ƏMLAK

Mənzil təminatı ilə bağlı Strateji Yol Xəritəsi üzrə hansı işlər görülüb? – MONİTORİNQ
13 SENTYABR
186

Mənzil təminatı ilə bağlı Strateji Yol Xəritəsi üzrə hansı işlər görülüb? – MONİTORİNQ

2017-09-13 14:45:00

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb. Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Stateji Yol Xəritələrinin ilk 6 ay ərzində icrasının monitorinqi ilə bağlı hesabata əsasən xəbər verir ki, bu ilin birinci yarısında “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 23 faizinin icrası tamamlanmış, 65 faizinin icrası üzrə işlərə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-cı il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan “Yasamal” yaşayış kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilmişdir.

“Yasamal” yaşayış kompleksinin sahəsi 11,6 hektar təşkil edir, bu ərazidə 29 çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlı olacaqdır. Birotaqlı mənzillərin sahəsi təqribən 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcəkdir. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaqdır. Kompleksin ərazisində bir sıra sosial obyektlərin, o cümlədən 240 yerlik uşaq bağçası və 960 şagird üçün orta məktəb binalarının tikintisi nəzərdə tutulmuşdur.

Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi məqsədilə güzəştli mənzil tikintisinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilmişdir. Hövsan layihəsi üzrə işlərə başlanılmışdır. Bununla yanaşı, 2017-ci il mayın 30-dan etibarən “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında fəaliyyətə başlamışdır.

Bu sistem vasitəsilə müraciətlərin qəbulu həm “Elektron hökumət” portalı üzərindən, həm də 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçirilir. Fəaliyyətə başladığı gündən 2017-ci il iyunun 30-dək bu sistem vasitəsilə 5283 müraciət qəbul edilmiş, 4839 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilmişdir.

Monitorinqin nəticəsinə əsasən bu sahədə əsas problemlərdən biri mənzil tikintisi proqnozunun alternativ maliyyələşdirmə mənbələri hesabına hazırlanması üzrə araşdırmalar aparılmamasıdır. Digər tərəfdən, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə iş aparılmayıb.

İİTKM tövsiyə edir ki, mənzil tikintisi proqnozunun hazırlanması məqsədilə donor təşkilatlar vasitəsilə maliyyələşdirmə imkanlarından istifadə edilməsini və dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi ilə bağlı tədbirlər planı hazırlansın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287