ƏMLAK

MTK lift pulu ödəməyənlərin işığını kəsə bilərmi? – YENI ÖZBAŞINALIQ
12 DEKABR 2017
581

MTK lift pulu ödəməyənlərin işığını kəsə bilərmi? – YENI ÖZBAŞINALIQ

2017-12-12 16:45:00

Bakıda istifadəyə verilən yeni yaşayış kompekslərində və “novostroyka”larda daha bir problem ortaya çıxıb. Belə ki, Mənzil Tikinti Korperativləri (MTK) kommunal borcları (lift, zibil pulu) ödəməyən vətəndaşların işıq, qaz və suyunu kəsirlər. Vətəndaşların kommunal borcları ödəməməyinin əsas səbəbi isə onlara ödəniş müqabilində qəbz və yaxud hər hansı sənəd verilməməsidir.

Azərişıq”: “Təhvil verilməyən MTK-lar bir abonent kimi qeydiyyata alınır”

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Fins.az-a bildirib ki, bununla bağlı şikayətlər çoxdur: “Təbii ki, vətəndaş elektrik enerjisinin pulunu ödəyirsə MTK-nın digər səbəblərə görə işığı kəsməyə haqqı yoxdur. Amma hələlik abonentlər bizimlə müqavilə bağlamayıb. Bina təhvil verilənə qədər bizim abonentimiz MTK-dır. Bina təhvil veriləndən sonra artıq icra hakimiyyətinin balansına daxil edildiyi zaman vətəndaş abonent olaraq qəbul edilir. MTK binanın bizə ümumi borcunu ödəyir. Daxildə borcun necə ödənilməsini MTK özü müəyyən edir”.

T.Mustafayev bildirib ki, bəzi MTK-lar binanın tikintisi tam bitmədiyi, istismara hazır olmadığı halda vətəndaşları ora köçürürlər. Vətəndaşların işıqsız qalmaması üçün belə binalarda da sayğaclar quraşdırmağa məcbur oluruq. Amma hüquqi olaraq MTK-nın daxili işlərinə müdaxilə edə bilmirik.

"Azəriqaz": “MTK qazı kəsə bilməz”

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev Fins.az-a bildirib ki, hər bir vətəndaşla qazın alqı-satqı müqaviləsi bağlanılır. O cümlədən qazın verilişi “Azəriqaz” tərəfindən hündürmərtəbəli binalarda təmin edilir. Qaz təhcizatının dayandırılması “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilə bilər, MTK bunu edə bilməz: “Digər kommunal xərclərin ödənilməməsinə görə vətəndaşın qazının kəsilməsi ilə bağlı bizə hər hansı müraciət olmayıb”.

Xəyal Bəşirov: “Lift puluna görə işığı kəsən MTK-nı 3000 manat cərimə gözləyir”

Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirov Fins.az-a bildirib ki, elektrik enerjisi, qaz və istiliyin digər kommunal borclara görə kəsilməsi qanunsuzdur və bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 279 maddəsinə əsasən cərimələr nəzərdə tutulub. Bunu edən fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər işə 2500 manatdan 3000 manatadək cərimə edilməlidirlər. Başqa sözlə, MTK-lar 2500-3000 manat cərimə edilə bilərlər və bu da onlar üçün ciddi rəqəmdir.

Vəkil bildirib ki, belə halla qarşılaşan vətəndaşlar əvvəlcə aiddiyyatı dövlət qurumuna borcunun olmadığı ilə bağlı müraciət etməlidir: “Məsələn, vətəndaş “Azərişıq”a müraciət edir. “Azərişıq”ın nümayəndələri məsələni araşdırıb həqiqətən vətəndaşın borcu olmadığı təsdiq edir. Bu sübut əsasında isə vətəndaşlar məhkəməyə müraciət edə bilərlər”. Bu halda məhkəmə qanunsuz fəaliyyət görə MTK-ya inzibati qaydada cərimə tətbiq edir. Bundan sonra vətəndaş MTK-ya qarşı maddi və mənəvi zərər üzrə iddia da qaldıra bilər: “İstənilən formada vətəndaş ona dəyən maddi və mənəvi ziyanı əsaslandırmaqla MTK-dan kompensasiya tələb edə bilər”.

Təhvil verilən binalara MTK müdaxilə edirsə, prokrorluğa müraciət edin”

X.Bəşirov bildirib ki, binalar istifadə verildikdən 6 ay sonra MTK ləğv edilməlidir. Mənzil Məcəlləsinə əsasən bundan sonra MTK-nin fəaliyyət göstərməsi qanunsuz hesab edilir. Mənzil mülkiyyətçiləri özləri yığışıb(minimum 51%-i) Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yarada bilərlər. MMMC qeydiyyatdan keçdikdən sonra qanuni olaraq fəaliyyət onlara aid olur. MTK artıq bütün tələbləri, o cümlədən kommunal ödənişlərin edilməsi tələbi də qanunsuzdur. Bununla belə MTK yenə fəaliyyətini davam etdirirsə, vətəndaşlar şəhər, rayon icra hakimiyyətlərinə, daha sonra isə prokrorluq orqanlarına müraciət edə bilərlər.

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300