ƏMLAK

Tikinti şirkəti müflis olduğunu bəyan etdi: Alıcı nə etməlidir?
10 MART
2791

Tikinti şirkəti müflis olduğunu bəyan etdi: Alıcı nə etməlidir?

2018-03-10 13:41:00

Bir neçə gün öncə ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən biri müflis olduğunu elan edərək, məhkəməyə müraciət edib. Bu Azərbaycan təcrübəsində bir ilkdir. İndiyə qədər müflis olduğunu bəyan edən tikinti şirkəti olmayıb. Məhz buna görə də ortaya bir çox suallar çıxır. İki sual isə bütün sualların başında gəlir: İnsanların müflis olan şirkət tərəfindən tikilən mənzillər üçün öncədən ödədiyi vəsaitin aqibəti necə olacaq? Məsələnin hüquqi yolla həlli hansı proseduralarla tənzimlənir? Hüquqşünas Anar Ramazanov bildirdi ki, tikinti şirkətlərinin müflisləşməsi təsdiq olunduğu təqdirdə, kreditorlar məhkəməyə heç bir iddia ilə müraciət edə bilməzlər:

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Azərbaycanda bu evləri özəlləşdirmək olmaz

“Tikinti şirkətlərinin müflisləşməsi məsələsi dərindən araşdırılmalıdır. Ümumiyyətlə, müflisləşmə infrastrukturunda münasibətlər 1997-ci il 13 iyun tarixində qəbul edilən “Müflisləşmə və İflas Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Müflisləşmə nədir? Azərbaycan qanunvericiliyinə görə, müflisləşmə borclunun öz öhtəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Qanunvericiliyə görə isə həm hüquqi şəxs (müəssisə, təşkilat, idarə), həm də fiziki şəxs (fərdi sahibkar) borclu ola bilər. İflas olmanın isə qanunvericilik əsasında 2 yolu var: məhkəmə qərarı əsasında və borclu müəssisənin özünün öz qərarı əsasında. Hansısa şirkət və ya təşkilatın borclu hesab edilməsi üçün məhkəməyə ərizə verilə bilər. Həmin ərizəni isə həmin borclu şirkətin rəhbəri, yaxud tələbkarlar (şirkətin borclu olduğu tərəf) təqdim edə bilər. Məhkəmə məsələni araşdırdıqdan sonra müəssisənin müflisləşməsi təsdiq edilərsə, həmin müəssisəyə əmlak inzibatçısı təyin edir. Əmlak inzibatçısı isə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 15 gün ərzində ümumi yığıncaq keçirir. Bu kreditorların ilkin yığıncağı hesab olunur və burada inzibatçı məhkəmə qərarını onlara elan edir”.

A.Ramazanov bildirdi ki, iflasla bağlı məhkəməyə ərizə verildiyi gündən etibarən borclu müəssisə öz təsərrüfat fəaliyyətini və ya öhdəliklərini yerinə yetirmək məqsədilə öz əmlakının hər hansı bir hissəsi haqqında sərəncam vermək hüququnu itirir:

“Ərizə məhkəməyə daxil olduğu gündən borclu müəssisə əmlakına dair qərarları yalnız və yalnız məhkəmənin və əmlak inzibatçısının icazəsi olarsa, yerinə yetirə bilər. Qanunvericilikdə müflis olma, onun nəticələri ilə bağlı çox ciddi bir məqam qeyd olunub. Hansısa şirkət məhkəmə qərarı ilə müflis elan olunarsa və bu qərar qanuni qüvvəyə minərsə, həmin şirkətə qarşı bütün məhkəmə araşdırmaları, şirkətdən alınmalı məbləğin tutulması üçün digər tədbirlər dayandırılır. Belə müflis şirkətlərə qarşı tələblər yalnız qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülür. Yəni müəssisənin müflis olması ilə bağlı məhkəmə qərarı qüvvəyə mindiyi gündən həmin şirkətin kreditorları şirkətə qarşı məhkəmədə heç bir idda qaldıra bilməzlər. Müflis şirkətə, müəssisəyə qarşı bir qayda olaraq məhkəmə iddialarına yol verilmir”.

Bakıda kvadratı 820 manatdan yeni mənzillərin – SATIŞI BAŞLADI

A.Ramazanov qeyd etdi ki, Bundan sonra iflas olunduğu təsdiqlənən müəssisə kreditorlara ödənişləri növbəlilik əsasında həyata keçirir. Bu növbəlilik isə qanunvericiliklə tənzimlənir və pozulmasına qətiyyən yol verilmir:

“Şirkət müflis elan olunduqdan sonra aktivlərindən birinci növbədə iflas prosesinə çəkilən bütün xərclər ödənilir. İkinci növbədə həmin müəssisədə həyata və ya sağlamlığa vurulmuş zərərə görə təzminatın, habelə alimentlərin tutulması haqqında tələblər ödənilir. Üçüncü növbədə şirkətdə əmək müqaviləsi əsasında çalışan işçilərə işdən çıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə, eləcə də müəlliflik müqaviləsinə görə qonorarların ödənilməsi haqqında tələblər ödənilir. Bu tələblər isə borclu şirkətin müflis olma məqamından əvvəlki 6 aylıq müddətlə məhdudlaşdırılır. Dördüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqqı üzrə büdcədən kənar dövlət fondlarına, bələdiyyələrin büdcələrinə ödənişlər təmin olunur. Beşinci növbədə digər təminatsız kreditorların tələbləri ödənilir, altıncı növbədə isə borclu müəssisənin mülkiyyətçilərinin tələbləri qarşılanır”.

Vəkil vurğuladı ki, bəzən müflisləşmə və iflas düşünülmüş şəkildə, fırıldaqçılıq məqsədilə elan olunur:

“Bəzən müəssisə həqiqətən müflis olmur, müəyyən məqsədlərə görə özünü müflis vəziyyətinə salır. Burada ilk növbədə məqsəd kreditorların öhdəliyindən yayınmaqdır. İnzibati Xətalar Məcəlləsində “Saxta və qəsdən müflisləşmə haqqında” maddələr qeyd olunub. Bu maddələr özlüyündə inzibati və cinayət məsuliyyətlərini ehtiva edir. Əgər bu kimi hallar müşahidə olunarsa, qarşı tərəf şirkət rəhbərliyindən aidiyyatı orqanlara şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə əsasən saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbərliyi, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsinin təxirə salınması, möhlət almaq, borcun müəyyən miqdarda azaldılması, yaxud borcu ödəməkdən yayınmaq və kreditorları aldatmaq məqsədilə, özünün, yaxınlarının mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin (müflisləşmə) yaradılması və ya artırılmasına görə, hüquqi və fiziki şəxslər tələbkarlara vurulan ziyanın 2 mislindən 4 mislinə qədər qanunla cərimələnə bilər. 408-ci maddə isə müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsini müəyyən edir. Bu maddəyə görə, borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə və yaxud müflisləşmə güman edilən zaman əmlakın, əmlak öhtəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının gizlədilməsinə, əmlakın başqa şəxslərə verilməsinə, əmlakın məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər sənədlərin gizlədilməsinə, yaxud da məhv edilməsinə görə, hüquqi və fiziki şəxslər vurulan ziyanın 2 mislindən 4 mislinə qədər cərimə edilə bilərlər. Bu məsələyə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də bir sıra maddələr müəyyən edilib. Lakin burda bir məqamı vurğulamaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsində göstərilən inzibati məsuliyyətlər qarşı tərəfə vurulan ziyanın iqdarı əsasında müəyyən edilir. Əgər müflisləşmə zamanı qanunsuz hərəkətlər nəticəsində qarşı tərəfə 20 min manatdan az ziyan vurulubsa, inzibati məsuliyyətə cəlb edilə, 20 min manatdan çox ziyan vurulubsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilərək dəyən ziyanın 2 mislindən 4 mislinə qədər cərimə, yaxud 2 ilə qədər islah işləri, habelə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilə bilər. Cinayət Məcəlləsinin 210-cu maddəsinə əsasən müflisləşmə zamanı qanunsuz hərəkətlərin yol verilməsi, cinayət nəticəsində vurulan ziyanın 2 mislindən 4 mislinə qədər miqdarda cərimə və ya 2 ilə qədər islah işləri, habelə 2 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Əgər müflisləşmə zamanı qanunsuz hərəkətlər qarşı tərəfə külli miqdarda ziyan vurarsa (100 mindən 500 min manat qədər), vurulan ziyanın 3 mislindən 5 mislinə qədər cərimə, yaxud 2 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”. (publika.az)

Bakıda köhnə evlər ucuzlaşdı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267