ƏMLAK

«Dövlət müəssisələrinin borcları və yararsız əmlakları silinir» - MÜSAHİBƏ
08 NOYABR
140

«Dövlət müəssisələrinin borcları və yararsız əmlakları silinir» - MÜSAHİBƏ

2018-11-08 13:17:00
Azərbaycanda dövlət əmlaklarının qorunması, səmərəli istifadə edilməsi və uğurla özəlləşdirilməsi günün prioritetlərindəndir.Fins.az xəbər verir ki, xüsusilə iri dövlət müəssisələrinə investorların cəlb edilməsi əsas məsələlərdən sayılır. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət paylı müəssisələrin sağlamlaşdırılmasına daha çox diqqət yetirir. Artıq bununla bağlı bir çox qərarlar qəbul edilib, borcların silinməsinə start verilib. Bu sahədə görülən işlər, investorların dövlət müəssisələrinə cəlb edilməsi üçün atılan addımlarla bağlı «Daşınmaz Əmlak»ın suallarına ƏMDK-nin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdiri İlham Pənahov cavab verir:  

- İlham müəllim, hazırda dövlət əmlaklarının sayı nə qədərdir? Bunlar hansı əmlaklardır?

 Dövlət əmlakının idarə edilməsi dövlət müəssisələrinin əmlakının uçotundan başlayır. Hazırda 5500-yə yaxın  dövlət müəssisəsinin daşınmaz əmlakının - bina və tikililərin, qurğuların  uçotu aparılıb. Bunun üçün Dövlət Əmlakının Registri var. Registr haqqında əsasnaməyə uyğun olaraq dövlər müəssisələri ildə 1 dəfə öz daşınmaz əmlaklarının qeydiyyat vərəqələrini təqdim edirlər. Həmin vərəqələrdə müəssisələrin balansında olan əmlaklar göstərilir. Təqdim edilən hesabatlarda mədaxil və məxaric edilən bina və tikililərin, digər daşınmaz əmlakların uçotu təhlil edilir, daşınmaz əmlaklarda artım və ya azalmalar qeydə alınır. Azalma halları qanunvericiliyə zidd olanda, müəssisələrin balanssaxlayıcı təşkilatlarına müraciətlər edilir.

Yaşayış binaları əsasən, rayon Mənzil Təsərrüfatı Birliklərinin balansındadır və onlar bu barədə hesabat verirlər. Həmin hesabatlara əsasən, hazırda dövlətə məxsus yaşayış binalarının sayı 44 187 ədəd, qeyri-yaşayış binaları 56 063 ədəd, sosial obyektlər isə 8 755 ədəddir.

-Dövlət əmlakının qorunub saxlanılması və daşınmaz dövlət əmlakının uçotunun aparılması ilə bağlı vəziyyət nə yerdədir?

- Dövlət əmlakının qorunub saxlanması üçün  illik xüsusi hesabatlar təqdim edilir. 2008-ci ildə  “Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” təsdiq edilib. İldə bir dəfə - martın 30-dək təqdim edilən bu hesabatlar dövlət əmlakının idarə edilməsi və qorunub saxlanması üçün mühüm sənədlərdir. Hesabatların 98%-ə yaxını  elektron qaydada təqdim edilir və avtomatlaşdırılmış sistem vasitəsilə təhlil olunur. Orada da balansda olan artımlar və azalmalar təhlil edilərək izlənilir. Əgər qanunvericiliyə zidd azalma aparılıbsa, bununla bağlı balanssaxlayıcı quruma müraciət olunur və əsaslandırılmış sənədlər tələb olunur. Hesabatlar gecikdikdə, ona maddi-məsul şəxslər barəsində protokollar tərtib edilir və inzibati tənbeh qaydasında müdir və baş mühasib  cərimələnir.  Cərimənin məbləği məsul şəxslər üçün 700 manat müəyyən edilib.

-  Dövlət əmlaklarının yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin monitorinqi nə göstərir?

- Dövlət əmlakının özəlləşdirilməsi barədə II dövlət proqramına əsasən, özəlləşən dövlət müəssisəsinin ərazisi özəlləşmə zamanı tərtib edilən texniki pasportun sərhədləri civarında olan ərazi müəyyən olunur. Yəni müəssisənin ərazisi həmin pasport əsasında müəyyənləşir. Onu özəlləşdirmək üçün həmin şəxs ən azı müəssisənin səhmlərinin 80%-ni özəlləşdirməlidir. Özəlləşməsi başa çatmayan dövlət paylı müəssisələrin torpaq sahələri  texniki pasport əsasında nəzarətdə saxlanılır. Ayda 1 və ya 2  dəfə dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi, eləcə də Komitənin yerli qurumları tərəfindən həmin müəssisələrdə monitorinqlər keçirilir, ərazisi nəzarətdə saxlanılır. Əgər hər hansı dəyişiklik olarsa, operativ qaydada rəsmi məlumat verilir.

- Hazırda dövlət əmlakının korporativ idaredilməsi və dövlət paylı səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin tətbiqi geniş müzakirə edilir. Belə müəssisələrdə səhmdarların ümumi yığıncağının keçirilməsi, müşahidə şurasının və təftiş komissiyasının yaradılması sahəsində vəziyyət nə yerdədir?

- Bu uçot ümumilikdə bütün dövlət müəssislərinə aiddir. Ancaq dövlət əmlakının idarə edilməsində artıq “Dövlət əmlakının özəlləşdirilməsi üzrə II Dövlət Proqramı”na uyğun olaraq özəlləşməyə açıq olan müəssisələr üstünük təşkil edir. Hazırda təxminən 140 dövlət paylı səhmdar cəmiyyət, 35 idarəetmədə olan müəssisə vardır. Eyni zamanda istehsalat və xidmət sahələri də mərkəzi idarəetmə orqanının tabeliyindədir. Onların sayı 800-ə yaxındır. ƏMDK-nın və Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin Əsasnaməsinə uyğun olaraq biz səhmdar cəmiyyətlərdə  korporativ idarəetmə baxımından səhmdarların ümumi yığınçağının keçirilməsi ilə bağlı metodiki köməklik göstəririk. Səhmdar cəmiyyətdə idarə heyətinin sədri varsa, səhmdarların ümumi yığıncağını həmin şəxs təşkil edir. Əgər idarə heyəti yoxdursa, bu işi müşahidə şurası həyata keçirir. Səhmdrların sayı 50 nəfərdən artıq olan bütün müəssisələrdə müşahidə şurası və təftiş komissiyası yaradılır. Bu proses bu gün də davam edir. Hazırda 10-a yaxın müəssisədə səhmdarların ümumi yığıncağının keçirilməsi ilə bağlı metodiki köməklik göstərmişik. 45 gün qabaqcadan səhmdarların ümumi yığıncağı barədə elanlar verilir. Eyni zamanda 5 gün ərzində hər bir səhmdara gündəlikdə duran məsələlər də əlavə edilməklə  bildirişlər göndərilir.

-Son konfransda nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərdə müşahidə şurasının formalaşması təklif edildi. Bu sahədə hansı yeniliklər olacaq?

-Qanunvericiliyə əsasən, artıq  səhmdarların sayı 50 nəfərdən yuxarı olan səhmdar cəmiyyətlərdə müşahidə şurası və təftiş komissiyası yaradılıb. Hazırda 3 müəssisənin elanı verilib. Avqust ayında həmin müəssisələrdə səhmdarların ümumi yığıncağı keçiriləcək. Elanların yayılması prosesi bu gün də davam edir. Ümumi yığıncaqlarda səhmdar cəmiyyətin idarə heyəti öz maliyyə-təsərrüfat fəaliyyəti barədə səhmdarlara hesabat verir, audit rəyini təqdim edir.  Nəzarət səhm zərfi dövlətə məxsus olan müəssisələrdə 3 nəfərdən ibarət müşahidə şurası təşkil edilir. Onlardan 2 nəfəri ƏMDK-dan 1 nəfər isə müəssisədən olmalıdır. İdarə heyətinin sədri müşahidə şurasının sədri ola bilməz. Onlar bir-birinə nəzarət edirlər. Hər müəssisə 1 nəfərdən ibarət təftiş komisiyası müəyyənləşdirir. Həmin şəxs hesabatları, audit rəylərini təhlil edir.

-Ümumiyyətlə, belə müəssisələrin investorlar üçün daha cəlbedici olması və daha çevik idarə olunması üçün idarəetmədə hansı yeniliklər gözlənilir?

- Müəssisənin cəlbediciliyi əsasən onun fəaliyyəti ilə ölçülür. Əgər müəssisə rentabelli işləyirsə, artıq investor ona maraq göstərəcək. Çünki düşünür ki, həmin müəssisənin istehsal etdiyi məhsulların bazarda mövqeyi var, rəqabət qabiliyyətlidir. Əsas çalışırıq ki, müəssislərin fəaliyyəti təmin olunsun və öhdəliklərlə yüklənməsin. Bunun üçün əmlak və torpaq vergiləri ilə bağlı Nazirlər Kabinetinə və vergi orqanlarına müraciət ünvanlamışıq. Bu vergilər artıq yüklənmədir. Dövlət paylı müəssisələrin ərazilərinə görə torpaq vergiləri və əmlak vergiləri iri məbləğlərlə ölçülür. Bu da müəssisələrin özəlləşdirilməsinə mənfi təsir edir. Bundan başqa, biz müraciət etmişik ki, dövlət sifarişləri ilə bağlı tenderlərdə dövlət paylı müəssislərin iştirakı təmin edilsin.

- Dövlət paylı müəssisələrin sağlamlaşdırılması ilə bağlı hansı tədbirlər görülür?

- Dövlət müəssisələrinin sağlamlaşması prosesi, restrukturizasiya - sanasiya tədbirləri bu gün də davam etdirilir. Bu tədbirlər əsasən 2 istiqamətdə aparılır. İlkin mərhələdə müəssisələrin  yararsız, istifadə olunmayan əmlaklarının silinməsinə diqqət yetirilir.  Çünki bunlar nizamnamə kapitalına və hərracda satış qiymətlərinə birbaşa təsir edən amillərdir. O da investorların  marağında deyil.

İkinci mərhələdə isə müəssisələrin borclarının sağlamlaşdırılması aparılır. Buraya vergi, Dövlət Sosial Müdafiə Fonduna olan borclar, qiymətləri dövlət tərəfindən tənzimlənən mal-materiallar, iş və xidmətlərə görə olan borclar daxildir. Əmək haqqı borclarının silinməsi barədə qərar qəbul edilmir. Onu almaq hər bir işçinin hüququdur. Qanuna əsasən, vergi borclarının faiz hissəsinin silinməsi mümkündür. İndiyədək özəlləşməyə açıq elan edilən dövlət paylı müəssisələr üzrə 4,7 milyon manata yaxın faiz borcları   silinib.  Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən, vergi orqanları ancaq son 5 ilin vergi borclarını tələb edə bilərlər. Bununla bağlı müəssisələr vergi orqanlarına müraciət edərək 5 ildən əvvəlki illərə aid olan əsas və faiz borclarının silinməsini istəyirlər. Dövlət paylı müəssisələrdə indiyədək 700 min manata yaxın bu tipli borc silinib.

DSFM-yə olan borclarla bağlı prezidentin fərmanı oldu. Fərmanla təsdiq edilən qaydalara əsasən Fonda olan borcların silinməsi 3 istiqamətdə aparıldı. 2006-cı il 1 yanvar tarixinədək yaranan borclar və 2018-ci il 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının faiz borcları tam məbləğdə silindi. Silinən borcun ümumi məbləği 9,6 milyon manata yaxındır. Proses indi də davam edir.  İkinci mərhələdə 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinədək olan müddətdə yaranmış və  2018-ci il 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi qaydalarının pozulmasına görə maliyyə sanksiyaları  üzrə borclar tam silindi. 2015-ci il 1 yanvar tarixindən yaranan və 2018-ci il 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının maliyyə sanksiyalarının silinməsi isə davam edir.  Burada müəyyən şərtlər də vardır. Əgər müəssisə DSMF-yə olan faiz borclarının 10%-ni 2018-ci ilin aprel-may aylarında ödəyərsə, məbləğin qalan hissəsi tam silinir. Artıq bu müddət başa çatıb. Bununla bağlı dövlət idarəetməsinində olan müəssisələrin DSMF-yə olan 500 min manatdan artıq borcları silindi. Aprel-iyul aylarında isə 30%-lik hissəsini ödəyərsə, borc tam silinəcək. Aprel-sentyabrda isə 50% ödənildikdə DSFM-yə olan faiz borcları tam silinəcək. Ümumilikdə indiyədək DSMF-yə olan 19,5 milyon manata qədər əsas və faiz borclarının silinməsinə nail olunub.

-   Bəs həmin müəssisələrin vergiyə və DSMF-yə olan borclarının ümumi məbləği  nə qədərdir?

-   Dövlət paylı müəssisələrin sırasında səhmdar cəmiyyətlər üzrə DSMF-yə 32 milyon manat, dövlət idarəetməsində olan müəssislər üzrə 1,5 milyon manat, ümumilikdə  33 milyon manatdan artıq  borc yaranıb. Vergilər üzrə borclar dövlət paylı müəssisələr üzrə 23,5 milyon manatdır. Burada müəssislərin fəaliyyətindən asılı olmayan borclar da yer alıb - əmlak və torpaq vergisi. Dövlət paylı müəssisələrin vergi borclarının xüsusi çəkisində 75%-ə yaxın hissəsini bu vergilər təşkil edir.

-  Sağlamlaşdırma işləri daha hansı istiqamətlərdə aparılır?

-  Prezidentin müvafiq fərmanına əsasən, Nazirlər Kabinetinin qərarı ilə dövlət paylı müəssisələrdə qeyri-profil müəssisələrin siyahısı hazırlanıb təsdiq edildi. Aryıq 300-dən yuxarı belə obyekt müəyyən edilib.   Onların özəlləşməyə açılması ilə bağlı qərar verilib. Həmin obyektlərin  inventarizasiya-monitorinq tədbirləri görüldü. Hazırda onların da özəlləşməsi prosesi gedir.

-Hazırda bu işlər hansı müəssisələrdə aparılır?

-   Borcların silinməsi prosesi bütün müəssisələrdə gedir. Özəlləşmə qabağı İstehsalat və Xidmət Müəssisələri Mərkəzinin balansında olan yararsız əmlakların silgisi Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq aparılır. 2018-ci ildə 9 müəssisə üzrə 181 yararsız əmlak balansdan silinib. Bunlardan 83-ü Rabitə Xidməti və Elektronaviqasiya müəssisəsinin, 48-i  Nərimanov rayonundakı 28 saylı Cörəkbişirmə müəssisəsinin, 24-ü isə Xətai rayonundakı 28 saylı Cörəkbişirmə müəssisəsinin payına düşür.

-   Dövlət paylı müəssisələrin sağlamlaşdırılması üçün hansı xarici təcrübələrin tətbiqi nəzərdə tutulur?

- Komitənin beynəlxalq əməkdaşlıq şöbəsi bizə vaxtaşırı beynəlxalq təcrübə ilə bağlı məlumatlar verir. Əsas keçmiş SSRİ tərkibində olan ölkələrin təcrübələrinə baxırıq. Qazaxıstan, Pribaltika ölkələri, Ukrayna, Belorusiya ilə əməkdaşlıq edirik. Dövlət əmlakının idarə edilməsi ilə bağlı Dünya Bankının nümayəndələri ilə birgə layihə işlənir. Artıq iri dövlət şirkətlərində müşahidə şuralarının yaradılması ilə bağlı  tədbirlər planı təsdiq edilib. Hələlik siyahıda 20 dövlət müəssisəsi yer alıb. Orada həmin iri şirkətlərdə müşahidə şurası institutunun formalaşması və onunla bağlı nizamnaməyə  dəyişikliklərin edilməsi tapşırılıb. İri şirkətlərdə təşərrüfat fəaliyyətində şəffaflığın təmin edilməsi üçün vahid məlumat bazasının yaradılması proqramı üzərində işləyirik. Burada maliyyə uçotu, kadr uçotu və əmlakın uçotu əksini tapacaq. Bununla bağlı təkliflər paketini Nazirlər Kabinetinə təqdim etmişik. Burada Dünya Bnakının tövsiyyələrindən yararlanmışıq.

-  Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbat necə müəyyən edilir?

-Bilirsiz ki, cənab Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Strateji yol xəritəsi təsdiq edilib. Həmin sənəddə milli iqtisadiyyat perspektivi üzrə bənddə  müəssisələrin qeydiyyatının dövlət mülkiyyətçiliyinə əsaslanaraq aparılması meyarları əksini tapıb. Burada əsas 5 meyar götürülür. Əgər müəssisə  özəl sektor vasitəsilə idarə oluna bilmirsə, lakin cəmiyyət üçün vacib olan maraqların təmin edilməsini həyata keçirirsə o zaman dövlət müəssisəsi olaraq qeydiyyatdan keçirilə bilər. Burada milli maraqlar da nəzərə alınmalıdır. Dövlət üçün əhəmiyətli dərəcədə əlavə dəyər yaratdığı halda və təbii inhisarçılığın qarşısının alınması məqsədilə də müəssisələrin qeydiyyatının dövlət mülkiyyətçiliyinə əsaslanaraq aparılması tələb olunur. Sonuncu meyar isə məşğulluğun təmin edilməsinə əsaslanır.

Mərkəzi icra orqanlarının tabeliyində dövlət müəssislərinin yaradılmasına biz rəy veririk. Burada həmin 5 meyar əsas götürülür. Son 6 ayda biz 3 müəssisə yaratmışıq -  Abşeron Olimpia İdman Kompleksi, Ağcabədi Olimpia  idman kompleksi və  “Dövlət Aqrar Ticarət Şirkəti” MMC. Bundan əlavə 4 müəssisənin təsis edilməsinə isə razılıq vermişik.

©FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258