ƏMLAK

Elə evlər tikməliyik ki, enerjiyə tələbat "0" olsun
01 DEKABR
1118

Elə evlər tikməliyik ki, enerjiyə tələbat "0" olsun

2016-12-01 09:49:00

Noyabrın 28-də Tarif Şurası elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərar verib. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əslində hər iki qərar differensiallaşma məqsədi daşıyır. Rəylərə görə, mövcud dəyişiklik daha çox böyük evləri, obyektləri və s. olan təbəqəyə qismən təsir göstərəcək. Maraqlıdır, qərardan sonra fərdi evlərin qiymətində və tikintisində nələr dəyişəcək?

Qənaət kombidən yox, məhz evin tikinti üslubundan başlayır

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev  bildirdi ki, fərdi evlərin tikilmə üslubunda iqlim faktoru ilə yanaşı, onun gələcək istismar xərcləri də nəzərə alınır:

“Məsələn, qaz və elektrik baha olan ölkələrdə evləri elə tikməyə çalışırlar ki, onların qaz və işıq istehlakı az olsun. Bu isə tikinti zamanı enerjiyə qənaət etməyə imkan verən tikinti texnologiyaları və tikinti materiallarının istifadəsini stimullaşdırır. Bizdə istifadə edilən tikintilərdə enerjiyə qənaət ən son yerdə dayanır. Bəli, məsələn kombi alanda onun gücünə və qənaətçilliyinə fikir verirlər. Ancaq qənaət kombidən yox, məhz evin özündən başlayır, yəni onun tikinti üslubundan. Qaz və işığın qiymətinin artırılması daha çox həyət evində yaşayanlara zərbə vurur. Çünki adam başına istifadəyə görə bu evlərdə xərclər daha çoxdur. Ancaq bu o demək deyil ki, bina evlərində vəziyyət o qədər yaxşıdır. Qiymət artımının əmlak bazarına təsiri haqda danışmaq hələ tezdir və hesab edirəm ki, təsirsiz ötüşəcək. Ancaq ölkənin tikinti sektoruna təsir göstərəcək. İlk növbədə tikinti zamanı artıq istismarda enerji qənaətinə imkan verən texnologiyaların tətbiqi məsələlərinə diqqət göstərməyə başlayacaqlar. Bu növ inşaat materiallarına təlabatın artımı da gözləniləndir. Ancaq bu tədricən baş verəcək”.

Tikinti köhnə standartlarla aparılır

Hazırda bütün dünyada enerjiyə qənaət tədbirləri arasında enerji effektivliyi məsələsi mühüm yer tutur. Avropa İttifaqının hədəflərinə görə, 2020-ci ildən sonra Avropada tikilən bütün binalar “sıfır” enerji tələbatlı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda da enerjinin yarıdan çoxu binaların qızdırılmasına sərf olunur, bu sahədə qənaət vacib amildir. Lakin keçmiş sovet respublikalarının əksəriyyətində olduğu kimi, Azərbaycanda da binaların, fərdi evlərin layihəsi onların qızdırılmasına sərf edilən istilik enerjisini demək olar ki, havaya sovrur. Ekspert hesablamalarına əsasən, Bakıdakı köhnə və yeni tikilmiş müasir binaların 1 kv. metr yaşayış sahəsinin qızdırılmasına ildə 250 kVt/saat enerji sərf edilir. Müqayisə üçün bildirək ki, iqlimi qat-qat soyuq olan Türkiyədə binaları qızdırmaq üçün bundan 2-3 dəfə az enerji kifayət edir.

Tikinti mütəxəssisləri deyir ki, enerji itkilərinin əsas səbəblərindən biri tikinti normativlərinin köhnəlməsidir. Belə ki, SSRİ dövründə tikilən binalarda enerji effektivliyi nəzərə alınmayıb. Məsələn, “Xruşşov”, “Stalinka”, “Leninqrad”kimi layihəli binalarda istiliyin saxlanması çətindir. Rayonlarda tikilən böyük aynabəndli evlərdən isə danışmağa dəyməz. Maraqlıdır ki, yeni tikilən binalar da enerji effektivliyi baxımından köhnələrdən çox fərqlənmir. Çünki onlar da hazırda qüvvədə olan köhnə tikinti standartları əsasında inşa olunur. Yeni binaların tikintisində bu kimi tədbirlər standartlardan kənara çıxmaq, layihənin qiymətini əsassız olaraq artırmaq hesab edilir.

Məlumat üçün bildirək ki, ev tikintisi zamanı enerji qoruyan texnologiyalar Avropa və ABŞ-da elə buna qədər də uzun illərdir ki, istifadə olunur. Bu texnologiyaların tətbiqi ilə tikilən aşağı enerji sərfiyyatlı evlər adlanır. Onların hər 1 kv. metrinə sərf olunan enerjinin 15 kVt/saatdan çox olmaması hədəflənir. Bu enerji isə elə həmin binanın üzərində quraşdırılmış alternativ enerji qurğuları, məsələn, külək generatorları, günəş enerjisi panelləri və s. vasitəsilə alınır. Nəticədə, bina özünü enerji ilə tam təmin edir, kənardan enerji alınmasına ehtiyac qalmır. Belə evlərin tikintisi adi evlərdən bir qədər bahadır, əvəzində, onların istismarı adi evlərdən xeyli ucuz başa gəlir.

Enerjiyə qənaət üçün tikintidə hansı texnalogiyalardan istifadə edilməlidir

Ekspertlər deyir ki, səmərəli texnologiyaların tətbiq olunması nəticəsində, işıqlandırmada, isidilmədə və soyuqlandırmada xeyli enerjiyə qənaət etmək mümkündür. Söhbət təkcə divarların qalınlığından deyil, həm də layihələndirmədən və optimal işıqlandırmadan gedir. Bundan başqa, binanın dam örtüyünə də diqqət yetirilməlidir, çünki ən çox istilik itkisi burada baş verir:

“Enerji effektivliyini artırmaq üçün işlər iki istiqamətdə aparılmalıdır. Əvvəla, effektiv binalar tikilməli, ikincisi, mövcud binalarda müəyyən təmir - renovasiya işləri aparmaqla onların effektivliyi, istilik izolyasiyası artırılmalıdır. Əslində binalarda enerjiyə qənaət işləri layihə işlərindən başlayır - düzgün layihələndirilən binalarda günəş işığından və istisindən maksimum istifadə olunur. Daha sadə desək, evlər elə layihələndirilir ki, günün böyük hissəsində onu günəş işıqlandırır və günəş enerjisi hesabına qızır. Bu isə digər enerjidən istifadəyə ehtiyacı azaldır. Evin səmti isə elə seçilir ki, kənar təsirlər binanın divarlarını çox soyutmasın. Bundan başqa, hündür binalar layihələndiriləndə müxtəlif məsələlər, o cümlədən küləyin sürəti də nəzərə alınmalıdır.

Evlərin tikintisində yüksək izolyasiyaya malik termoprofildən istifadə enerjiyə 40-45%, karkas tikinti texnologiyalarının tətbiqi 40%-dək qənaət etməyə imkan verir. Evlərin termobloklarla tikintisi isə tikinti xərclərini 30% azaltmaqla yanaşı, enerjiyə 20-30% qənaət edir. Effektiv hava nizamlayıcısından rekuperatordan istifadə isə istilik enerjisinin 30-40% qənaətinə imkan verir. Ümumiyyətlə, yeni texnologiyaların tətbiqi enerji sərfini 30%-ə qədər azaldır. Doğrudur, adətən belə evlər adi evlərə nisbətən 5-10% baha başa gəlir. Amma xərc çəkməyə dəyər”.

Mənbə: Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274