ƏMLAK

Daha bir rayonda evlərə «kupça» paylanır – YENİLİK
21 FEVRAL
959

Daha bir rayonda evlərə «kupça» paylanır – YENİLİK

2018-02-21 18:38:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 21-də cəbhə bölgəsində yaşayan sakinlər üçün «Kütləvi çıxarış» kampaniyası keçirib. Komitədən verilən Fins.az-a verilən məlumata görə, kampaniyanın ünvanı Ağdam rayonunun Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndləri  olub. Qeydiyyat xidmətlərinin birbaşa olaraq cəbhə bölgələrində göstərilməsi sakinlərə imkan verib ki, əlavə ünvana getmədən rahatlıqla əmlaklarına dair sənəd əldə etsinlər. 

Kampaniya zamanı rayonun həmin kəndlərindən olan 220-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. Qaradağlı kəndindən 75 ailə, Əfətlidən 60, Çəmənlidən 50, Sarıcallıdan isə 35 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib. Onların bəzilərinə əmlaklarına dair çıxarışlar təqdim olunub, bəzilərindən isə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.

Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, eləcədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Elə həmin gün çıxarış verilməsi məqsədilə 70-ə yaxın  sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb. 

Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 50 nəfərə yaxın kənd  sakininə hüquqi yardım xidmətləri də göstərilib. Onlara çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan alınması qaydası, o cümlədən qeydiyyat müddəti və prosedurları izah olunub. Qeydiyyatla bağlı həyata keçirilən yeniliklər, əhalinin işini sadələşdirən elektron xidmətlər, həmçinin “bir pəncərə” prinsipi barəsində məlumat verilib. Vaxtın daha çox şəxsi təsərrüfatların inkişafına sərf etməyə imkan verən kampaniya vətəndaş məmnunluğuna da səbəb olub. Belə ki, sakinlər göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, kampaniya onların işdən ayrılmadan, vaxtlarına qənaət etməklə sənəd almasına şərait yaradıb. 

Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib. 

Bu kampaniya sakinlərin daşınmaz əmlaklarını rahatlıqla qeydiyyata almaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və əmlaklarının dövlət tərəfindən qorunmasının göstəricisidir. Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsinə, iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir. Eyni zamanda bu həmin ərazilərdə daşınmaz əmlak bazarının daha da inkişafına, canlanmasına şərait yaradır.

Qeyd edilməlidir ki, kampaniya paytaxtla yanaşı regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256