ƏMLAK

Güzəştli mənzilləri ipoteka ilə almaq istəyənlərin NƏZƏRİNƏ
11 YANVAR
614

Güzəştli mənzilləri ipoteka ilə almaq istəyənlərin NƏZƏRİNƏ

2019-01-11 11:56:00

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən reallaşdırılan  güzəştli mənzillər layihəsini mənzilə ehtiyacı olan  vətəndaşlar səbrsizliklə gözləyirlər.

Artıq MİDA-nın birinci  layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin ilk satışı  başa çatıb. Mənzillərin növbəti seçim prosesi isə 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 8 fevral 2019-cu il tarixi saat 11:00-dək davam edəcəkdir. Satışa 1, 2, 3 otaqlı olmaqla ümumilikdə 174 mənzil çıxarılacaq.

Diqqət çəkən məqamlardan biri birinci seçim prosesində seçilmiş 324 mənzildən 278-nin alqı-satqısının həyata keçirilməsidir. Bunu bəzi vətəndaşların bu məsələyə məsuliyyətsiz  yanaşması kimi izah etmək olar. Belə ki, bəzi vətəndaşlar öz gəlirlərini nəzərə almadan mənzil seçimində iştirak etmişlər. Nəticədə onlar mənzil seçimini uğurla həyata keçirsələr də, gəlirləri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaitləri hesabına almağa kifayət etmədiyinə görə mənzilə sahib ola bilməmişlər. Bununla da onlar mənzil ala biləcək digər vətəndaşların bu imkandan yararlana bilməsinə də mane olurlar.

Ekspert Nüsrət Məmmədov Fins.az-a deyir ki, güzəştli mənzilləri güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaşlar mənzil seçməzdən öncə mütləq MİDA ilə əməkdaşlıq edən agent banklara yaxınlaşmalı və güzəştli ipoteka krediti əldə edib-etməyəcəyini dəqiqləşdirməlidirlər. Əks halda onlar alqı-satqı prosesində çətinliklərlə üzləşə bilərlər. Ona görə də vətəndaşlara tövsiyə olunur ki, bu məsələdə diqqətli olsunlar.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin ilk satışının nəticəsinə əsasən mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

Güzəştli mənzillərin satış qiyməti orta bazar qiymətindən aşağı  olduğu və müddəti 30 ilədək, 10% ilkin ödənişli güzəştli ipoteka krediti vəsaiti hesabına təklif olunduğu üçün bu mənzillərə tələbat çoxdur. Bununla yanaşı bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271