ƏMLAK

Xaricdə ucuz əmlak axtaranlara – 5 MƏSLƏHƏT
27 DEKABR 2017
710

Xaricdə ucuz əmlak axtaranlara – 5 MƏSLƏHƏT

2017-12-27 09:49:00

Xaricdə əmlaka sahib olmaq, üstəlik buna az məbləğ müqabilində nail olmaq əmlak alıcıları arasında uğur sayılır. Bəs böyük məbləğ tələb etməyən sərfəli variantları necə tapmaq olar? Belə mənzilləri və ya evləri alanda hansı məqamlara diqqət yetirmək lazımdır? Fins.az müxtəlif ölkələrdə çalışan rieltorların tövsiyələri əsasında «ekonom-klass» əmlakların alınması zamanı diqqət yetiriləcək məqamları dəqiqləşdirib.
Ucuz əmlak – heç də həmişə pis əmlak demək deyil.  Rieltorlar bildirir ki, bəzi hallarda müştərilər komfortlu əmlakı bazar qiymətindən 10-20%, bəzən isə 40-50% aşağı qiymətə tapmağa nail olurlar. Əsas məsələ – hansı obyekti axtardığını bilmək və müqaviləni düzgün bağlamaqdır.

Bazarı diqqətlə izləmək lazımdır

Aşağı qiymətli əmlakların bazarındakı ən yaxşı təkliflər «yanan» təkliflərdir. Əgər satıcıya şəxsi səbəblərdən təcili pul lazımdırsa, o hətta ən yaxşı əmlaka da böyük endirim etməyə hazırdır.

Bolqarıstanın «New Estate» şirkətinin meneceri Lyudmila Şabanina bildirir ki, kiçik büdcə ilə, məsələn, 10 min avroya qədər pulla əmlak axtaranlar bazarı diqqətlə izləməlidirlər. Əgər doğrudan da sərfəli variant, «yanan təklif» rast gələrsə, onu almağı ləngitməmək tələb olunur. Çünki sərfəli qiymətə keyfiyyətli evlər sürətlə satılır: «Doğrudur, alqı-satqını ölkəyə gəlmədən də etmək olar, bu variant yolpuluna qənaət etməyə imkan verir. Amma tövsiyə edərdim ki, bunu yalnız Bolqarıstanı, yerli əmlak bazarını və onun xüsusiyyətlərini yaxşı tanıyan adamlar etsinlər. Həm də onların alqı-satqını aparacaq vəkillərə etibar etməsi də vacibdir».

Digər mühüm məsələ, ucuz əmlak axtaranlar heç də ümid etməməlidir ki, onlar minimal büdcə ilə arzularına tamamilə cavab verən əmlak alacaqlar. Təəəssüf ki, belə olmur – ucuz əmlak alanda hansısa xüsusiyyətdə (məsələn, mərtəbəsi, çimərlikdən məsafəsi, görüntüsü və s.) güzəştə getmək lazım olacaq.

Mənzilin konstruksiyasına diqqət yetirin

Mənzil və ya evlə bağlı ilk təəssürat vəziyyətdən asılı olaraq formalaşır  - evin təmirli olması, mebellərin səliqəliliyi, evdəki texnikaların işləməsi və s. Bəziləri hətta divarların rəngi, pərdələrin gözəlliyi, mətbəx əşyalarının dizaynına fikir verirlər. Amma mütəxəssislərin sözlərinə görə, əslində ucuz əmlak alınanda bunlar ən axırıncı olaraq diqqət yetiriləsi məqamlardır.

«Adriatic Stroinvest» şirkəinin mütəxəssisləri bildirir ki, «kosmetika»ya baxmaq lazım deyil, belə təmiri müştəri özü istənilən vaxt edib, evin görünüşünü dəyişə bilər. Bütün daşınmaz əmlaklarda, xüsusilə də, ucuz evlərdə əsas məsələ evin konstruksiyası, onun nə qədər etibarlı olmasıdır: «Binanın konstruktiv xüsusiyyətlərini, seysmik möhkəmliyini, bundan sonra nə qədər müddət istismara hazır olub-olmayacağını qiymətləndirin. Ev alarkən onun giriş qapılarına diqqət yetirin, qonşularla danışın (bəlkə onların bu evlə bağlı hər hansı mübahisələri var), hətta krandan axan suyun təzyiqinə baxın (su kəməri və kanalizasiya xəttinin olmasını yoxlayın). Ən əsası, evin sənədləri ilə diqqətlə tanış olmaq lazımdır. Bir sözlə, ilk növbədə diqqəti böyük xərc tələb edən məsələlərə yönəltmək lazımdır». 

Sənədləri diqqətlə yoxlayın

Bahalı ev alanda müştərilərə sənədlərin yoxlanmasının vacib olduğunu demək artıqdır. Bəzi alıcılar evin sənədlərini yoxlamaq üçün bir neçə qiymətləndirici və hüquqşünası cəlb edirlər. Səbəbi aydındır – evin qiyməti yüksəkdir. Ucuz əmlaklardan söhbət gedəndə isə bəzi müştərilər sənədi yoxlamağa da qənaət etmək barədə düşünə bilərlər. Amma bu çox risklidir – çünki bəzən ucuz əmlakla bağlı əsas problem sənədlərdə olur.
«Altop Real Estate» şirkətinin ekspertləri bildirir ki, sənədlərin yoxlanması və araşdırılması – təhlükəsiz müqavilənin əsas şərtidir. Məsələn, Türkiyədə təkrar bazarda satılan hər bir əmlakın mülkiyyət şəhadətnaməsi (TAPU), texniki pasportu (İskan) və su və elektrik sayğacları olmalıdır. Bütün bu sənədləri diqqətlə yoxlamaq lazımdır. Məsələn, TAPU-da əmlakın ünvanı deyil, kadastr sahəsi göstərilir. Buna görə də əmlakın harada yerləşdiyini  dəqiq bilmək üçün kadastr palatasına müraciət etmək lazımdır. Bundan əlavə, hökmən yoxlamaq lazımdır ki, mənzilin su və elektrik borcu qalmayıb ki.

Əgər bu sənədlərin hansındasa problem varsa, ən yaxşısı müqavilədən imtina etməkdir. Yalnız bir halda mənzili İskansız (yəni texniki pasport olmadan) almaq olar ki, o hələ tikinti mərhələsində olsun (çünki texniki pasport binanın istismara qəbulundan sonra verilir). Amma bu halda da müqavilədə obyektin istismara veriləcəyi tarix və tikinti şirkətinin məsuliyyəti ayrıca qeyd edilməlidir.

Etibar etdiyiniz rieltor vasitəsilə alın

Sənədlərin yoxlanmasının vacibliyi növbəti tövsiyəni tələb edir: rieltorsuz, xüsusilə də yerli bazarı yaxşı bilən mütəxəssissiz ev almaq məsləhət görülmür. Amma hətta bu halda da rieltorun özünün yoxlanması artıq deyil. Axı fırıldaqla məşğul olaraq sonra yoxa çıxan «bir günlük» şirkətlər Avropada da var.  Məsələn, «Adriatic Stroinvest» şirkətində bildirirlər ki, «Monteneqroda hamı «reiltordur»: taksi sürücüləri, ofisiantlar, polislər, poçtalyonlar, hətta sizin hoteldəki qonşularınız da. Ona görə də heç kimə etibar etməmək və müqavilə bağlayarkən hökmən yoxlanılmış və tanınmış şirkətlərin xidmətindən istifadə etmək lazımdır. Təbii ki, şirkətin özü ilə də xidmət müqaviləsi bağlamaq şərtilə». 

Xərcləri düzgün qiymətləndirin

Unutmayın ki, alacağınız əmlakın qiyməti ilə yanaşı, sizi əlavə xərclər gözləyir – vergilər, yığımlar, rüsumlar, rieltorun, hüquqşünasın, notariusun xidmət haqqı və s. Ölkədən və əmlakın növündən asılı olaraq əlavə xərclər evin qiymətinin 15-20%-i qədər ola bilər.
Bundan başqa, aşağı qiymət sementindən ev alan alıcılar ümid etməməlidirlər ki, aldıqları mənzil tamamilə təmirli olacaq. Təbii ki, belə evə təmir tələb olunacaq, sual yalnız ondadır ki, təmir nə qədər böyük olacaq. Və yaxşı olardı ki, alıcılar bu xərcləri əvvəlcədən nəzərə alsınlar.
«Grekodom Development» şirkətindən bildirirlər ki, bəzi hallarda ucuz evdə əsaslı (kapital) təmirin qiymətinə daha təzə ev almaq mümkündür.  Amma hətta bu halda da təmir xərcinə qənaət etmək tövsiyə olunmur. Məsələ bunrdadır ki, əsaslı təmir tələb olunan ev kosmetik təmir edilirsə, gələcəkdə müştəri ikiqat xərcə düşəcək. Ona görə də əmlakı almaq barədə qərar qəbul etməzdən əvvəl ətraflı qiymətləndirmə apararaq bu mənzilə nə qədər xərc tələb olunacağını əvvəlcədən müəyyən etmək tələb olunur. Yeri gəlmişkən, bəzi evlər artıq hesablanmış təmir smetası ilə birlikdə satılır. 
 
© «Daşınmaz Əmlak» jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259