ƏMLAK

ARDNF ötən il daşınmaz əmlaka 115 mln. dollar investisiya yatırıb
03 İYUN
179

ARDNF ötən il daşınmaz əmlaka 115 mln. dollar investisiya yatırıb

2019-06-03 18:13:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ildə daşınmaz əmlaka 115 mln. ABŞ dolları həcmində investisiya edib.

Fins.az xəbər verir ki, Report bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəyinə əsasən xəbər verir.

Fondun daşınmaz əmlak portfeli həmin tarixə 2 142 392 602 dollar təşkil edib.

Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 47,4%-i birbaşa investisiyaların, 2,7 %-i borc fondlarına edilən investisiyaların, 34,5%-i fond investisiyaların və 15,4%-i müştərək investisiyaların payına düşüb. Daşınmaz əmlaka birbaşa investisiya həcmlərinin xüsusi çəkisinin digər subportfellərlə müqayisədə daşınmaz əmlak portfelində daha yüksək (47,4%) olmasına baxmayaraq gəlirlik faizi əhəmiyyətli dərəcədə aşağı olub. Digər subportfellər üzrə xüsusən də müştərək investisiyaları üzrə gəlirlik daha yüksək 42,03% olub, fond investisiyaları üzrə 15,76%, borc fondları üzrə isə 13,81%, ümumilikdə isə daşınmaz əmlak portfeli üzrə məzənnə fərqi nəzərə alınmadan əldə olunan gəlirlik 9,90 % təşkil edib.

Qeyd edək ki, Fond Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 120 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən və dəyəri 3269 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət kompleksinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 186,1 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə, Cənubi Koreyanın Seul şəhərinin 203 Eurojiro2-ga, Jung-gu ünvanında yerləşən, dəyəri 515,5 milyard Cənubi Koreya vonu olan “Payn Avenyu A qülləsi” ofis binasına, Yaponiyanın paytaxtı Tokyo şəhərində yerləşən və dəyəri 58,4 milyard yapon yeni (bu ticarət mərkəzinin 98%-i Fonda məxsus olduğundan, dəyəri 57,2 milyard yen təşkil edir) təşkil edən ticarət mərkəzinə, İtaliyanın Milan şəhərinin Via Meravigli 7 ünvanında yerləşən və dəyəri 99,6 milyon avro təşkil edən “Palazzo Turati” ofis binasına investisiya edib. Bundan əlavə “PGIM Real Estate”, “AXA Investment Management”, “PAG Real Estate”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “GreenOak”, “Starwood” və “Angelo, Gordon & Co” şirkətləri tərəfindən idarə olunan fondlara investisiyalar, həmçinin, “PGIM Real Estate”, “Gaw 37 Capital”, “BlackRock”, “Walton Street”, “KIC” və “AroundTown” ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə müştərək investisiyalar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269