ƏMLAK

2006-cı ilin "Nissan”ı 2 min 350 manata satıldı - HƏRRAC
24 İYUL
462

2006-cı ilin "Nissan”ı 2 min 350 manata satıldı - HƏRRAC

2018-07-24 18:13:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 24-də keçirilən hərracda vətəndaşlar tərəfindən 12 dövlət əmlakına 17 sifariş verilib.

ƏMDK-dan verilən məlumata görə, elektron hərrac sistemi investorların vaxtına qənaəti təmin edir və onların onlayn formada müraciət etməsinə şərait yaradır. Budəfəki hərracda da bu üstünlüklərdən 2 nəfər istifadə edərək, elektron formada sifariş verib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Oğuz rayonunda yerləşən Filfili kənd klubudur. Torpaq sahəsi ilə birgə özəlləşdirilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 243,8 kvadratmetrdir. Sifarişçi 15 min manat ödəyərək bu əmlakın sahibinə çevrilib.

Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələrindən ikisi Nizami rayonunda digərləri isə Yasamal, Binəqədi və Suraxanı rayonlarındadır. Bu kateqoriyadan olan digər dövlət əmlaklarının ikisi Mingəçevirdə, biri isə Sumqayıtda yerləşir. Bakı şəhəri, Nizami rayonunda yerləşən, ümumi faydalı sahəsi 70 kvadratmetr olan əmlakdan müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə etmək olar. Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 34 kvadratmetr olan əmlak üzrə hərrac qalibi olan investor bu obyekti yaxşı gəlir mənbəyi olan xidmət sahəsinə çevirə bilər.

Ümumi faydalı sahəsi 919,7 kvadratmetr olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində təsərrüfat anbarının yarımçıq tikilisinə ilkin qiymət torpaq sahəsi ilə birgə 15 min manat təyin olunub. İnvestor təyin olunan bu məbləği ödəyərək dövlət əmlakını özəlləşdirib. Hərracda sifariş verilmiş “Nissan” markalı nəqliyyat vasitəsinin buraxılış tarixi 2006-cı ildir. İştirakçı 2 min 350 manat ödəyərək Yaponiya istehsalı olan avtomobilə sahib olub.

Qeyd edək ki, ötən 6 ayda dövlət əmlaklarının özəlləşdirilməsi istiqamətində 100-dən çox hərrac keçirilib. Bu hərraclarda 500-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Vətəndaşlar komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” portalının müvafiq bölməsinə daxil olmaqla keçirilən hərracların nəticələri ilə tanış ola bilər.

ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 31-də keçiriləcək. Belə ki, iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyət, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259