ƏMLAK

2018-ci ilin son ƏMLAK HƏRRACI
25 DEKABR 2018
349

2018-ci ilin son ƏMLAK HƏRRACI

2018-12-25 14:37:00

Dekabrın 25-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Fins.az-a bildiriblər ki, bu ilin son hərracına 12 dövlət əmlakı üzrə 24 sifariş qəbul edilib. Bu dəfə 1 kiçik dövlət müəssisəsi və 4 nəqliyyat vasitəsi hərracda rəqabət yaradıb.

Kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşir. Yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərmiş obyektin ümumi faydalı sahəsi 32 kvadratmetrdir. 1709 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin iqtisadi potensialını artırır, sahibinə geniş biznes imkanları qazandırır. İki investorun iştirak etdiyi rəqabətli hərracda adıçəkilən dövlət əmlakı 70 min manata özəlləşdirilib. Bu kateqoriyadan olan dövlət əmlaklarından biri də paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsindəki mağaza anbarıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlakın ümumi faydalı sahəsi 85.7 kvadratmetrdir. Mağaza anbarının müxtəlif xidmət sahələri üzrə fəaliyyəti ilə investor üçün gəlirli sahəyə çevrilə bilər. Hərracda özəlləşən qeyri-yaşayış sahəsi Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsindədir. Bu obyektin ümumi faydalı sahəsi 17,4 kvadratmetrdir.

Budəfəki hərracda vətəndaşların maraq göstərdiyi nəqliyyat vasitələri "Qaz", "Mitsubishi", "Ford", "Nissan" və digər markalara aiddir. Rəqabət yaradan avtomobillərdən biri "Hyundai Sonata" markalı nəqliyyat vasitəsidir. Altı min manat ilkin qiymət təyin olunmuş bu dövlət əmlakını qalib iştirakçı 9 min 800 manat təklif etməklə özəlləşdirib.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın 8-də keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsində investorların və digər şəxslərin rahat iştirakını təmin etmək üçün prosesə innovativ üsulları cəlb etməkdədir. Müasir elektron prosedurlar ilə hər kəs məkan və zaman fərqi olmadan müraciət şəraiti ilə təmin olunur. Eləcə də iştirak statusu qazanan şəxslər heç bir yerə getmədən hərraclara onlayn formada qoşulmaqla bütün növ dövlət əmlaklarını özəlləşdirə bilir. Sifarişçilərlə yanaşı, digər şəxslərin də açıq və şəffaf hərracların gedişatını canlı və onlayn formada izləmək imkanı mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272