ƏMLAK

Güzəştli mənzillərin əldə edilməsi proseduru müəyyənləşib
25 MAY 2017
774

Güzəştli mənzillərin əldə edilməsi proseduru müəyyənləşib

2017-05-25 09:10:00

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə elektron “Güzəştli mənzil” sisteminin (elektron sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiqlənən “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Elektron sistemin fəaliyyətinin təşkili və inkişafı elektron sistemin inzibatçısı (inzibatçı) – Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (Agentlik), elektron sistemin fəaliyyətinin təmin edilməsi elektron sistemin operatoru (operator) – “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin ediləcək. Elektron sistem “Elektron hökumət” portalında (portal) yaradılacaq və ona inteqrasiya ediləcək. Elektron sistem Azərbaycan vətəndaşlarının Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına xidmət edir. Elektron sistem vasitəsilə Agentliyin sərəncamında güzəştli qiymətə olan  mənzillər müəyyən edilmiş şərtlərlə satışa çıxarılır. Həmin mənzillərə Agentliyin, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binaları inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzillər aid edilir. Agentliyin və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin satışı “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. İnvestorun sərəncamında olan mənzillərin satışı investor tərəfindən həyata keçirilir.

Elektron kabinet mənzilləri güzəştlə əldə etmək hüququ müəyyən edilmiş istifadəçilərə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qərarı əsasında verilən, elektron sistemin istifadəçisinin yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə portalda autentifikasiyadan keçməklə elektron sistemə daxil olmasına imkan verən və həmin elektron sistemdə yaradılan, istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, habelə onun sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir. Elektron sistem vasitəsilə aşağıdakılar təmin edilir:

- mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatın olması;

- mənzillər barədə interaktiv formada ətraflı məlumatın olması (mənzilin tərkib hissəsi olduğu binanın nömrəsi, binada mənzillərin sayı, mənzilin sahəsi, satış qiyməti, ünvanı, yerləşdiyi mərtəbənin mərtəbə planı və s.);

- mənzili güzəştli qiymətə ipoteka krediti hesabına əldə etmək istəyən şəxsin imkanının ipoteka kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;

- mənzili güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq Operatora göndərilməsi;

- mənzil seçildikdə, bu barədə məlumatın həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olan iştirakçı-operatora göndərilməsi;

- mənzili güzəştli qiymətə ipoteka krediti hesabına əldə etmək istəyən şəxsin “Elektron ipoteka” sisteminə yönləndirilməsi və həmin sistemdə avtomatik qeydiyyata alınması;

- mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan məlumatların alınması;

- mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər üçün elektron kabinetin yaradılması;

- mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət edən şəxslərin Operator tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması;

- Qaydada nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi, habelə həmin bildirişlərin göndərilməsi ilə bağlı məlumat mübadiləsi pəncərələrinin yaradılması və onların elektron kabinetdə yerləşdirilməsi;

- mənzilləri güzəştlə əldə etmək hüququ olan istifadəçilər üçün mənzillərin müxtəlif meyarlar üzrə (yerləşdiyi binanın ünvanı, mərtəbəsi, otaqlarının sayı, ümumi sahəsi üzrə) istifadəsi sadə olan axtarış imkanının yaradılması;

- mənzilin ünvan əsasında elektron qaydada seçilməsi;

- mənzilin seçilməsi zamanı ödəniş üsulunun müəyyənləşdirilməsi;

- seçilmiş mənzili digər şəxslərin seçməsi imkanının məhdudlaşdırılması;

- mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciət edənin elektron kabinetində məlumatın yerləşdirilməsi;

- elektron sistemin istifadəçiləri arasında sorğuların keçirilməsi və nəticələrinin ümumiləşdirilməsi;

- ödənişlərin elektron formada həyata keçirilməsi imkanının yaradılması;

- maliyyələşdirilmiş ipoteka kreditləri üzrə İnzibatçı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti arasında məlumat mübadiləsinin portal vasitəsilə təşkil edilməsi;

- mənzillər, o cümlədən ipoteka krediti hesabına təqdim edilmiş mənzillər barədə (onların ünvanı, otaqlarının sayı və s. dəqiq göstərilməklə) daim yenilənən statistik məlumatların olması.

Elektron sistemin fəaliyyəti ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi, mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi və mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatların elektron sistemə ötürülməsi təmin edilir. Eyni zamanda mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar da elektron sistemə ötürülməlidir.

Qeyd edək ki, gənc ailənin üzvü olan şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən, fəlsəfə doktoru elmi dərəcəsi olan və idman sahəsində xüsusi xidmətləri olan (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer) şəxslər, beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda elmlər doktoru elmi dərəcəsi olan və ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxslər, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır