ƏMLAK

"Əmlak kalkulyatoru" işə düşdü
12 YANVAR
1159

"Əmlak kalkulyatoru" işə düşdü

2017-01-12 13:06:00

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatında daha bir yenilik - "Əmlakın qeydiyyatı Kalkulyatoru" vətəndaşların istifadəsinə verilib.

Bu barədə Fins.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, indi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.gov.az) ilk dəfə olaraq "Əmlakın qeydiyyatı Kalkulyatoru" yaradılaraq əhalinin istifadəsinə verilib. Komitə tərəfindən bu gün media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və tapşırıqlarına əsasən əmlakın qeydiyyatı sisteminin sadələşdirilməsi, sosial innovasiyaların tətbiqi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Bildirilib ki, "Əmlakın qeydiyyatı kalkulyatoru"nun təqdimatına həsr olunmuş bu tədbir də belə yeniliklərin davamıdır. Bu mühüm addımın qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədini daşıdığı nəzərə çatdırılıb. Qeyd edilib ki, "Əmlakın qeydiyyatı kalkulyatoru" sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.

Qeyd edilib ki, indiyədək aparılan islahatlar və tətbiq edilən yeniliklər sayəsində əmlakın qeydiyyatı qat-qat sadələşib. Hazırda tətbiq olunan "bir pəncərə" prinsipi sayəsində fiziki və hüquqi şəxslər öz əmlaklarını yalnız bir ünvana - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə rahatlıqla sənədləşdirirlər. Digər sosial tədbirlər sırasında komitənin "Kütləvi çıxarış" kampaniyası və mobil ofis xidmətləri xüsusilə vurğulanıb. Qeyd olunub ki, bu xidmətlər sayəsində hətta ən ucqar kəndlərdə, qəsəbələrdə belə qeydiyyat xidmətləri vətəndaşlara əlçatan olub. Vətəndaşlara məxsus çoxsaylı mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri respublika üzrə müntəzəm keçirilən belə kampaniyalar çərçivəsində sənədləşdirilir.

Qeyd edək ki, indiyədək görülən tədbirlər nəticəsində Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə, dünyada ön sıralarda dayanır. Bunu hər il dərc olunan "Doing Business" beynəlxalq hesabatının reytinq göstəriciləri də təsdiq edir. Ölkəmizdə əmlakın qeydiyyatı dünyanın inkişaf etmiş ölkələrinin bir çoxundan sadə, rahat və operativdir, qeydiyyat prosesinə daha az prosedur və müddət sərf edilir. Nəticədə əhalinin əmlakın qeydiyyatına marağı artmaqda, ölkədə qeydiyyata alınmış əmlakların sayı yüksəlməkdədir.

Tədbirdə "Əmlakın qeydiyyatı kalkulyatoru"ndan istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya komitənin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi bütün xidmətlərini əhatə edir. "Əmlakın qeydiyyatı kalkulyatoru" sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Belə ki, daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqı elektron qaydada hesablanır. Hesablanmadan əvvəl istifadəçi əmlakın yerləşməsi və sahəsini də qeyd edir və bu xüsusiyyətlər də nəzərə alınmaqla yekun rəqəm göstərilir. Eyni zamanda, bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydasıyla aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var. İstifadəçilər kalkulyatordan maraqlandıqları xidməti, əmlaklarının olduğu şəhər-rayonu, eləcə də xidmətin hansı müddətə göstərilməsini seçərək ödəyəcəkləri dövlət rüsumu və xidmət haqqını dəqiq bilmiş olur.

Bu yenilik qeydiyyat prosesinin daha yaxşı planlaşdırılmasına, daşınmaz əmlakın qeydiyyatı və digər xidmətlərin daha əlçatan və sadə olmasına imkan verəcək və əhalini əmlakını sənədləşdirməyə həvəsləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298