İKT

Elektron hökumət portalı bizə necə faydalıdır?
27 APREL
273

Elektron hökumət portalı bizə necə faydalıdır?

2016-04-27 16:05:00

Elektron hökumət portalı informasiya texnologiyaları əsasında qurulmuş dövlət idarəetmə mexanizminin bir növüdür. İlk öncə buna aparıcı iqtisadiyyata malik ölkələrdə, ən əsası ABŞ və Böyük Britaniyada dövlətin idarəedilməsində şəffaflıq və səmərəliliyin artırılmasına yönəldilmiş bir konsepsiya kimi baxılırdı. Bu konsepsiyanın əsasında müxtəlif cür informasiya texnologiyalarından istifadə edərək vətəndaşlara göstərilən xidmətlərin avtomatlaşdırılması dayanırdı. İnkişaf etmiş ölkələrdə artıq bir neçə müddətdir mövcud olmasına baxmayaraq, ölkəmizdə bu sahənin tətbiqi və inkişafı yeni bir sahədir.

Elektron hökumətin təklif etdiyi xidmətlərdən təkcə vətəndaşlar deyil, eyni zamanda hüquqi şəxslər, qeyri-dövlət təşkilatları və dövlət strukturları da yararlana bilərlər. Belə ki, dünya təcrübəsinə nəzər saldığımız zaman belə məlum olur ki, elektron hökumət əsasən 3 moduldan ibarətdir :

1)    G2G-hökumət hökumətə (government to government);

2)    G2B-hökumət biznesə (government to business);

3)    G2C hökumət vətəndaşlara (government to citizens).

“E-hökumət” dedikdə ümumilikdə dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərdən elektron qaydada istifadə olunması başa düşülür ki, bu da günümüzdə elektron hökumət portalı vasitəsilə reallaşır.

Son zamanlar dövlət orqanlarının informasiya ehtiyatlarının elektronlaşması ilə bağlı böyük işlər görülmüşdür və hal-hazırda da bu layihə uğurla davam edir. Bunun əsasında dövlət qurumlarının təqdim etdikləri elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkil olunması məqsədilə “elektron hökumət” portalı yaradıldı. Bütün dövlət orqanlarının onlayn xidmətləri məhz həmin portalda cəmləşdirildi ki, bununla da eyni məlumatların müxtəlif mənbələrdə toplanması halları aradan qaldırıldı. İndiyədək ayrı-ayrı dövlət qurumlarının müxtəlif məlumat bazaları mövcud idi ki, vətəndaşlar bir probleminin həlli üçün bir neçə dövlət orqanına müraciət etməli olduğu zaman xeyli prosedurdan keçirdilər. Nəticədə, belə hallar hər iki tərəf üçün böyük vaxt itkilərilə bərabər xeyli gecikmələrə səbəb olurdu.

Ən başlıca şərtlərdən biri “bir pəncərə” prinsipi əsasında çalışan qurumlar vətəndaşlara təqdim olunan məlumatların tamlığına, keyfiyyətinə, düzgünlüyünə və ən vacib ünsür hesab edilən saytda cəmlənmiş məlumatların təhlükəsizlik baxımından qorunmasına cavabdehdirlər. Belə ki, günümüzdə fərdə aid məlumatların saxtalaşdırılması və ya şəxsi məlumatlarla bağlı iş zamanı yol verilən mexaniki səhvlər bir çox sahələrin zərər çəkməsinə səbəb olurdu ki, artıq məlumatların avtomatlaşdırılması zamanı bu problemlər öz həllini tapmaqdadır.

Dövlət orqanlarında kağız daşıyıcılarda mövcud olan məlumatların elektronlaşdırılması, vahid  bir sistem şəklində toplanılması səmərəliliyin artırılmasına, eyni zamanda münasibətlərdəki şəffaflığa və qənaətə öz müsbət təsirini göstərməkdədir. Artıq kağız üzərində sənədləşmə, imza və möhürlə təsdiq etmə getdikcə tarixdə qalır, yerini yeni texnologiyalara verir.

Yaradılan yeni xidmətlərin əsas məqsədlərindən biri də dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı yaranan münasibətləri maksimum azaldaraq elektron müstəviyə keçirmək, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Elektron hökumət portalı vasitəsi ilə göstərilən xidmətlər əvvəlki dövrdə göstərilən xidmətlərdən daha surətli, zaman və maliyyə baxımından daha effektiv olması ilə seçilir.

Portal vasitəsi ilə təqdim edilən 12 elektron arayış vətəndaşların xüsusi diqqətini cəlb edib. Həmin arayışlar müxtəlif dövlət qurumu tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardır ki, xidmət yaradılana qədər bu arayışların əldə edilməsi uzun zaman tələb edirdi. Günümüzdə bu xidmətlərdən istənilən vaxt, sərbəst formada və onlayn şəkildə istifadə olunur. Eyni zamanda portal vasitəsi ilə dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, dövlət orqanlarına onlayn müraciətlər göndərmək və onları onlayn qaydada izləmək kimi xidmətlər də mümkündür.

2012-ci ilin aprel ayından istifadəyə verilən elektron hökumət portalında ilkin olaraq cəmi 16 dövlət qurumu üzrə 50-ə yaxın elektron xidmət inteqrasiya olunmuşdursa, hazırda portal üzərindən xidmət göstərən qurumların sayı 42, təqdim edilən xidmətlərin sayı isə 461-dir. Sevindirici haldır ki, bununla yanaşı portaldakı elektron xidmətlərdən istifadə sayı da dinamik şəkildə artmaqdadır. Təbii ki, bu da öz növbəsində vətəndaşların ictimai həyatına öz müsbət təsirini göstərir. Daha çox sosial tələbatı olan, istifadəsi asan və daha çox ehtiyac duyulan elektron xidmətlərdən istifadə edənlərin sayı günbəgün artmaqdadır. Portal vasitəsilə göstərilən xidmət növləri artdıqca, vətəndaşlar tərəfindən elektron xidmətlərə maraq daha da artır. Qeyd edək ki, keçən dövr ərzində portala müraciət edənlərin sayı 2,6 milyonu ötmüşdür ki, bu da son iki illə müqayisədə 10 dəfə artım deməkdir. Məlumat üçün onu da bildirmək istərdik ki, son zamanlar portal vasitəsilə ən çox istifadə edilən xidmətlərdən biri də “əmək müqavilələrininin elektron qeydiyyatı”dır.

Son vaxtlar əmək münasibətlərinin rəsmiləşdirilməsi və qeydiyyata alınması zamanı müşahidə edilən bəzi uyğunsuzluqlar hüquqi tənzimlənmə mexanizminin təkmilləşdirilməsini tələb edirdi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş sonuncu dəyişikliklər zamanı bu problem öz həllini tapdı ki, bu da birbaşa elektron hökumət portalı ilə əlaqədar idi.

1)Məcəllənin 49-cu maddəsinin birinci maddəsinin birinci bəndinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2)Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir.

Məlumdur ki, bu dəyişikliklər öz növbəsində müəssisələrin fəaliyyətlərinin qanun çərçivəsində tənzimləməsində məsuliyyətlərinin artırılmasına xidmət edir. Lakin hələ də sirr deyil ki, ölkəmizdə əmək hüquqlarının pozulması ən çox rast gəlinən inzibati xətalardandır. Xüsusən də, onu qeyd etmək yerinə düşər ki, özəl müəssisələrdə işçilərin əmək hüquqları kobud şəkildə pozulur. Baxmayaraq ki, qanunvericilikdə müxtəlif cərimələr nəzərdə tutulub, təəsüf hissilə bildirmək istəyirik ki, işçilər əmək müqaviləsi bağlanmadan qeyri-qanuni formada işə cəlb olunurlar. Halbuki, əmək müqaviləsi işçi-işəgötürən münasibətlərinin təminatı olmaqla, hər iki tərəfin də hüquqlarını qoruyur.

İlk baxışdan istifadəsi asan görünsə də, əsas şərtlərdən biri odur ki, bu məlumatların işəgötürənlər tərəfindən elektron sistemə daxil edilməsinin hüquqi əsasları olmalıdır. Belə ki, təcrübələr zamanı ortaya çıxan problemlər nəticəsində aydın oldu ki, bəzi işəgötürənlər tərəfindən işçilər barəsindəki məlumatlar portala daxil edilən zaman baş vermiş qanunauyğunsuzluqlar səbəbindən işçilərlə müəyyən problemlər yaşanmışdır. Buda işçilərin hüquqlarının pozulmasıdır ki, sonunda belə hallara görə işəgötürənlər ciddi məsuliyyət daşıyırlar. Belə xoşagəlməz halların yaşanmaması üçün işi bu sahə üzrə peşəkar hüquqşünaslara həlavə etmək məsləhət görülür.

Qeyd edək ki, əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işəgötürən-işçi münasibətlərinə nəzarətin gücləndirilməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.

Ümumilikdə, elektron portal vasitəsilə vətəndaşlar bir çox yeniliklər əldə etmişdilər ki, indiyədək bu məlumatların əldə olunması bu qədər asan olmamışdır. Buna misal olaraq, əmək müqavilələri bildirişləri və DSMF hesabı barədəki məlumatları göstərmək olar. Əvvəlki illərlə müqayisədə artıq vətəndaşlar istənilən vaxt işəgötürənə heç bir müraciət etmədən bu məlumatları sərbəst şəkildə əldə edə bilirlər.   

Demək olar ki, bu istiqamətdə atılan bütün addımlar vətəndaşların xeyrinə olmaqla yanaşı, bu xidmətlər öz növbəsində işçi ilə işəgötürən arasındakı bəzi neqativ məsələlərin leqallaşmasına və dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət töhvəsini verir. Bunun üçün başlıca şərt vətəndaşların elektron xidmətlərə inteqrasiya olunmasıdır ki, vətəndaşlar hələ də bu məsələlərdə bəzi çətinliklər yaşayır.

Sonunda onu da qeyd etmək istərdim ki, 20 illik təcrübəsinə əsaslanan “BSC” MMC dövlət orqanları tərəfindən elektron hökumət portalı vasitəsi ilə təqdim olunan bütün elektron xidmətlərlə bağlı sizin yaranmış çətinliklərinizi aradan qaldırmaqda, elektron xidmətlərdən istifadə zamanı sizə hüquqi dəstəyin verilməsində və ən əsası sizin elektron xidmətlərə inteqrasiya etməyinizdə öz peşəkar komandası ilə hər an sizlərə yüksək səviyyəli xidmət göstərməyə, eləcədə sizinlə bu sahədə yaxından əməkdaşlıq etməyə hazırdır.

“BSC” MMC-nin hüquqşünası

Orxan Quliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275