ƏMLAK

İlk milli naviqasiya sistemi işə düşdü – “AzNav”
23 FEVRAL 2017
1468

İlk milli naviqasiya sistemi işə düşdü – “AzNav”

2017-02-23 12:44:00

Əmlak Məsələləri Dövlət Komitəsi  ölkənin ilk milli Naviqasiya Sistemi - “AzNav”ı təqdim edib. Fins.az xəbər verir ki, tədbirdə sistemin canlı rejimdə fəaliyyəti nümayiş etdirilib.

Artıq yeni sistem əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.

Telefon sizə  yol göstərəcək

Qeyd edək ki, “AzNav”ın həm onlayn, həm də offlayn rejimdə işləyir. Sistem "Android", "iOS" (Apple), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda və eyni zamanda telefon və planşetlərdə əlçatandır. "Android" əməliyyat sistemli mobil qurğulara (telefon, planşet və s.) proqramı yükləmək üçün "Play Market"ə daxil olub "AzNav" yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür.

"İOS" əməliyyat sistemli mobil qurğular (telefon, planşet və s.) üçün isə proqramı "App Store"dan yükləmək mümkündür.

Bina nömrələri ilə tapmaq olacaq

Digər özəlliyi odur ki, “AzNav” Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir.

Naviqasiya Proqramı nəinki ünvana görə, həmçinin seçilmiş obyektə görə də marşrutu göstərir. Seçilmiş yolla hərəkət zamanı nəqliyyat vasitəsinin maksimal sürətini, yol üzərində olan radarları, döngə nöqtələrini, parklamaları, yanacaqdoldurma məntəqələrini, digər xidmət, ictimai iaşə obyektləri, yol keçidləri və tıxacları bildirir. Nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir.

Milli Naviqasiya Sisteminin daha bir üstünlüyü odur ki, həm yeni, həm də köhnə ünvan konsepsiyası əsasında çalışır. Yəni, ünvana görə axtarış həm “giriş (binanın bloku) nömrələrinə” (yeni konsepsiya), həm də bina nömrələrinə (əvvəlki konsepsiya) görə həyata keçirilə bilər. Digər axtarış funksiyaları da mövcuddur ki, bunlar obyektə (POİ) görə, koordinata görə, yol kəsişmələrinə görə naviqasiya seçimləridir. Tapılmış obyektlərin (POİ) tipinə görə göstərilməsi mümkündür.

Məni “Evə apar”

Digər axtarış funksiyaları da mövcuddur ki, bunlar  obyektə (POİ) görə, koordinata görə, yol kəsişmələrinə görə naviqasiya seçimləridir Eyni zamanda, proqramda "odometr" funksiyası da aktivdir. “Evə apar” funksiyası isə cari məntəqədən “ev” kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasına imkan verir.

Proqram vasitəsilə başqa istifadəçilərlə əks əlaqə imkanı da var. Belə ki, cari məntəqənin koordinatları, obyektlər, yol kəsişmələri və marşrutlar haqda məlumat SMS, "WhatsApp", "facebook" və "e-mail" vasitəsilə başqa istifadəçilərlə paylaşıla bilər.

Avropada da istifadə etmək olar

Proqramın digər spesifikası Azərbaycanın xəritəsi ilə yanaşı, başqa ölkələrin (Avropa, Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələri) xəritələrini də özündə əks etdirməsidir. Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5 321 yaşayış məntəqəsi, 759 227 bina və tikili, 77 972 maraq nöqtəsi POİ (obyektlər), 117 körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

Beləliklə, yeni milli layihə ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır