ƏMLAK

Bakının yeni baş planı ictimaiyyətə açıqlanacaq
31 OKTYABR
442

Bakının yeni baş planı ictimaiyyətə açıqlanacaq

2018-10-31 16:03:00

Ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Komitə Bakı şəhərinin baş planının hazırlanması üçün “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston  Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini bu işə cəlb edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, hazırda Bakı şəhərinin baş planının hazırlanması üzrə işlər davam etdirilir.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır. Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur. İkinci mərhələdə Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır”.

Rəsmi məlumata görə, görülmüş işlərin nəticələri barədə noyabr ayı ərzində ictimaiyyətə məlumat veriləcək.

Yeni Baş plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu iradlardan sonra Komitə layihəyə yenidən baxılacağını bildirmişdi.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq. 

©modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258