ƏMLAK

Hamıya güzəştli mənzil almaq icazəsi verilə bilərmi? - MİDA-dan AÇIQLAMA
06 APREL
1278

Hamıya güzəştli mənzil almaq icazəsi verilə bilərmi? - MİDA-dan AÇIQLAMA

2018-04-06 15:18:00

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır.

MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı 7 may 2018-ci il tarixində saat 10:00-da başlayacaq və 7 avqust 2018-ci il tarixi saat 10:00-dək davam edəcək. 

Güzəştli mənzilə sahib olmaq istəyənlərin əksəriyyəti tələb olunan kriteriyalara cavab vermir. Hazırda vətəndaşları maraqlandıran məsələlərdən biri bu mənzillərə sahib olmaq şansının bütün vətəndaşlara nə vaxt şamil ediləcəyidir. 

Məsələ ilə bağlı MİDA-nın mətbuat katibi Diana Dadaşova bildirib ki, hazırda güzəştli mənzillərə sahib olmaq istəyənlərin siyahısı bəllidir:

 “Digər vətəndaşların da sosial mənzilə sahib olması üçün ölkə rəhbərliyi tərəfindən sərəncam verilməlidir. Yalnız o halda onlar da sosial mənzillərə sahib ola biləcəklər”. 

D.Dadaşovanın sözlərinə görə, bu, prezidentin səlahiyyətində olan məsələ olduğundan dəyişikliyin ediləcəyi barədə məlumatsızdır. 

 Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:

 Yaşı 35-dən yuxarı olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 

 Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 

 Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 

 Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 

 Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; 

 Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs; 

 Fəlsəfə doktoru elmi dəcərəcəsi olan şəxs; 

 İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

 Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər:

 Elmlər doktoru elmi dərəcəsi olan şəxs; 

 Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; 

 Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur) ; 

 Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs; 

 Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər; .

 Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

 Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256