ƏMLAK

Bir mənzil iki nəfərə necə satıldı? – MƏHKƏMƏ QƏRARI
23 APREL
397

Bir mənzil iki nəfərə necə satıldı? – MƏHKƏMƏ QƏRARI

2018-04-23 16:02:00
Azərbaycanda daşınmaz əmlak və tikinti sektoru inkişaf etdikcə bu sahədə mübahisələr və məhkəmə prosesləri də artmaqdadır. Geniş yayılan hallardan biri də yeni tikilən yaşayış binalarındakı mənzillərin eyni vaxtda bir neçə nəfərə satılmasıdır. Fins.az xəbər verir ki, bir qədər əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir mənzilin iki alıcıya satılması ilə bağlı maraqlı bir mübahisəni araşdırıb və ona qədər olan qərarları ləğv edib.

 11 il əvvəl bağlanan müqavilə
İşin materiallarından məlum olur ki, adı çəkilən mübahisənin kökü 2007-ci ilə gedib çıxır. Həmin il mayın 29-da Bakı sakini Xəqani Məmmədov  paytaxtın Nəsimi rayonunda bina tikintisi ilə məşğul olan «AQ İnşaatçı Servis» MMC ilə alqı-satqı müqaviləsi bağlayıb. Müqaviləyə əsasən şirkət Nəsimi rayonu, 386-cı məhəllədə inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201 kv.m olan 4 otaqlı 2 nömrəli mənzili X.Məmmədova təhvil verməliydi. Xəqani Məmmədov bunun müabilində mənzilin pulu nam ödəyib və «AQ İnşaatçı Servis» MMC ona mənzilin pulu tam ödəməsi və borcunun olmaması haqqında maliyyə arayışı verib. Bundan təqribən 1 il sonra – 2008-ci il, mayın 26-da «AQ İnşaatçı Servis» MMC ilə Azər Məmmədov adlı şəxs arasında həmin mənzilə nəzarət məqsədilə əlavə müqavilə bağlanıb.
 Mənzilin başqa sahibi var
Bundan ötən dövr ərzində bina və mənzil tikilərək istifadəyə verilib. Amma bir neçə il sonra Xəqani Məmmədov mənzilinə baxmağa gələrkən məlum olub ki, «AQ İnşaatçı Servis» MMC onun binadakı evini tamamilə başqa bir adama - Kamran Tarıverdiyevə satıb. Sonuncu isə hətta mənzildə təmir işləri aparmağa başlayıb.
 Birinci məhkəmə: «Müqavilə naməlum şəraitdə bağlanıb»
Vəziyyəti belə görən X.Məmmədov vaxt itirmədən məhkəməyə müraciət edib. Məhkəmə o “AQ İnşaatçı Servis” MMC ilə Kamran Tarıverdiyev arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli müqavilənin etibarsız, həmçinin “AQ İnşaatçı Servis” MMC ilə Azər Məmmədov arasında bağlanmış 26 may 2008-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab olunması barədə məhkəmədə iddia qaldırib.
Bu işdə cavabdeh olan “AQ İnşaatçı Servis” MMC isə öz növbəsində X.Məmmədovla müqavilələrin etibarsız hesab olunması haqqında iddia qaldırıb. İddiada göstərilib ki, X.Məmmədovla şirkət arasında bağlanmış müqaviləni şirkətin keçmiş direktoru naməlum şəraitdə imzalayıb, ümumiyətdə MMC ilə X.Məmmədov arasında həmin tarixdə müqavilə bağlanmayıb, X.Məmmədov tərəfindən MMC-yə pul köçürülməyib. O ki qaldı X.Məmmədovun pul ödəməsini təsdiqləyən maliyyə arayışına, MMC-də bildirilib ki,  maliyyə arayışı MMC-nin baş mühasibi tərəfindən imzalanmayıb.
 «Niyə bu səkkiz ildə mənzili təmir etməmisiz?»
İşə ilk dəfə baxan Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli qətnaməsi ilə X.Məmmədovun iddiası yalnız qismən təmin edilb, yəni «AQ İnşaatçı Servis» MMC ilə A.Məmmədov arasında müqavilə etibarsız hesab edilib. İddianın qalan hissəsi təmin edilməyib. Əvəzində məhkəmə «AQ İnşaatçı Servis» MMC-nin X.Məmmədov və A.Məmmədova qarşı iddiasını tam təmin edib, yəni X.Məmmədovla bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılıb.
Özü də məhkəmə “AQ İnşaatçı Servis” MMC-nin X.Məmmədova qarşı iddiasını əsaslı hesab edərkən, üç məqamı əsas götürüb:
-  məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla X.Məmmədovun mənzilə görə pul verməməsinin tam sübuta yetirilməsi;
-  X.Məmmədovun mübahisəli mənzilin ona 29 may 2007-ci il tarixli müqavilə əsasında verilməsini iddia etməsinə baxmayaraq, ötən səkkiz il ərzində həmin mənzillə bağlı hər hansı hərəkət etməməsi;
-  X.Məmmədov tərəfindən təqdim olunmuş maliyyə arayışında baş mühasibin imzasının olmaması.   
 Məhkəmələrin dəyişməyən qərarları
Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan X.Məmmədov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. X.Məmmədovun vəkili apellyasiya şikayətində və apellyasiya məhkəməsində işə baxılanda bildirib ki, “AQ İnşaatçı Servis” MMC-nin direktoru olmuş Ş.Əliyev vəkil sorğularına cavab olaraq müqavilə və maliyyə arayışındakı imzaların ona məxsus olduğunu, mənzilə görə ödənişin müqavilə imzalanan zaman X.Məmmədov tərəfindən həyata keçirildiyini, onun (Ş.Əliyevin) aldığı pul vəsaitini MMC-nin xəzinəsinə daxil etdiyini, müqavilə və maliyyə arayışının onun tərəfindən X.Məmmədovun adına tam qanuni olaraq rəsmiləşdirildiyini bildirib.
Amma, bu məhkəmənin Mülki Kollegiyası özünün 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə X.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib, əvvəlki qətnamə qüvvədə saxlanılıb. Bundan sonra mübahisə Ali Məhkəmədə müzakirə olunub, məhkəmənin Mülki Kollegiyasının  7 mart 2017-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
 Ədalətli məhkəmə hüququ xatırlandı
Məhkəmənin nəticəsindən narazı qalan Xəqani Məmmədov Konstitusiya Məhkəməsinə şikayət ünvanlayaraq göstərib ki, kassasiya instansiyası məhkəməsi (yəni Ali Məhkəmə) prosessual hüquq normalarının tələblərinə əməl etməyib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verib, həmçinin tətbiq edilməli olan hüquq normasını tətbiq etməyib, nəticədə iş üzrə qanunsuz və əsassız məhkəmə aktını qəbul etməklə, onun Konstitusiyasının   13, 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnu pozub.
Bundan sonra Konstitusiya Məhkəməsinin Plenumu şikayəti və işin detallarını araşdırıb. KM-in açıqlamasında bildirilir ki, Mülki Prosessual Məcəlləyə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Yəni hakim qərar verərkən ciddi əsaslara, o cümlədən sənədlərə əsaslanmalıdır.
Amma baxılan iş üzrə məhkəmə araşdırması bu göstərilən tələblərə cavab verməyib. Belə ki, Bakı apellyasiya məhkəməsi apellyasiya şikayətində göstərilən dəlilləri araşdırmadan rayon məhkəməsinin gəldiyi nəticələrlə razılaşıb.
 «Öz mənzilimdir, təmirsiz saxlayıram»
Maliyyə arayışında mühasibin imzasının olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə gəlincə, X.Məmmədov apellyasiya şikayətində göstərib ki, “AQ İnşaatçı Servis” MMC-nin Nizamnaməsinin 9.4-cü bəndinə və Mülki Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq müqavilə və maliyyə arayışını imzalamaq MMC-nin direktorunun səlahiyyətinə aid edilib. “AQ İnşaatçı Servis” MMC-nin məhkəməyə təqdim etdiyi Sahib Əhmədovun adına verilmiş maliyyə arayışında da mühasibin imzası olmadığı halda bu sənədin mötəbərliyi məhkəmə tərəfindən müzakirə predmeti belə olmayıb. Bütün bunlara axmayaraq məhkəmə heç bir hüquq normasına istinad etmədən, yalnız şahid  ifadəsinə əsaslanaraq belə nəticəyə gəlib ki, maliyyə arayışını mühasib də imzalamalıdır.
Bundan başqa, Xəqani Məmmədov bildirib ki, maliyyə arayışı “AQ İnşaatçı Servis” MMC-nin özü tərəfindən tərtib edilib, imzalanıb və möhür vurulub. Yəni MMC tərəfindən sənədin qüsurlu tərtib edilməsi X.Məmmədovun hüququnun pozulması ilə nəticələnməməlidir.
Məhkəmə X.Məmmədovun mübahisəli mənzilə hüququnun olmamasını həm də onunla əsaslandırıb ki, iddiaçı mənzilin ona 2007-ci ildə verilməsini bildirsə də, ötən səkkiz il ərzində həmin mənzili təmir etməyib. Cavabında X.Məmmədov bildirir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Yəni şəxsin öz əşyasından istifadə edib-etməməsi onun hüququdur və X.Məmmədov da bu hüquqdan istifadə edib.
 «Məhkəmənin hansı əsasla qərar qəbul etdiy bilinmir»
Bunun qarşısında apellyasiya məhkəməsində şikayətin hansı əsaslarla təmin edilmədiyi göstərilməyib. Bununla da məhkəmələr Konstitusiyada və mülki prosessual qanunvericilikdə göstərilən prinsiplərə əməl etməyib, işdə olan sübutlara hüquqi qiymət verməyib və gəldiyi nəticəni əsaslandırmayıb. Bunlar isə həm Konstitusiyanın, həm də Mülki Prosessual Məcəllənin tələblərinin pozulduğunu göstərir.
Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması onu qanuna uyğun akt kimi qəbul etməməyə əsas verir.
Ali Məhkəmənin qərarına gəlincə, Konstitusiya Məhkəməsinin Plenumu bildirir ki, burada qəbul edilən qərarda X.Məmmədova qarşı irəli sürülən tələbin əsaslı olması həmçinin onunla əsaslandırılıb ki, X.Məmmədovun ifadəsinə əsasən onunla “AQ İnşaatçı Servis” MMC arasında bağlanan 29 may 2007-ci il tarixli müqaviləyə həmin MMC ilə A.Məmmədov arasında mübahisəli mənzilə dair 26 may 2008-ci il tarixli müqavilə bağlandıqdan sonra xitam verilib. Həm X.Məmmədov, həm də A.Məmmədov sonuncu müqavilənin görünüş üçün bağlanan uydurma əqd olmasını göstərsələr də, onlardan heç biri X.Məmmədovla “AQ İnşaatçı Servis” MMC arasında bağlanmış müqavilənin bərpası barədə MMC-yə müraciət etməyiblər.
 Qərar ləğv edilir, iş yenidən araşdırılacaq
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yəni bu əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir və heç bir hüquqi nəticələrə səbəb olmur.
A.Məmmədovla “AQ İnşaatçı Servis” MMC arasında bağlanmış 26 may 2008-ci il tarixli müqavilə isə əhəmiyyətsiz əqd olduğundan, o, MMC ilə X.Məmmədov arasında bağlanmış 29 may 2007-ci il tarixli müqavilənin hüquqi nəticələrini aradan qaldıra bilməz.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 7 mart  2017-ci  il tarixli qərarının “AQ İnşaatçı Servis” MMC-nin X.Məmmədova qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissəsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə həmin hissədə bu Qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257