ƏMLAK

Hökumət əhalini ipoteka götürməyə çağırır – YENİLİKLƏR
13 NOYABR
835

Hökumət əhalini ipoteka götürməyə çağırır – YENİLİKLƏR

2017-11-13 17:18:00

Azərbaycan hökuməti iqtisadiyyatın, xüsusilə də tikinti sektorunun inkişafı üçün bütün imkanlarını səfərbər edib. Fins.az xəbər verir ki, son günlər atılan addımlar ölkə rəhbərliyinin tikinti sektoruna böyük vəsait buraxmaq niyyətində olduğunu göstərir.

Məsələyə keçməzdən əvvəl bu sahədəki situasiyaya qısa nəzər salaq. Hazırda hökumət eyni anda iki məsələni həll etməlidir. Birincisi -  iqtisadiyyatın canlanması üçün ona pul buraxmaq lazımdır. İkincisi - bu proses elə formada edilməlidir ki, pullar digər sahələrə yayılıb əlavə inflyasya yaratmasın. Bu iki çərçivə arasında hərəkət edən hökumət inflyasiya yaratmamaq üçün maliyyə vəsaitlərini konkret sahələrə yönəldir – buna «inyeksiya» da deyirlər. Həmni sahələrdən biri də inşaatdır.

Nə üçün inşaat sektoru? 

Çünki inşaat sektorunun multiplikator effektli olduğu, yəni başqa sahələri də inkişaf etdirdiyi hamıya məlumdur, təqribi hesablamalara görə, təkcə inşaat sektorunun dirçəlməsi özü ilə inşaat materiallarının istehalından tutmuş, təmir-tikinti və evin lazımi avadanlıqlarla təmin edilməsinə qədər, ümumilikdə 26 sahənin inkişafına səbəb olacaq.

Amma bunun üçün tikinti sektoruna vəsait buraxılmalı və əhali ev almağa həvəsləndirilməlidir. Bunun üçün isə hələlik ən işlək alət ipoteka kreditləşməsidir.

Son günlər bu sahədə atılan addımlar göstərir ki, hökumət indiyədək ipoteka kreditləşməsindəki bütün maneələri aradan qaldırmaq və şərtlərə cavab verən istənilən vətəndaşa ipoteka krediti vermək niyyətindədir.

Bu sahədə ilk addım hələ iyulda atılıb. Həmin vaxt Prezident İlham Əliyevin fərmanı ilə «Azərbaycan İpoteka Fondu» ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası» dəyişdirilib. Nəticədə… 

İpoteka ilə bahalı mənzillər də almaq olar

«Azərbaycan İpoteka Fondu» ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası»na edilən dəyişikliyə görə, bundan sonra ipoteka krediti ilə orta bazar qiymətindən baha mənzillər də almaq olar. Məsələ bundadır ki, əvvəlki varianta görə, ipoteka kreditləri o evlərin alınmasına verilə bilərdi ki, həmin evlərin 1 kvadratmetrinin qiyməti yerləşdiyi ərazidəki orta bazar qiymətindən yüksək olmasın. İndi isə bu tələb yalnız güzəştli ipoteka kreditlərinə aiddir. Yəni yalnız güzəştli ipoteka krediti alanlar bahalı mənzil ala bilməzlər, adi ipoteka krediti götürənlər isə orta qiymətdən baha mənzillər də ala bilər.

Mənzillər hökmən təmirli olmalı deyil

Qaydaya edilən digər dəyişiklik isə ipoteka ilə satılan mənzillərin hökmən təmirli olması tələbini aradan qaldırıb. Belə ki, əvvəlki varianta görə, ipoteka krediti ilə yalnız təmirli mənzillər satıla bilərdi. Yeni variantda isə həmin hissə çıxarılıb. Yəni indii ipoteka kredit ilə təmirli olmayan evləri də almaq mümkündür. 

İpoteka kreditinin maksimum məbləği də dəyişir

Digər mühüm yenilik ipoteka kreditinin maksimum məbləğinə aiddir. Qaydalardan maksimum məbləğlə bağlı tələb götürülüb. Belə ki, qaydaların əvvəlki variantına əsasən, ipoteka kreditinin maksimum məbləği Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalı idi. İndi isə bu hədd aradan qaldırılır – yarımbənddə bu tələb çıxarılıb. Əvəzində bildirilir ki, kreditin maksimum məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında İpoteka Fondunun Müşahidə Şurası tərəfindən müəyyən edilir. Başqa sözlə, ölkədəki sosial-iqtisadi vəziyyətdən asılı olaraq  ipoteka kreditinin maksimum məbləği artıb-azala bilər. Bir neçə gün əvvəl isə bu qaydaya da yenidən baxılıb. 

İlkin ödəniş məbləği də dəyişib

Digər maraqlı yenilik ipoteka kreditinin alınan mənzilin dəyərinin hansı hissəsi qədər olmasına, daha sadə desək, müştəri tərəfindən ödənilən ilkin ödənişin məbləğinə  aiddir.


Qeyd edək ki, güzəştli və güzəştsiz ipoteka kreditlərində bu məbləğlər fərqlidir. Yəni güzəştli kreditlərdə ilkin ödəniş daha az olur. Əvvəlki varianta görə, güzəştli ipoteka kredit veriləndə ilkin ödəniş 10% olmalı idi. Qalan 90% kredit şəklində veriləcəkdi. Bu isə onunla nəticələnirdi ki, vətəndaş, hətta 10%-dən də artıq ilkin ödəniş edə bildiyi halda cəmi 10% ödəniş edib, qalan hissəni kredit götürməli və daha çox kredit qaytarmalı idi. İndi isə bu məsələ bir qədər yumşaldılıb. Bildirilir ki, ilkin ödəniş 10%-dən az olmamalıdır. Amma müştəri istəsə daha artıq ödəniş edə bilər.
 
Adi ipoteka kreditlərində isə dəyişiklik daha ciddidir. Əvvəlki varianta görə, adi ipoteka kreditlərində ilkin ödəniş 15-25% arasında dəyişə bilərdi. Yəni 15%-dən az, 25%-dən isə çox olamalı idi. Bu məhdudiyyət ona səbəb olurdu ki, müştəri hətta daha artıq ilkin ödəniş etmək imkanı olsa da, maksimum 25% ödəyə bilərdi, qalan 75% isə kredit kimi götürülməli idi. İndi isə ilkin ödənişin yuxarı həddi götürülüb. Nəticədə müştəri azı 15% ilkin ödəniş etməlidir, amma müştərinin daha artıq ilkin ödəniş qabiliyyəti varsa, onu edə biləcək.
 
Sonrakı proseslər, isə hökumətin bu məsələdə daha da böyük güzəştlərə gedəcəyini göstərdi. Beləliklə, hadisələri xronoloji ardıcıllıqla izləsək:

23 oktyabr – kreditin maksimum məbləği 150 min manata qaldırıldı

“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb. Qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb. Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb.  

27 oktyabr – ipoteka faizləri və ilkin ödəniş aşağı salındı

Əvvəl «Unibank», sonra isə digər banklar ipoteka kreditləri ilə bağlı növbəti «yumşalma»nı elan etdilər. Bundan sonra adi ipoteka kreditləri illik 8% deyil, 7%-lə veriləcək. İlkin ödəniş də konkret həddə - 20% də qərarlaşdı.
Üç gün sonra oxşar şərtləri "Bank of Baku" da elan etdi. 

7 noyabr – «Yumşalma» şərtləri sosial mənzillərə də şamil edildi

Prezident İlham Əliyevin fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasında dəyişiklik edilib. İlkin ödənişin yalnız 10% olması ilə bağlı tələb burda da tətbiq edilib. Yəni vətəndaş öz istəyi ilə daha yüksək ilkin ödəniş edə bilər.

10 noyabr – təmir şərti ləğv edilir

Bu dəfə Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.

Əsas dəyişiklik, mənzilin təmirli olmasmı ilə bağlıdır. İpoteka kreditiilə alınan mənzillərin təmirli olması tələbi qanunvericiliyə iki il əvvəl salınıb. Həmin vaxt hökumət iki məsələni hədəfləyirdi – kifayət qədər məbləğ tutan təmir  işlərinin də vergiyə cəlb edilməsi və mənzillərin yaşayış üçün hazır şəkildə təqdim olunması. Amma indiki vəziyyətdə, yəni iqtisadiyyata  təcili pul buraxılması tələb olunduğu vaxtda bu məsələlər arxa plana keçir. Üstəlik, şirkətin təmir edib baha satdığı mənzilin təmiri müştərini qane etməyə bilər, məhz ona görə, bu məsələ əvvəlki kimi vacib sayılmır.  Digər tərəfdən, bir qədər əvvəl tətbiqinə başlanan qabaqcadan qeydiyat proseduru bu məsələni avtomatik həll edir. Yəni mənzilin sənədləşməsi daha vacibdir, nəinki müştərinin bu mənzildə dərhal yaşamağ başlaması.

10 noyabr – bazar qiyməti şərti aradan qalxır

NK-nin adı çəkilən qərarında digər mühüm yenilik, mənzillərin 1 kvadratmetri üçün bazar qiymətinə baxılması tələbinin ləğv edilməsidir. Daha dəqiqi bu şərt bundan sonra yalnız güzəştli kreditlərə aid olacaq. Adi ipoteka kreditləri ilə isə daha bahalı mənzillər də almaq mümkün olacaq. Nəticədə, tələblərə cavab verən şəxs ipoteka krediti göğürüb hətta kvadratı 5 min manat olan evlər də ala bilər.
Bu qayda ipoteka şərtlərində ciddi yenilik sayıla bilər. Məsələ bundadır ki, indiyədək verilən ipoteka kreditlərinin (762 milyon manat) 70%-i (537 milyon manatı) adi kreditlər, yalnız 30%-i (225 milyon manat) güzəştli kreditlər idi. Yəni kreditlərin böyük hissəsi üçün bazar qiyməti şərti olmayacaq.

İş yerindən arayış sadələşir

Daha bir yenilik ipoteka krediti götürənin ödəmə qabiliyyətinin müəyyən edilməsi ilə bağlıdır. Fondun normativ sənədlərinə edilən dəyişikliklərə görə, kredit götürən şəxs iş yerindən arayış təqdim etdikdə, son aylar ərzində çalışdığı iş yerini göstərməli olmayacaq. Belə ki, indiyədək müştəri son 6 ay və ya 1 il ərzində çalışdığı iş yerini göstərməli idisə, hazırda, sadəcə iş yerindən işləməsi haqqında arayış kifayət edəcək.
 
Başqa sözlə, hökumət əhalini ipotkka kreditlərinə həvəsləndirmək  üçün indiyədək ipoteka kreditinin verilməsinə mane ola biləcək şərtləri aradan qaldırmaqla, kobud desək kreditin «klapanlarını» açmaqla məşğuldur. Bunun bazara necə təsir edəcəyi və əhalinin bu güzəştləri necə qiymətləndirəcəyi isə yaxın vaxtlarda məlum olacaq.

© FED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291