ƏMLAK

Azərbaycanla Almaniya arasında özəlləşdirmə ilə bağlı əməkdaşlıq daha da genişlənir
05 DEKABR
108

Azərbaycanla Almaniya arasında özəlləşdirmə ilə bağlı əməkdaşlıq daha da genişlənir

2018-12-05 10:41:00

Azərbaycanla Almaniya arasında özəlləşmə ilə bağlı əməkdaşlıq daha da genişlənir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ilə Almaniya Federativ Respublikası Özəlləşdirmə Qurumunun rəhbəri Stefan Ramge arasında Berlin şəhərində ikitərəfli görüş keçirilib. Məqsəd daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində Almaniyanın aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulması, əməkdaşlığın inkişafı olub. Eyni zamanda, bu sahədə birgə fəaliyyət imkanları və təcrübə haqqında geniş müzakirələrin aparılması da görüşün əsas məqsədlərindən oldu.

Komitə sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar son nəticədə makroiqtisadi göstəricilərin, habelə ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Həyata keçirilən iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində də mühüm tədbirlər reallaşdırılmaqdadır. Özəlləşmə prosesinin müasir yanaşmalar əsasında həyata keçirilməsi, əmlak idarəçiliyində modern üsulların tətbiqi, bu sahədə şəffaflığın maksimum artırılması istiqamətində ardıcıl işlər görülüb. Nəticədə bu sahədə iqtisadi fəallıq güclənib, biznes mühiti daha da yaxşılaşdırılıb.

Komitə sədri bildirib ki, müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu baxımdan daşınmaz əmlak idarəçiliyini, özəlləşdirmə proseslərini əhatə edən elektron xidmətlər əhalinin istifadəsinə verilib.

Qeyd edilib ki, hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməyə çıxarılır. Özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracın istifadəyə verilməsi investorların işini xeyli sadələşdirib. Artıq özəlləşmə ilə bağlı hərraclarda iştirakçı statusu əldə etmək və prosesdə əmlaka sahib olmaq prosedurları onlayn rejimdə və elektron qaydada həyata keçirilir. Digər innovativ yeniliklərdən biri də hərrac prosesini internet resursları üzərindən canlı rejimdə izləmək imkanının yaradılmasıdır.

Özəlləşdirmə prosesində şəffaflığın daha da artırılması, potensial yerli və xarici investorlar üçün optimallığın və informasiya təminatının genişləndirilməsi məqsədilə “Özəlləşdirmə portalı” fəaliyyət göstərir. Portal vasitəsilə özəlləşdirilməyə çıxarılan dövlət əmlakı barədə bütün iqtisadi və maliyyə göstəricilərini özündə ehtiva edən geniş spektrli məlumatlar təqdim olunur. Portala baxış sayı artıq 2 milyonu ötüb.

Vurğulanıb ki, Azərbaycanda hazırda iri müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur. Belə müəssisələrin özəlləşdirilməsinə xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Maşınqayırma, metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi və digər imtiyazlar müzakirə edilir. Həmçinin özəlləşdirilmədən qabaq həmin dövlət əmlaklarının restrukturizasiyası aparılır.

Almaniya Federativ Respublikası Özəlləşdirmə Qurumunun rəhbəri Stefan Ramge də görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir ölkələr arasında dövlət əmlakının idarəedilməsi və özəlləşdirmə sahəsində təcrübə mübadiləsinin aparılması, tətbiq olunan yeniliklər və innovativ layihələrin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması baxımından çox yaxşı vasitədir.

Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256