İKT

Sıfırdan biznes qurub lider olmağın sirlərini açdı - MÜSAHİBƏ
07 MAY
1922

Sıfırdan biznes qurub lider olmağın sirlərini açdı - MÜSAHİBƏ

2016-05-07 10:50:00

Fərid İsmayılzadə: “Heç vaxt namizədlərin və işçilərin diplomlarının rənginə, içindəki qiymətlərə baxmamışam” 
 
Çox böyük karyera ambisiyaları var. İz qoyub getmək. Nə isə etmək, iz qoymaq və insanların həyatında dəyişikliyə səbəb olmağı xoşlayır. Buna görə daim çalışır, yeniliklər edir. Amma istirahətinin də qeydinə qalır. Hər il heç vaxt görmədiyi üç, ən yaxşı halda isə beş ölkədə olmağı qarşısına məqsəd qoyub. Səyahət etdiyi ölkələrin aurası onun üçün əsasdır. Getdiyi ölkələrdə şəkil çəkdirməyi, yaxud əksəriyyətimizdən fərqli olaraq ,tarixi yerləri ziyarət etməyi xoşlamır. Getdiyi ölkənin milli yeməklərini dadmaq və insanlarla ünsiyyətdə olmaqdan zövq alır. Müsahibimiz "GoldenPay” ASC-nin və hesab.az-ın rəhbəri Fərid İsmayılzadədir. 
 
- Orta məktəbi 15 yaşınızda bitirmisiniz. Məktəbə tez getmisiniz, ya sinifdən-sinifə keçmisiniz?
 
- Azərbaycan Universiteti nəzdində o vaxt bir ingilis dilli gimnaziya var idi, onun  məzunuyam. Gimnaziyada proqramı elə sıxışdırdılar ki, iki ilin dərsini bir ildə bitirdik. Buna görə də 8 və 10-cu sinifləri oxumamışam.

 
- Deyəsən, atanızın ixtisas seçiminizdə rolu böyük olub?

- Sənədlərimi ali məktəbə verəndə atam Azərbaycandakı valideynlərin əksəriyyəti kimi səhv etdi. Atam mənim hüquqşünas, yaxud diplomat olmağımı istəyirdi. Çünki bu ixtisaslar "prestijnı” sayılırdı. Məhz buna görə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini seçdim. Hansı ki, həmişə texnologiya və  iqtisadiyyata həvəsim var idi. Çox istərdim ki, Azərbaycanda valideynlər övladlarının ixtisas seçiminə çox qarışmasınlar. Erkən yaşdan uşaqlarını hansı ixtisasa həvəsli olduğunu müəyyən edə bilsinlər və onları düzgün yönləndirsinlər. Çünki karyeranda uğurlu olmaq üçün sevdiyin, həvəsin olan işlə məşğul olmalısan. Sevmədiyin işlə məşğul olanda uğur qazanmaq çətindir. Dünyanın bir nömrəli rəqqası, müğənnisi, alimi, diplomatı və s. olub həm maddi baxımdan çoxlu pul qazana, həm də tanına bilərsən. Yəni hansı ixtisası seçməyinin fərqi yoxdur, əsas seçdiyin - sevdiyin ixtisas olsun. 
 
- Bakı Dövlət Universitetində oxuduğunuz halda, təhsilinizi Türkiyədəki Bilkənt Universitetində eyni ixtisas üzrə davam etdirmisiniz. Universiteti dəyişmək istəyinizə nə səbəb oldu?
 
- BDU-da müəllimlərimdən biri yaxşı oxumağıma  baxmayaraq, imtahanda məndən pul tələb etdi. Özəl məktəbin məzunu olduğuma görə heç vaxt belə bir şey görməmişdim və qəbul edə bilmirdim. Müəllimin bu hərəkətinə görə hətta 15 yaşımdaykən uşaq kimi ağladım və özümə söz verdim ki, bu təhsil sistemindən uzaqlaşacağam. Belə də oldu. Bir neçə günümü xaricdə universitet axtarmaqla keçirtdim və bir çox universitetlərə baş vurdum. Bilkənt Universiteti məni qəbul etdi və beləcə təhsilimi orda davam etdirdim.
 
- Daha sonra Amerikada Silikon Vadidə San Jose Dövlət Universitetinə qəbul oldunuz. Təqaüd proqramı qazandınız?

- Xeyr. Valideynlərimin maddi dəstəyi olmasaydı,  nə Bilkənt Universitetində, nə də Amerikada San Jose Dövlət Universitetində təhsil ala bilməyəcəkdim. Buna görə onlara minnətdaram. Baxmayaraq ki, pullu təhsil almışam, amma qiymətlərim həmişə yüksək olub. Çox adam tanıyıram ki, xaricə oxumaq üçün getsələr də,  təhsillə məşğul olmurlar. Xaricdə oxuyarkən tam sərbəst olursan və valideynlərinin heç nədən xəbəri olmur. Bu zaman sənə hər cür təklif gəlir; narkoman olmaq, dindar olmaq, alim olmaq və s. Valideynlərin yanında olmadığından, istiqamətini özün seçirsən. Buna görə də aldığın tərbiyə düzgün qərar verməyində böyük rol oynayır. 
 
- Amerikada təhsil almağa gedən azərbaycanlılar adətən xidmət sektorunda çalışırlar. Sizin yolunuz necə, sözügedən sektordan keçdimi?

- Amerikada işləyənlərə sosial təhlükəsizlik nömrəsi verirlər. Mən də bu nömrəni almaq üçün pizza satılan yerdə işə düzəldim. Amma cəmi bir həftə işlədim. Nömrəni alandan sonra universitetdə işə götürdülər, oxuya-oxuya işlədim. Yay tətillərində də  boş dayanmır, işləyirdim. Dünyada ən böyük tələbə təşkilatı olan AIESEC-in fəal üzvü idim. Sözügedən təşkilatın mübadilə proqramları ilə xarici ölkələrdə təcrübə keçirdim. 
 
- Amerikada təhsilinizi başa vurandan sonra bu ölkədə qalıb işləmək imkanınız olduğu halda vətənə döndünüz. Sizi özünə çəkən nə oldu; vətənpərvərlik duyğusumu, dostlarmı, valideynlərinizmi?

- Etiraf edim ki, çox emosional deyiləm. Məndə kimin üçünsə darıxmaq hissi demək olar, yoxdur. Təzə-təzə qızım üçün darıxmağa başlayıram. Hamının canının salamat, dolanışığının qaydasında olduğunu bilmək mənim üçün kifayətdir. Məsələn, qohumlarla elə bir əlaqəm yoxdur. Buna görə məni danlayırlar. Çünki həmişə onlar məni axtarırlar. Mənim üçün isə onlarda hər şeyin normal olduğunu bilmək kifayətdir. Yəni Azərbaycana bura gəlməyimin əsas səbəbi dostlarım və valideynlərim deyil. Yaxın dostlarım xaricdədir. Xaricdə olanda valideynlərimlə gündə üç dəfə skaypla danışırdım, yəni darıxmağıma ehtiyac qalmırdı.  

Mənim çox böyük karyera ambisiyalarım var və bu ambisiyalar gözümü tutur. Bu, bəlkə də AIESEC tərbiyəsindən irəli gəlir – dünyada iz qoyub getmək. Nə isə etmək, iz qoymaq və insanların həyatında dəyişikliyə səbəb olmağı xoşlayıram. O vaxt düşünürdüm ki, Azərbaycanda bunu daha rahat həyata keçirə bilərəm. Çünki mənim kimi düşünənlər burada azdır. Azərbaycana gələndə gördüm ki, doğurdan da burada internet həyatı demək olar, yoxdur və bu biznesi yaratdıq. İndi düşünürəm ki, yanılmışam və Amerikada qalmaqla da uğur qazana bilərdim. Amerikanın orta səviyyədə uğuru buranın ən yüksək uğurundan daha effektiv olardı, daha çox insanın həyatına təsir göstərərdim. Əgər Amerikada qalıb hansısa layihə gerçəkləşdirsəydim, bunun Azərbaycan üçün əhəmiyyəti daha böyük olardı. Bununla bağlı bəzi layihələrim, planlarım var. Onlardan birinin bu yay gerçəkləşməsi gözlənilir və bu layihə məni yenidən Amerikaya qaytara bilər. 

Əlbəttə, biz ölkəmizə şəffaflıq gətirdik, insanların vərdişlərini dəyişdik və dəyişirik. Məni hər səhər yuxudan oyadıb işə gətirən əsas səbəblərdən biri budur. Səmimiyyətlə deyim ki, bunun qazanc hissəsi mənim üçün üçüncü, dördüncü dərəcəlidir. Çoxları bilmir, mənim başqa şirkətlərim var və bu şirkətlər vasitəsilə daha çox qazanıram. "GoldenPay” və hesab.az brenddir, insanların həyatına rahatlıq gətirən bir layihədir. 
 
- Fərid bəy, Türkiyə və Amerika kimi ölkələrdə təhsil alandan sonra Azərbaycanda ADA Universitetində təhsilinizi davam etdirməyiniz hansı ehtiyacdan yarandı?

- ADA Universiteti ilə Maastricht Menecment Məktəbinin birgə proqramı olan MBA təhsili aldım. Mənim bundan sonra kiminsə rəhbərliyi altında işləmək planım yoxdur. Həmişə öz şirkətim olacaq. Partnyorlarım ola bilər, amma çox güman ki, həmişə sahibkar olacağam. Təhsil aldığım yerin brend olmasına ehtiyacım yoxdur. Maastricht Məktəbi ilə  Harvard Universiteti arasında iki fərq var. Birincisi, Harvard Universiteti brenddir, ikincisi şəbəkələşmə – qrup yoldaşlarının kim olması fərqli ola bilər. Məsələn, Harvardda sənin qrup yoldaşın Microsofun hansısa bölməsinin direktoru, amma Maastrichtdə Azərbaycanda ən böyük əmlak satan şirkətin rəhbəri ola bilər. Mənim üçün təhsil almağımın əsas səbəbi bilik almaq idi. Brend və şəbəkələşmə vacib deyildi. Bilik hissəsi ona görə lazımdır ki, istənilən sahibkar startapını şirkətləşdirməlidir. Məsələn, Golden Pay son iki ildə şirkətləşib. Şirkətləşməni həyata keçirmək üçün məndə bilik çatışmazlığı var idi. Təhsilim mənə imkan verdi ki, startap mərhələsindən şirkət mərhələsinə keçid edim. 
 
- "GoldenPay”i qurmaq üçün ilk investisiyanı haradan aldınız?

- Atamdan. 
 
- Borcunuzu qaytara bimisiniz?

- Hazırda atama bir biznesinin olması üçün kömək edirəm. Əgər alınsa, atamla hesablaşmış olacağam, o, mənə verdiyi pulu artıqlaması ilə götürəcək. Məndə bir siyahı var. Borclar siyahısı. Bütün borclarımın siyahısı oradadır. Düzdür, atam mənə investisiyanı borc kimi verdiyini deməyib, amma mən onu borc kimi nəzərdə tutmuşam və imkan olduqca geri qaytaracağam. 
 
- Borclar siyahısından danışdınız. Belə başa düşdüm ki, işinizi qurmaq üçün xeyli borc götürmüsünüz...

- Elədir. Bir neçə il "GoldenPay”ə ancaq investisiya qoymuşam. Borcun bu qədər uzun müddət qalmasının səbəbi isə odur ki, şirkət qazandıqca onu yenidən investisiya qoyur, işimizi daha da genişləndirir, yeniliklər edirik. Buna görə dividentimiz yoxdur. Bizim şirkətlər adətən dividentsiz işləyən şirkətlər olmalıdır. Onlar daha çox şirkətin dəyəri üzərində qurulur. Əgər fikir versəniz Facebook, Tvitter, Linkedin və digər sosial şəbəkələr uzun müddət divident vermədən çalışır.  
 
- İlkə imza atmaq heç də asan olmur. Müsahibələrinizdə həmişə deyirsiniz ki, işinizi qurarkən çox əziyyət çəkmisiniz, "dib”i görmüsünüz, hətta işinizi yarımçıq buraxıb yenidən Amerikaya qayıtmaq istəmisiniz. Necə oldu ki, ayaqda qala, şirkətləşə bildiniz? Sizə nə, yaxud kim kömək etdi?

- Məncə, qarşıma ali məqsəd qoymağım mənə yardım etdi. Bu dünyada iz qoyub getmək mənim üçün çox önəmlidir. Qayıdıb gəlmişdimsə, Azərbaycanda iş qurmaq istəyirdimsə, uğursuzluqla barışa bilməzdim. Mənim kimi insanlarda beyin problemdən çıxış yolu tapmaq üçün yuxuda belə işləyir. Ruhdan düşmürsən, əllərin, qolların sınmır, bütün beynin problemi necə həll etməyi düşünür. Bunu fikirləşdikcə alınır. Mən də bir neçə layihə həyata keçirdim və həmin layihələrdən gələn gəlirlə "GoldenPay”i dirçəldə bildik. Hazırda "GoldenPay”in ölkədəki krizislə bağlı çətinlikləri var. Yanvarda mən kollektivimizi yığıb çətinlik barədə çıxış etdim. Vəziyyəti onlara izah etdim və bir neçə çıxış yolumuzun olduğunu bildirdim; ya hamının getdiyi standart yolla gedib işdə ixtisarlar aparmalı, maaşları azaltmalı, çıxarlarımızı azaltmalı, kiçilməliyik, ya da qarşımıza məqsəd qoyub növbəti 2-3 ayda şirkəti iki dəfə böyütməliyik. Böyük ambisiyadır. Təsəvvür edin, 5 ildə əldə etdiyini 3 ayda etmək istəyirsən. Uşaqlarla oturub bizi vəziyyətdən çıxara biləcək ideyalar yazdıq və hazırda o ideyaların tətbiqi ilə məşğuluq və inanırıq ki, yeni ideyalarımız bizi vəziyyətdən çıxaracaq. 
 
- Fərid bəy, işçilərinizi necə seçirsiniz? Mütəxəssis tapmaq çətin deyil ki?

- Heç vaxt namizədlərin və işçilərin diplomlarının rənginə, içindəki qiymətlərə baxmamışam. Əsas fikir verdiyim məqam iş təcrübəsidir. Təcrübə yığmağın ən yaxşı yolu isə tələbəykən könüllü işləməkdir. Könüllü işləmək işə götürənlərə adamın çalışqan olmasından xəbər verir. Düzdür, əgər vakansiya üçün müraciət edən namizəd Türkiyədə, Amerikada, yaxud Avropada təhsil alıbsa, onun diplomu maraq doğura bilər. Amma işə başlayarkən təcrübənin olmadığını görəndə onun qlamur diplomunun mənası itir və iş təcrübəsi olan, işində daim irəli gedən Neft Akademiyasının məzununa üstünlük verirsən. Gənclərin iş tapması çox çətindir. Çünki bizim təhsil sistemi zəifdir. Təhsilimizin düzəldilməsi üçün çox çalışılır, amma bu, uzun prosesdir. 20-30 ilə pozulmuş sistemi 5 ilə bərpa etmək çətindir. Yalnız "GoldenPay”,  "Azərcell”, "Bakcell” kimi şirkətlər işçilərinin yetişməsi üçün maraqlı olmalı deyil. İxrac potensialını artırmaq istəyiriksə, ölkəmizdə o qədər yeni şirkətlər yaranmalı, yeni məhsullar istehsal olunmalıdır ki, xaricə çıxara bilək. Bunları etmək üçün isə minlərlə, yüz minlərlə çox yüksək səviyyədə insan yetişməlidir. Belaruslar ildə bir milyarddan çox informasiya texnologiyaları məhsullarını xaricə satmaqla ölkələrinə pul qazandırırlar. Amma Azərbaycanda o qədər proqramist olmadığından bunu edə bilmərik. 
 
- Yeri gəlmişkən "GoldenPay”i beynəlxalq arenaya çıxarmaq istəyirdiniz. Bu yöndə işləriniz nə yerdədir?

- Bosniyada "GoldenPay”i artıq qeydiyyatdan keçirdik. Ümumiyyətlə, "Golden Pay”lə bağlı yarım qalmış arzularım var. Ofisimizin tam Google, Facebook sistemində fəaliyyət göstərməsini, oyun zalına kimi hər bir şəraitinin olmasını istəyirəm. Digər arzum isə İPO etməkdir, yəni səhmlərimizin bir hissəsinin birjada satışını təşkil etməkdir ki, istənilən adam "GoldenPay”in səhmdarı olmaq imkanı qazansın. Devalvasiyaya görə bu işimiz yarımçıq qaldı. Üçüncü arzum isə xarici ölkələrdə "GoldenPay”i yaratmaqdır. 

Hesab.az-a gəlincə, çox güman ki, gələcəyi banka çevriləcək. Depozit qoya, kredit götürə, hesab açdıra biləcəyin və s. heç bir filialı olmayan internet üzərindən  qurulmuş bir bank olacaq. Bunu yalnız Azərbaycanda deyil, 5-10 ölkədə gerçəkləşdirmək istəyirik. 
 
- Bu yay Amerikada layihə gerçəkləşdirəcəyinizi  dediniz. Amerikaya gedəsi olsanız, yəqin  Azərbaycanla əlaqələriniz kəsilməyəcək...

- Xeyr. Çox rahat şəkildə şirkətin idarəsini etibarlı bir şəxsə həvalə etməklə uzaqdan idarə etmək mümkündür. Bu, Amerikadakı işlərin nə dərəcədə uğurlu olmasından asılıdır. Ancaq orada işlərim çox uğurlu olsa və mən bütün enerjimi ora verməli olsam, Azərbaycandakı bütün şirkətlərimdəki səhmlərimi satacağam.
 
- "GoldenPay”dən sonra ölkəmizdə 7 onlayn ödəmə portalı yarandı. Amma siz yenə də lidersiniz. Lider olmaq üçün nələr edirsiniz, çoxmu çalışırsınız?

- Rəqabət əla şeydir. Birincisi, səni silkələyir ki, daim yeniliklər edəsən. İkincisi, o rəqabət bazarın böyüməsinə gətirib çıxarır. Lider qalmağımızın iki səbəbi var. Birincisi, bazara ilk girməyimiz, ikincisi, innovativ olmağımız, bir yerdə durmayıb daim yeniliklərə imza atmağımızdır. Digər ödəmə portalları bizdən qat-qat balacadır, həm də bizim kimi innovativ deyillər. Lider olmaq da, lider kimi qalmaq da çox çətindir. 
 
- Fərid bəy, şəxsi həyatınız da oxucularımız üçün  maraqlıdır. Deyəsən, səyahəti xoşlayırsınız. Bəziləri üçün tarixi yerlər, digərləri üçün modern binalar, bir çoxları üçün təbiət qoynu, yaxud çimərlik maraqlıdır. Sizin üçün maraqlı olan nədir?

- Ölməzdən əvvəl bütün dünya ölkələrini görmək arzumdur. Hər il üç, ən yaxşı halda beş görmədiyim ölkəyə gedirəm. Mənim üçün önəmli olan həmin ölkələrin yeməkləridir. Demək olar, hər şey yeyirəm. Bir də insanlarla ünsiyyətdə olmağı xoşlayıram. Tarixi yerləri gəzməyi, şəkil çəkdirməyi sevmirəm. Çox nadir hallarda şəkil çəkərəm. Hər şeyi beynimə yazıram. Ölkələr var ki, aurası, enerjisi çox xoşuma gəlir, ölkə də var oradan tez çıxmağa çalışıram. Mənim üçün getdiyim yerin aurası çox önəmlidlir. 
 
- İndiyə qədər yaxşı mənada aurası sizi tutan ölkə hansı olub?

- Mənim üçün birinci yerdə Amerika, xüsusən  Silikon Vadisi gəlir. Orda hər saniyə yeni texnologiya kəşf olunur. Havası əladır, insanları aqressiyasız, gülərüzdür. İkinci yerdə Almaniya və Gürcüstan dayanır. Hindistan, Çin də maraqlı yerlərdir. Bu yaxınlarda İranda oldum, xoşum gəldi. Dominika Respublikasının aurası, insanları çox gözəldir. İtaliyanı çox xoşlayıram. Amma Avropanın qalan ölkələri bir-birinə bənzəyir. Ərəb ölkələrini çox xoşlamadım, işim düşməsə getmərəm. Avstraliya və Yeni Zelandiyaya da getmək istəyirəm. Vaxt edə bilsəm, 1-2 aylıq hər şeydən uzaqlaşmaq üçün çantamı belimə taxıb, Latın Amerikasını gəzmək istərdim. Bu il yəqin meditasiya üçün telefonumu, internetimi söndürüb Tibetə səfər edəcəyəm. 
 
- Deyəsən, futbol oyunlarını canlı izləmək üçün tez-tez İstanbula və Münhenə gedirsiniz?

- İki sevimli komandam var. "Bavariya” və "Qalatasaray”. Oyunları canlı izləmək üçün İstanbul və Münhenə çox getmişəm. Təəssüf ki, bu il "Qalatasaray” yaxşı oynamadığından İstanbula  getmədim.
 
- Belə başa düşdüm ki, işinizə, özünüzə, hətta dostlarınıza da kifayət qədər vaxt ayırırsınız. Səyahətlərə ailənizlə birgə gedirsiniz, ya tək?

- Tək getməyi xoşlayıram. Amma ildə bir dəfə ailəvi 15-20 günlük Antalyaya səfərimiz olur. Bir də iki-üç ildən bir həyat yoldaşımla aradan çıxıb hansısa xarici ölkəyə gedirik. Xanımımla belə bir zarafatım var ki, boşanmaq istəyiriksə, gərək bir yerdə harasa səfər edək. Çünki həmişə səfərə gedəndə aramızda qarşıdurma yaranır. O şəkil çəkməyi, tarixi yerlərə baş çəkməyi xoşlayır. Mən isə yeməyi və insanlarla ünsiyyəti sevirəm. O, hansı saatda hara gedəcəyini əks etdirən gündəlik plan tutur, mənim üçün isə vacib deyil ki, səhər 8-də durub, 9-da haradasa olum. Hətta bəzən səyahətə gedəndə bir-birimizdən ayrılıb hərəmiz öz zövq aldığımız işlə məşğul oluruq. Buna görə də səfərlərə 99 faiz hallarda bir yerdə getmirik. 
 
- Qızınız atasının ona az vaxt ayırmasından şikayət etmir ki?

- Qızım 4 yaşının içindədir. Şikayət etməsə də, mənimlə çox vaxt keçirmək istəyir. Çalışıram, imkan olduqca həftə sonları onunla vaxt keçirim. Açığı, qızımla kifayət qədər vaxt keçirə bilmədiyimə görə vicdan əzabı çəkirəm. Günahımı yumaq üçün ona istədiyi hər şeyi alıram. Bu da evdə problem yaradır. Qızımı ərköyün böyütməkdə, istədiyini almaqda ittiham olunuram. Bir az böyüsün, bütün səfərlərimdə onu özümlə aparacağam. Mənə elə gəlir ki, onunla şəkil çəkmək və tarixi yerlərə getmək baxımından problem yaşamayacağam (gülür).
 
Mənbə: kaspi.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272