ƏMLAK

Bakıda kirayə evlər sürətlə bahalaşır – QİYMƏTLƏR
22 MAY 2017
3050

Bakıda kirayə evlər sürətlə bahalaşır – QİYMƏTLƏR

2017-05-22 12:08:00

Bakıda kirayə mənzillər son bir ayda kəskin bahalaşıb. Söhbət şəhərin mərkəzi hissələrində yerləşən 1 və 2 otaqlı yeni mənzillərdən gedir. Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, son bir ayda ölkəyə gələn turistlərin artması, İslam Oyunlarının keçirilməsi Bakıda günlük kirayə mənzillərə tələbi artırıb. Nəticədə, kirayə qiymətlərində xeyli artım müşahidə edilir.

İslam Oyunlarına görə kirayə evlərə tələb artıb

Ekspert bildirib ki, turistlər adətən orta qiymətli kirayə evlərə və yaxud hotellərə üstünlük verirlər. Hazırda isə Bakıda hotellərin qiymətləri ya çox yüksəkdir, ya da çox aşağıdır. Şəhərin mərkəzində 4 ulduzlu hoteldə 1 otaqlı nömrənin qiyməti 90 manat, 2 otaqlı mənzil 150-160 manatdır. Günü 20-30 manat olan ucuz hotellər isə şəhərdən çox kənardır və kefiyyətsizdir. Digər tərəfdən nəqliyyata sərf edilən vaxtı və xərcləri nəzərə alsaq bu da turist üçün əlverişli deyil.

Aylıq kirayə mənzilləri turistlərə günlük verməklə qazanırlar

Bunu analiz edən şəxslər şəhərin mərkəzi hissələrində bütün avadanlığı olan 500-1000 manata kirayə evləri sahibindən bir neçə aylıq kirayə götürürlər. Kirayə xərci 20-30 manat təşkil edən evi xarici turistlərə 50-70 manata təklif edirlər.

Tarqovu”da hətta evini hostel edənlər var

Nəticədə İçərişəhər, Sahil Metrosu, 28 May küçəsi, “Tarqovu”, Gənclik, N. Nərimanov metrosu və digər mərkəzi hissələrdə evlərin kirayəsinə tələb artıb. V. Hüseynov deyib ki, hətta, “Tarqovu”da evlərini hostel kimi turistlərə kirayə verənlər var.

Sosial şəbəkələrdə və kiçik saytlarda xarici dildə elanlar verilir

Ekspertin sözlərinə görə, bunu yerli əmlak elanı saytlarında kirayə verilən mənzillərlə bağlı müşahidələr də göstərir: “Yerli əmlak saytlarından gündə 20-30 kirayə ev çıxarılır. Bunu araşdırdıq. Məlum oldu ki, şəhərin mərkəzi hissəsindəki kirayə evlər xarici dildə sosial şəbəkələrdə və kiçik saytlarda turistlərə təklif edilir”.

Kirayə mənzillər 50%-dən çox bahalaşıb

Nəticədə, bu ərazilərdə 1-2 otaqlı mənzillərin kirayəsi 50%-dən çox bahalaşıb. Məsələn, aylıq kirayəsi 500-700 manata olan 1 otaqlı mənzil indi 1100 manata təklif edilir. 600-800 manata təklif edilən kirayə evlər isə 1200 manata kimi bahalaşıb.

Bahalaşma müvəqqətidir”

V.Hüseynov bu tendensiyanın müvəqqəti olduğunu bildirib: “ Qarşıdan “Formula 1” yarışları gəlsə də, adətən varlı təbəqədən olan insanlar bu yarışlara maraq göstərir. Belə şəxslər isə bahalı hotellərdə qalmağa üstünlük verirlər. Digər tərəfdən, yay aylarında xarici turistlərin Bakıya marağı azalır. Belə olan halda kirayə mənzillərə tələbin azalması, kirayə qiymətlərini yenidən əvvəlki səviyyəyə qaytara bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır