ƏMLAK

Nazirlikdən tikinti materialları alanlara -XƏBƏRDARLIQ
28 MART
565

Nazirlikdən tikinti materialları alanlara -XƏBƏRDARLIQ

2018-03-28 16:46:00

Tikinti işlərinin vüsət aldığı son illər ölkədə inşaat materialları qrupuna daxil olan kərpic, mərmər, sement, əhəng, qum, çınqıl, gibs və s. materiallarından geniş istifadə olunur. Amma aldığımız materialların hansı keyfiyyətdə olduğunu dəqiqləşdirmək və seçim etmək o qədər də asan olmur. Çünki bu materiallar barədə istehlakçı kifayət qədər məlumatlı deyil. Məhz bu səbəbdən hər bir istehlakçını həmin materialları alarkən onların keyfiyyəti, standartlara uyğunluğu və təhlükəsizliyini dəqiqləşdirməklə bağlı nə etməli olması sualı düşündürür.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Fins.az-a bildirilib ki, qanunvericiliyə görə, bu malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların əsas hüquqlarından biridir. İstehlakçı yalnız məlumat əldə etməklə və malın keyfiyyətini təsdiq edən sənədlərlə tanış olmaqla alacağı malın uyğun olmasına əmin ola bilər. Ona görə də, həmin materialları və məmulatları alarkən istehlakçı hüquqlarınızın pozulmaması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:

-  malın adı və qiymətini;

-  istehsalçının adı və ünvanını;

- malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatını;

- malın əsas xüsusiyyətləri və istehlak xassələrini;

- malın səmərəli və təhlükəsiz istifadə qaydalarını;

- materialların və məmulatların ölçülməsi qaydasını;

- təminat öhdəliklərini və iddiaların irəli sürülməsi qaydalarını;

- malın materialı, markası, tipi, ölçüsü və digər əsas göstəriciləri haqqında məlumatları.

Satıcı müştəriyə eyni zamanda konkret mal üçün müəyyən edilmişsə zəmanət müddəti, alınma şartləri, malı xarakterizə edən marka, tip, ölçü, material və başqa əsas göstəricilər haqqında lazımi və dürüst məlumatları verməyə, aldığı malın çəkisini, ölçüsünü və növünü yoxlamaq üçün hər cür şərait yaratmağa borcludur. Alınmış malla birlikdə müştəriyə çek verilməli, burada malın və satıcının adı, həmin malı xarakterizə edən əsas göstəricilər, miqdarı və istehsalçının bu mala aid sənədləri göstərilməlidir.İstehlakçının tələbinə əsasən satıcı onu standartlarla müəyyən edilən tikinti materiallarının və məmulatlarının ölçülməsi qaydası ilə tanış etməlidir.

Ticarət şəbəkəsində tikinti materialları və məmulatları ölçülərinə, markasına, növlərinə, istifadə təyinatına, istehlak xüsusiyyətlərinə və s. əlamətlərinə görə qruplaşdırılaraq yığılmalıdır.

Bundan əlavə nəzərə alın ki, bütün inşaat materialları satışdan əvvəl satıcı tərəfindən satışa hazırlıq mərhələsindən keçməlidir. Bura materiallara baxış, çeşidlərə ayırma, komplektin yoxlanması, əmtəə və onu istehsal edən haqqında lazımi məlumatın olması daxildir. Bundan əlavə alıcının inşaat materiallarını ticarət zalında və anbarlarda seçmək ixtiyarı vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən  bəzi inşaat materiallarının satışı üçün sertifikatların alınması məcburidir. Məcburi sertifikatlaşmalı olan inşaat materialları və məmulatlarının siyahsına üzlük materiallar, pəncərə üçün şüşələr, işıqlandırıcı avadanlıqlar, izolə edilmiş naqillər, kabellər və elektrik ötürücüləri və s. aiddir. Digər tikinti materialları üçün isə sertifikat alınması könüllülük əsasında həyata keçirilir. Yəni istehsalçı, satıcı istehlakçıların rəğbətini qazanmaq və ya realizə etdiyi materialların etibarlı və keyfiyyətli olduğunu nümayiş etdirmək istəyirsə istehsal etdiyi və ya satdığı məhsul üzrə sertifikat ala bilər. İstehlakçı olaraq hər kəs tikinti materialları alarkən qeyd olunan məsələlərdə diqqətli olmalı, mal haqqında satıcıdan zəruri məlumatları öyrənməli, malın sertifikatını tələb etməli, malın görünüşünü diqqətlə nəzərdən keçirməli, hüquqlarının müdafiəsində aktiv olmalı və bu sahədə hər hansı qanun pozuntusuna rast gəldikdə aidiyyəti üzrə müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278