyən və alternativlər təklif edən “ağıllı maşın” onu sürməmişdən öncə bunlara uyğun hərəkət etməyinizi bildirəcək sizə. Artıq motorunda problem olmuş bir avtobobili ustaya aparıb, “problem harasındadır, bilmirəm” tipli suallar verməyəcəksiniz, çünki avtomobilinizin hər hansı bir detalı xarab olarsa, sensorlar vasitəsilə bağlı olduğu mərkəzi sistemə məlumat ötürəcək, ən yaxın servisə yaxınlaşmağınızı və bu prolemi ciddi şəkil almadan düzəltməyinizi deyəcək. (Bəli, bəli, belə olacaq. Axı, ağıllı cihazlardan bəhs edirik, hələ bu harasıdır!)

  •          HikoB adlı cihaz – havanın temperaturunu, rütubətliliyini, tıxac həcmini hesablaya bilən sensorlu sistemdir.
  •          Parksight adlı cihaz – boş parketmə yerlərini tapmağa kömək etməklə yanaşı, parketmə sahələrinin istifadə müddətləri haqqında da məlumat verə bilir.

Səhiyyə

Tibbi məlumatları saxlama və ya göstərmə vəzifəsini yerinə yetirərək idman bilgilərini təqib edə bilən texnologiyalar sürətlə artmaqdadır. Sadəcə əlaqələndirilmiş bir cihazın hər hasnı bir məlumatı başqa bir cihaza ötürməsi, insan səhhəti ilə əlaqədar böyük irəliləyişlərə səbəb olacağı gözlənilir.

  •          Mimo Baby adlı cihaz – körpələrin yuxu vəziyyəti, yemək saatları haqqında məlumat verə bilir.
  •          Lively adlı cihaz – yaşlıların hərəkətlərini izləyir və məlumat toplayıb ötürə bilir.
  •          Vitality GlowCaps adlı dərman qutusu – istifadəçilərə dərman qəbuletmə vaxtlarında məlumatvermə qabiliyyətiə malikdir.

Gündəlik Həyat

İstər evdə lsun, istər işdə olsun, istər universıtetdə olsun, istərsə də insanların var olduğu digər yerlərdə hər bir şeyin sadələşməsi, bir düymə ilə idarə edilməsi oxuduqda belə qulağa xoş gəlir. Deyilmi?! Məhz, bu səbəbdəndir ki, artıq, ağıllı cihazlardan sonra, ağıllı evlər, ağıllı şəhərlər və ağıllı hər şey prinsipi ilə hər bir sahədə irəliləyiş görünməkdədir.

  •          Bitponics adlı cihaz – bağçılıqda istifadə edilən bu cihaz havanın istiliyi, rütubətliliyi, işıqlandırma kimi məsələlərdə məlumat verə bilir.
  •          Nest Protect adlı cihaz – ev vəya bu tipli qapalı məkanlarda yanğın təhlükəsini nəzarət saxlayır və belə hal olduqda məlumat verə bilir.
  •          Vally Home adlı cihaz – evdə olabiləcək su sızıntılarına qarşı siqnalizasiya vəzifəsini yerinə yetirir.
  •          August Smart Lock adlı cihaz – evə girib-çıxanlara nəzarət edir və siz evə gəldikdə sizi tanıyaraq kilidi avtomatik açıq-bağlaya bilmə mexanizminə sahipdir.

Yuxarıda qeyd olunanlardan əlavə digər sahələrdə də ağıllı cihazların tətbiqi və üstünlüyü gözlənilməkdədir. Bunlar arasında moda və tekstil sənayesindəki “geyiniləbilən texnologiyalar”dan, “özü-özünün inşa edən zavodlar”a qədər çox mühüm sahələrdə özünü göstərəcəkdir. Hər bir “ağıllı məhsul” da bir-birilə əlaqəli olacaqdır. Gartner Inc. məlumatına əsasən, ağıllı şəhərlər 2020-ci ildə 9.7 milyard əlaqəyə (bağlantıya) sahib olacqdır.

Xüsusilə, texnologiyanın sürətli inkişafı və bunların istehlakçı ehtiyaclarına yönləndirilməsi bu sahənin daha da canlanmasına və yayılmasına təkan verməkdədir. “3D Print”lərin icadı və yayılması artıq iqtisadi sahədə də sistem dəyişikliklərinə səbəb olacağı ehtimalını gücləndirməkdədir.

Cisconun məlumatına əsasən, Əşyaların İnterneti sayəsində 2022-ci ildə 14.4 trilyon dollarlıq qənaət ediləcəkdir. Enerjinin pulsuz olacağı, 3D printlər vasitəsilə artıq istehsalçıya ehtiyac qalmadan, hər bir insanım öz istədiyini özünün istehsal etməsi, ağıllı-bağlantılı cihazlar vasitəsilə hər bir əşyanın bir-birilə ünsiyyət qurması, informasiya göndərib-almaqla və analiz etməklə, vaxtdan və puldan qənaət etməsi, bütün sahə və sektorlarda hər şeyin biri-birinə bağlı şəkildə olması, sistem dəyişikliyinin də dəyişilməsinin əsası olacaqdır. Bu sistem dəyişikliyi iqtisadi sahədən başlayıb digər sahələrə də sürətlə yayılacaqdır. Eyni zamanda, dəyişən yalnız iqtisadi, siyasi, hərbi sistemlər olmayacaq, insanların həyatı, istək və ehtiyaclarında da müəyyən dəyişikliklər olacaqdır.

Qeyd edək ki, əşyaların interneti ilə əlaqədar ətraflı məlumat almaq istəyənlər istifadə edilmiş qaynaqlara vasitəsilə daha ətraflı informasiya əldə edəbilərlər.

İstifadə Edilmiş Mənbələr

  •          http://www.cio.com
  •          http://www.teknolo.com
  •          http://producthealth.com
  •          http://www.appsonclick.com
  •          http://www.hurriyet.com.tr
  •          http://www.researchgate.net
  •          “Internet of Things”, Jeremy Rifkin, 2013
  •          Capital Dergisi, Nisan 2013

Açar Sözlər: əşyaların interneti, ağıllı-bağlantılı məhsullar, internet of things, smart-connected products

Bəhman Hüseynli

MSc Marketing, İstanbul Universiteti

MSc Marketing, Mərmərə Universiteti

ideamanbahman.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8627
  • ₽ RUB
    0.0304