İKT

Mobil operatorların məxfilik oyunu
14 İYUL
518

Mobil operatorların məxfilik oyunu

2016-07-14 17:29:00

Son vaxtlarda sosial şəbəkələrin xidmətlərinin artması insanların ünsiyyətini asanlaşdırıb. Fins.az-ın araşdırmaları göstərdi ki, onlar rahatlıqla  danışıb problemlərini müzakirə edir, toplantılar təşkil edir, xaricdəki ən müxtəlif  iş sahələri ilə münasibətlər qura bilirlər. Hətta bəzi şəbəkələrdən istifadə indi pulsuz olub. Ona görə mobil telefon istifadəçiləri daha çox həmin xidmətlərdən istifadə edirlər. Mobil operatorlar da yeni texnologiyaların  tətbiqini  genişləndirərək müştərilərin əhatəsini genişləndirir. Son vaxtlar  vətəndaşların daha çox  müraciət etdiyi roaminq xidmətləri də xeyli ucuzlaşıb.      

Buna baxmayaraq, mobil operatorların abunəçiləri internet üzərindən ünsiyyətə üstünlük verirlər. Bu, onların gəlirlərinin azalması ilə bağlıdır. İnsanlar daha çox ucuz vasitələrdən yararlanmağa çalışırlar. Araşdırmalar göstərir ki, son aylarda mobil SMS-lərdən demək olar ki, istifadə edilmir. Skype və  Whatsap şəbəkələrinin xidmətləri sayəsində mobil roaminqlər də arxa plana keçib. Bütün bunlar mobil rabitə şirkətlərinin gəlirlərinin azalmasına səbəb olub. 

Operatorların gəlirləri azalıb 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar iyun aylarında  rabitə müəssisələrinin idmətlərdən əldə edilən gəlirin 49,3%-i və ya 393,6 mln. manatı mobil telefon operatorlarının payına düşür. Ötən ilin analoji dövründə   onların gəlirləri 31,8 mln. manat çox  və ya 425,4 mln. manat təşkil edib.

Ona görə də mobil operatorlar yeni gəlir mənbələri axtarmaq məcburiyyətindədir. Bu isə müştərilərin ciddi narazılıqlarına, hətta xidmətdən imtina   etmələrinə səbəb olur.

Mobil fırıldaqçılığın mənbəyi

Operatorların yeni qazanc mənbələri  digər şirkətlərin  saytlarına və ya nömrələrinə yönləndirməkdəndən ibarətdir. Son günlərdə bu tipli aldadıcı mesajlar demək olar ki, hamının  mobil telefonuna göndərilir. Təbii ki, müştərilərin icazəsi olmadan.

Həmin mesajları açmaqla istifadəçi dərhal başqa bir saytın abunəçisi olur və buna görə balansından kifayət qədər vəsait çıxılır.  Və ya reklam xarakterli məlumatlar göndərilir . Bu da kifayət qədər  balans itkisi deməkdir.

Belə hallar   “Azercell ”  və “Bakcell ”  abunəçiləri arasında daha geniş yayılıb . Ancaq “Nar mobile”  istifadəçiləri də fırıldaqçılardan yayına bilmirlər.

İstəmədən  qoşulduğu saytdan çıxmaq istədikdə isə müştəri daha çətin vəziyyətə düşür. Mobil operatorun əməkdaşları onlara bildirirlər ki, saytdan çıxmaq  bizim işimiz deyil. Mobil operatorların bu yolla müştərək müştərək pul qazandığı şirkətləri isə açıqlamırlar.

Qeyd edək ki,  mobil rabitəçilərin yersiz SMS-lərlə  müştəriləri narazı salması Milli Məclisdə də müzakirə edilib və konkret addım atılması tələb olunub. Lakin  mobil bazara  ciddi nəzarət  edilmədiyindən bu məsələ parlament zalından kənara çıxa bilmədi.

Mobil  operatorlara nəzarət edilmir

İstehlakçı hüquqlarının müdafiəsi ilə  məşğul olan Eyyub Hüseynov da bu tipli fırıldaqçılıqlarla bağlı  Azad İstehlakçılar Birliyinə xeyli sayda müraciət                daxil olduğunu bildirdi. Qeyd etdi ki,  mobil operatorlarla müştərilər arasında bağlanan müqavilədə reklam xarakterli  SMS-lər nəzərdə tutulmur. Mobil telefon istifadəçilərinə yersiz mesajların göndərilməsi ilə operatorlar “Mülki Məcəllə”nin 200-cu maddəsini (aldatma) və “İstehlakçı Hüquqları haqqında” qanunun 15-ci maddəsinin  bəndlərini pozurlar.

E.Hüseynov vurğuladı ki,  qanunvericilikdə xüsusi cəza tədbirləri və  cərimələr nəzərdə tutulsa da   mobil operatorlar müxtəlif vasitələrlə  bundan yayınırlar.

“Mən həmin şikayətləri İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması Departamentinə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərmişəm. Lakin ciddi tədbir görülmür.  Əksinə, mobil operatorlar  daha yeni pul qazanmaq metodları tapırlar. Bu da  “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna və “Mülki Məcəllə”yə  ziddir.  Bu tip “xidmətlərin” qarşısının alınması üçün mexanizm  yoxdur. Ona görə də operatorların fırıldağı genişlənir”            

Yaşlı istifadəçilər hədəfə alınıb

Hüquqşünas Səbuhi Axundov  da mobil operatorlarını fırıldaq qurbanlarının sayının  getdikcə artdığını vurğuladı:  “Onlar xüsusilə yaşlı insanların mobil  cihazların istifadəsindən o qədər də  məlumatlı olmamalarından istifadə edərək aldadıcı  reklam  mesajlarını onlara da göndərirlər. Həmin istifadəçilər də bilmədən tora düşürlər”.

Hüquqşünas qeyd etdi ki, ötən il  təkcə “Bakcell” şirkətinin reklam kampaniyalarının qurbanı olan  850 nəfərdən çox istifadəçi   birlikdə  məhkəməyə müraciət etdi. Lakin onların hüquqları təmin edilmədi. Ən yaxşı halda məhkəmələr abunəçidən üzr istənməsi barədə qərar verir. Lakin ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı heç bir qərar çıxarılmayıb.  

Hansı daha konfidensialdı -  müştərinin nömrəsi, yoxsa....                    

Məsələyə mobil operatorun münasibətini öyrənməyə çalışdıq. Lakin “ Azercell  Telekom” MMC-dən bu iradlara ağlabatan cavab verilməyib.

“Bu cür reklam xarakterli SMS-lər məzmun təminatçıları tərəfindən (3-cü tərəflər) göndərilir və Azercell şirkəti şəbəkə təminatçısı kimi, bu şirkətlərə yalnız texniki dəstək göstərir. Abunəçilərə bu və ya digər xidmətə qoşulma haqqında təklif gəldikdə daha diqqətli olmaq tövsiyə edilir. Qeyd edək ki, xidmət haqqının avtomatik olaraq çıxılması mümkün deyil, güman ki, abunəçi bu və ya digər xidmətə qoşulmaq üçün mobil cihazında müvafiq düyməni sıxmışdır. Xidmətdən imtina etmək üçün STOP sözü 9005-ə göndərilməlidir”. 

Müştəriləri aldadaraq birgə pul qazandıqları şirkətlərin adının  açıqlanmasına gəlincə, şirkət bütün məzmun təminatçılarının siyahısını konfidensiallıq səbəbi ilə açıqlamadıqlarını bildirib.

İstehlakçı hüquqlarını ayaq altına  atan  operatorlar əsas konf idensial məlumatların müştərilərə aid olduğunu unudublar. Müştərilərlə bağlanan müqavilədə bir şəxsə məxsus nömrənin hansısa sahibkara verilməsi nəzərdə tutulmur.

Reklam mesajlarından necə  qurtulmaq olar

“Bakcell” MMC-dən isə bildirdilər ki,  şirkət abunəçilərə müxtəlif növ telekommunikasiya xidmətlərinin göstərilməsi həm birbaşa, həm də  əlavə dəyər xidmətləri (VAS) üzrə xidmət-təchizatçıları vasitəsilə həyata keçirilir.        

“Bakcell” MMC onunla əməkdaşlıq edən müxtəlif xidmət təchizatçıların və kontent provayderlərin təklif etdiyi xidmət və məhsullara görə məsuliyyət daşımır. Bu kimi şirkətlərin təkliflərinə abunə olan müştərilər, həmin xidmət və məhsulların istifadəsindən irəli gələn bütün riskləri qəbul etmiş olur. Bu cür xidmətlərin göstərilməsi ilə bağlı daha ətraflı məlumat almaq üçün rəsmi müraciət etmiş şəxslərə “Bakcell” MMC müvafiq xidməti göstərən xidmət təchizatçısının əlaqə telefonunu təqdim edir”. 

Şirkətdən  həmçinin, bildiblər ki, kütləvi SMS-lərlə bağlı şikayətlərin əksəriyyəti reklamçıların göndərdikləri mesajlara aiddir.” Müştərilərimizi məmnun etmək üçün biz onlara arzuolunmaz mətn mesajlarını filtrdən keçirməyə imkan yaradan yeni platformanı işə salmışıq. Yeni sistemin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, o, müştərilərə seçim imkanı yaradır və onlar hansı mesajları qəbul edib-etməməyi özləri seçirlər. “5595” qısa nömrəsinə “STOP” yazısını göndərməklə, abunəçilərimiz üçüncü tərəflərin göndərdiyi reklam mesajlarının qəbulunu birdəfəlik dayandıra bilərlər”.   

Hüquqşünas S.Axundov isə  dəyən zərərin geri qaytarılmasının yollarını açıqladı:

“Vətəndaşın öz iradəsi olmadan onun nömrəsindən istifadə etmək olmaz. Lakin mobil opetatorlar bütün qaydaları tapdalayaraq  bu özfəaliyyətlərini davam etdirirlər. Çıxış yolu kimi yenə də məhkəməyə müraciət etməyi məsləhət  görürəm. Davamlı mübarizə nəticəsində mobil fırıldaqçılıqdan qurtulmaq olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275