ƏMLAK

Mobil torpaq laboratoriyaları yerlərdə: Xaçmazda torpaq analizləri birbaşa təsərrüfatlarda aparılıb
17 MAY
264

Mobil torpaq laboratoriyaları yerlərdə: Xaçmazda torpaq analizləri birbaşa təsərrüfatlarda aparılıb

2019-05-17 14:45:00

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin birbaşa əkin sahələrində və yerlərdə müəyyən edilməsi ilə bağlı işlərini davam etdirir. Bu işlər komitənin mobil torpaq və bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Belə ki, mayın 17-də mobil torpaq laboratoriyaları Xaçmaz rayonun bir neçə kəndində olan fermer təsərrüfatı ərazilərində olub, birbaşa sahələrdə analiz aparıb.

Mobil laboratoriyaların əsas məqsədi torpaqların münbitliyinin öyrənilməsi, əkin işləri zamanı səmərəliliyin maksimum səviyyəyə çatdırılmasına nail olmaqdır. Buna uyğun olaraq fermerlər torpaqda əkin işlərini görməzdən əvvəl investisiya qoyacaqları ərazilərin xüsusiyyətlərini öyrənməlidirlər.

Kənd təsərrüfatı işləri ilə məşğul olanlar bu məsələləri qısa zamanda, öz əkin sahələrində öyrənmək imkanına malikdir. Xaçmazın bir neçə kəndində olan mobil laboratoriyalar iri və kiçik təsərrüfatlarda, bağlarda, həyətyanı torpaqlarda analizlər aparıb, əkin yerlərinin keyfiyyət və münbitliyini ölçüb. Eyni zamanda, sahələrdə bitkilərin də analizləri aparılıb.

Rayonun iri meyvə bağlarında olan mobil laboratoriyalar torpağın münbitliyini, quraqlıq və şoranlaşma dərəcəsini müəyyənləşdiriblər. Məhsuldarlıqla bağlı düzgün qərarların qəbulu üçün torpaq analiz edilib, onun münbitliyinin artırılması ilə əlaqədar tövsiyələr, təkliflər verilib. 

Kiçik təsərrüfatlarda, kəndlinin torpaqlarında da xidmət göstərən mobil laboratoriyalar torpağın “qida rasionu”nu, əkin sahələrinin yararlı olub-olmamasını düzgün müəyyənləşdirib. Torpaq nümunəsi mobil laboratoriyalarda quraşdırılmış modern cihazlar vasitəsilə yerindəcə analiz edilib. Analizlər nəticəsində torpaqların ən vacib göstəriciləri – ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu təyin olunub. Fermerlərə təhlillərin cavabını əks etdirən sənədlər təqdim edilib. Kəndlilər yaxşı məhsul almaq üçün lazımi, o cümlədən  aqrokimyəvi  tədbirlər barədə də operativ olaraq məlumat alıblar.

Ümumilikdə bu günə qədər mobil torpaq laboratoriyaları vasitəsilə bir neçə rayonda 20 min hektardan artıq ərazidə tədqiqat işləri aparılıb. Bunun da çox hissəsi pambıq sahələrinin, taxılçılığın, tütünçülüyün, bağçılığın və digər əkin-biçin yerlərinin payına düşür.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə təkcə səyyar torpaq laboratoriyasının imkanlarından deyil, həm də Bakıda fəaliyyət göstərən stasionar laboratoriyalardan istifadə etməklə fermerlərə xidmət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir. ­­­­­­Qeyd edilməlidir ki, indiyə kimi 3 milyon hektara yaxın ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində 600 min hektardan çox ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib. Bundan başqa 3 milyondan artıq bitki nümunələri də laboratoriya şəraitində analiz edilib.

Mülkiyyətçilərtorpaq analizlərinin aparılması, onun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə Komitəyə müraciət edə bilərlər.Mobil torpaq laboratoriyaları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün (012) 533-19-58 və ya (055) 341-73-50 telefon nömrələri ilə əlaqə saxlamaq kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257