İKT

İnternet üzərindən telefon almaq çətinləşir
04 AVQUST
287

İnternet üzərindən telefon almaq çətinləşir

2016-08-04 15:17:00

Mobil telefonların idxalı ilə bağlı yeni qadağa bazara ciddi təsir etməyəcək.

“Telefon idxalı ilə bağlı yeni qərar qəbul edilsə, hər bir Azərbaycan vətəndaşı şəxsi istifadə üçün iki ildə cəmi bir telefon ölkəyə gətirə biləcək. Bu o deməkdir ki, artıq internetdən uyğun qiymətə telefon almaq çətinləşəcək. 

Eləcə də bax: Telefon idxalı ilə bağlı – YENİ QADAĞA

Son iki ildir ölkəyə xaricdən gətirilən telefonlara məcburi “IMEI” qeydiyyatı istənilirdi. 30 gün içində “IMEI” qeydiyyatdan keçməyən telefonlar bağlanılırdı. Yeni qadağaya əsasən, hər bir vətəndaş ancaq 2 ildə 1 dəfə “IMEI” qeydiyyatdan keçirə biləcək. Gömrükdən də həmçinin 2 ildə bir dəfə öz adına telefon gətirə biləcək”.

Fins.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov deyib.

N.Manafov qadağanın xeyirli və zərərli tərəflərinə də toxunub:

“Araşdırmalar göstərir ki, daxili bazarda aktiv satılan telefonların 80%-i xarici elektron ticarət mağazalarından çatdırılma yolu ilə gətirilib. Alıcılarının xarici elektron ticarət mağazalarına üz tutmasının səbəbi yerli bazar qiymətlərindən ən az 30-40% ucuz olmasıdır.

Dubay kimi vergi cənnəti ölkələrdə yerləşən elektron ticarət mağazaları azərbaycanlı alıcılara məhsul satdığında ƏDV, idxalat vergisi kimi xərclərlə üzləşmədiyi üçün məhsullarını daha ucuz alıcılara çatdıra bilirlər”.

Mütəxəssis bildirir ki, qadağanın əsas səbəbi daxili bazarı qorumaqdır:

“Bu məsələdən aydın olur ki, qadağanın əsas səbəbi daxili bazarı qorumaq və büdcə gəlirlərini artırmaqdır. Əgər belə davam etsə idi rəsmi distributorlar çox qısa vaxt ərzində ağ bayraq sallayacaqdı.

Fikrimcə, bu qadağanın daxili bazara ciddi təsiri olmayacaq. Alıcılar 2 ildə 1-dən çox telefon ölkəyə gətiribsə, bu telefonlarını yaxın qohumlarının adına qeydiyyatdan keçirəcək və ya yaxın qohumlarının adına gətirəcək. Alternativ yol kimi köhnə telefonların “IMEI”-lərini yeni telefonlara “klonlayacaqlar”.

Alıcılar tərəfindən rəsmi qarantiya və sığorta məsələlərinə qarşı mənfi rəylər var. Qarantiyaya inam çox azdır. Bir çox alıcı qarantiyada olan telefonu servisə aparsa da, onlardan pul istənilir. Məlum məsələdir ki, rəsmi servisin xidmət qiymətləri daxili bazardakı digər rəsmi olmayan servislərdən dəfələrlə yüksək olur. Müştəri təmir üçün rəsmi olmayan servisə telefonu aparacaqsa, rəsmi distributorlardan telefon almaq öz mənasını itirir. 

Xüsusən, satış sonrası xidmətə (“After Sales”) diqqət yetirmək, alıcıların diqqətini bu mövzulara yönəltmək rəsmi distributorların çıxış yolu ola bilər. Alternativ kimi faydalı olacaq əlavə dəyərli servislər (VAS) yaradılmalıdır. 

Mobil operatorla daha intensiv əməkdaşlıq edib, telefon alan hər alıcıya hissə-hissə ödəmə yolu və bonus dəqiqələr, internet, endirim kartları kimi imkanlar yaradılmalıdır. Elektron ticarətin “dəqiq müştəri hədəfləmə” imkanlarından daha ciddi istifadə olunmalıdır. 

Qısaca, rəsmi distributorlar marketinqin və elektron ticarətin imkanlarından maksimum faydalanmalıdır”.

Qeyd edək ki, mətbuatda telefon idxalı ilə bağlı yeni qadağanın yaxın gələcəkdə qüvvəyə minəcəyi yazılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272