ƏMLAK

Tikilməyən və inşası başa çatmayan evləri qeydiyyata almaq mümkündür
16 AVQUST
509

Tikilməyən və inşası başa çatmayan evləri qeydiyyata almaq mümkündür

2017-08-16 12:16:00

Tikilməyən və inşası başa çatmayan evləri qeydiyyata almaq mümkündür.

Əmlak Məsələlər Dövlət Komitəsindən (ƏMDK) bildiriblər ki, son illər ölkədə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır.

Komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağırışlara əsaslanan yeni mexanizmlər tətbiq olunur. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı hər tərəfli işlər görülür. Bunlardan biri daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir.

Qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tiklinin qeydiyyata alınmasıdır. Mexanizmin bir sıra üstünlükləri var. Belə ki, artıq bir mənzil bir neçə şəxsə satılmayacaq. Qabaqcadan qeydiyyat vasitəsilə inşa edilmiş çoxmərtəbəli binada yerləşən bir evin və ya qeyri-yaşayış sahəsinin bir neçə vətəndaşın adında olmaq ehtimalı belə ləğv olunur. Eyni zamanda, qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatların həyata keçirilməsini təmin edir. Ən vacib məsələlərdən biri çıxarış olmadan da ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri yerinə yetirmək mümkündür. Başqa sözlə vətəndaşlar hazır olmayan, tikintisi yarımçıq olan evlər üçün də ipoteka götürə bilər. Həmçinin mexanizm alınan evin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Satılan mənzilin və ya obyektin, həcminin sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablamasına imkan verir. Eyni zamanda, qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğin rəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırılır. Bundan başqa, mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır.

Prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişiklik edilməsi ilə bağlı 2017-ci il 4 aprel tarixində imzaladığı Fərman, daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Belə ki, dəyişikliyə əsasən ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mümkün olacaq. Bu isə vətəndaşlarda, Mənzil Tikinti şirkətlərində qabaqcadan qeydiyyat mexanizminə marağı artıracaq.

Qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fiziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir. Bundan başqa alqı-satqı zamanı baş verə biləcək qanun pozuntularının aradan qaldırılması, bazarda leqal əmlakların sayının artırılması, vətəndaşların gələcəkdə daha operativ şəkildə çıxarışla təmin olunması da mexanizmin əsas vəzifələrindəndir.

Mexanizm vasitəsilə bütün kateqoriyaya aid edilən əmlaklar - fərdi yaşayış, bağ evi, çoxmərtəbəli yaşayış binaları, həmin binadakı mənzillər, əmlak kompleksi, qurğular qabaqcadan qeydiyyata alına bilər. Hətta vətəndaşın kommersiya obyektlərini də hələ tikilməzdən əvvəl və ya tikintisi yarımçıq olduğu halda qabaqcadan qeydə almaq imkanı var.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 17-ci maddəsi qabaqcadan qeydiyyatın aparıldığı halları, həmçinin bu qeydiyyat üçün hansı sənədlərin lazım olduğunu müəyyən edir. Vətəndaş tikintisinə icazə sənədlərini, plan cizgini və tələb olunan digər sənədləri təqdim etməklə əmlakının qabaqcadan qeydiyyatını apara bilər. Mülkiyyət hüququnun adi qaydada qeydiyyatından fərqli olaraq, qabaqcadan qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla deyil, arayışla rəsmilləşdirilir.

Arayışda ayrı-ayrı daşınmaz əmlak növləri üzrə lazımi məlumatlar da göstərilir. Məsələn çoxmərtəbəli yaşayış binasına mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışda digər məlumatlarla yanaşı, binanın mərtəbələrinin, girişlərinin sayı, burada nəzərdə tutulan mənzillərin sayı, binanın ümumi sahəsi, o cümlədən yaşayış və qeyri-yaşayış obyektlərinin sahəsi göstərilir. Bu məlumatlar binanın tikintiyə icazə sənədlərindən götürülür. Mənzil üçün arayışlarda onun hansı mərtəbədə yerləşməsi, otaqlarının sayı, ümumi və yaşayış sahəsi göstərilir. Sonradan həmin arayış və kredit müqaviləsi əsasında mənzilin kredit verən bankın xeyrinə ipotekası haqqında müqavilə bağlanır. Bu müqavilə notariat qaydada təsdiqlənərək dövlət reyestrində qeydiyyata alınır.

Tikinti şirkətləri binanın inşası zamanı tikilən hər mənzili əvvəlcədən qeydiyyata aldırmaqla həm öz işini asanlaşdırır, həm də vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsinə şərait yaradır. Qabaqcadan qeydiyyatın məbləğinə gəlincə bildirilməlidir ki, vətəndaşın ödəyəcəyi məbləğ əmlakın sahəsinə, yerləşdiyi mövqeyə və digər parametrlərə görə dəyişir.

Əmlak Məsələləri Dövlət Komitəsi qabaqcadan qeydiyyatla bağlı ictimaiyyət arasında təbliğat və maarifləndirmə işlərini də həyata keçirir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291