ƏMLAK

“Daşınmaz əmlak bazarında qiymət dəyişikliyi gözləniləndir”
01 AVQUST
456

“Daşınmaz əmlak bazarında qiymət dəyişikliyi gözləniləndir”

2018-08-01 15:06:00

“Daşınmaz əmlak bazarı rəqabətli bazardır və burada minlərlə alıcı və satıcı var. Ona görə də bu sektorda qiymət tənzimlənməsindən söz gedə bilməz”.

Fins.az xəbər verir ki, bu sözləri paytaxtda daşınmaz əmlak qiymətləri ilə bağlı 7/24news-a müsahibə verən daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib.
Ekspert əlavə edib ki, hazırda bazarda ciddi dəyişiklik müşahidə olunmur, qiymətlərin demək olar ki, eyni səviyyədə qalıb:
“Bəzən olur ki, hər hansı müsbət və ya neqativ təsirlərin, amillərin nəticəsində qiymətlər hər hansı istiqamətdə dəyişə bilir. Hazırda stabillik olsa da, bu o demək deyil ki, bazarda ümumiyyətlə dəyişiklik yoxdur. Elə ərazilər var ki, orada qiymət artımı və ya azalması müşahidə olunur. Məsələn, ötən il bir sıra ərazilərdə 6 ay ərzində 15% artım baş verdi, daha sonra yenidən 15% azalma müşahidə olundu. Daşınmaz əmlakın belə bir xüsusiyyəti var ki, bazarda lokal yerləşmələr üzrə qiymət dəyişimi baş verir. Nümunə olaraq, Yasamalın öz alıcı kütləsi, Əhmədlinin öz alıcı kütləsi var. Müəyyən ərazilərdə birdən-birə tələbat artır və bu da müvəqqəti qiymət artımına səbəb olur bir müddət sonra yenidən qiymətlər azalaraq əvvəlki vəziyyətə düşür”.
Rəşad Əliyev payız mövsümündə daşınmaz əmlakın qiymətləri ilə bağlı proqnozlarını da söyləyib. O qeyd edib ki, qiymətlərdə dəyişiklik gözləniləndir:
“Daşınmaz əmlak bazarında bəzi siqmentlər üzrə mövsümi xarakterli dəyişikliklər baş verir, yəni, adətən, mənzil bazarında yay aylarında qiymətlər enməyə başlayır və payız qabağı müəyyən qədər aktivləşmə baş verərək qiymətlər eyni səviyyəyə qayıdır. Əslində ümumi bazarda dəyişiklik müşahidə etmirik, sadəcə qiymətlər korreksiyaya uğrayaraq əvvəlki vəziyyətinə qayıdır”.
Sonda ekspertimiz gələn il daşınmaz əmlak bazarındakı qiymətlərdə hərəkətliliyin müşahidə olunacağını da qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256