ƏMLAK

“Bir mənzili bir neçə nəfər satmaq, tikintini yarımçıq qoymaq olmayacaq” – ƏKRƏM HƏSƏNOV
06 FEVRAL
291

“Bir mənzili bir neçə nəfər satmaq, tikintini yarımçıq qoymaq olmayacaq” – ƏKRƏM HƏSƏNOV

2018-02-06 11:55:00

Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında Qanun Milli Məclisdə təsdiqlənib. Qeyd edək ki, Məcəlləyə edilən dəyişikliklər əsasən yeni tikilən binalarda mənzil mülkiyyəti ilə bağlıdır. Hüquqi ekspert Əkrəm Həsənov Fins.az-a açıqlamasında Məcəlləyə edilən dəyişiklikləri “Yeni binalarda mənzilə mülkiyyət hüququ inqilabi” kimi dəyərləndirib. O bildirib ki, mənzil mülkiyyətçilərinin hüququ bundan sonra tam təmin olunması ilə bağlı fikirləri burada öz əksini tapıb. Əsas dəyişikliklər tikintisi başa çatmayan binalar, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ ilə bağlıdır. O bildirib ki, bu sahədə 2 əsas problem mövcuddur: Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satırdı. İkincisi isə, tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikintini başa çatdırmır, yaxud proses çox uzanırdı. Məcəlləyə edilən dəyişikliklər isə bu problemlərə son qoyacaq.

Tikinti şirkəti işini görməsə başqası ilə əvəzlənəcək”

Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq (“kupça”, yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq.

Şirkət təhvil verilməyənə qədər mənzilin pulunu tam ala bilməyəcək”

Tikinti şirkəti isə mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Yəni, onun işi sırf binanın tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:
1) torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi;
2) tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi;
3) dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi;
4) istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
5) su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
6) elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
7) pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
8) daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi;
9) birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi;
10) fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
11) su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi;
12) bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi.
Beləliklə, tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcək.

Eləcə də bax: "Azərbaycanda evlərin qiyməti 2-3 ilə kəskin düşəcək"-AÇIQLAMA

Ə.Həsənov qeyd edib ki, bu dəyişikliklər əsasən cari ilin iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda nəhayət ki, bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş “vahid daşınmaz əmlak” institutu formalaşacaq: “Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir.
Mən müsahibələrimdə bu barədə fikirlərimi səsləndirmiş, təkliflərimi vermişdim. Yekunda da qanuna edilən dəyişikliklər məhz bu formada oldu (düzdür, onların texniki təkmilliyini hələlik tam təhlil edə bilməmişəm, amma ümumən məqbuldur). Ümid edirəm ki, dəyişiklilərin icrası da yüksək səviyyədə həyata keçiriləcək. Hər bir halda dövlət başçısının təşəbbüsü ilə atılan bu addım ölkə iqtisadiyyatımız üçün çox müsbət nəticələr verəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300