ƏMLAK

İpoteka kreditləri bu şərtlərlə veriləcək – YENİ QAYDALAR
25 NOYABR
7038

İpoteka kreditləri bu şərtlərlə veriləcək – YENİ QAYDALAR

2016-11-25 10:41:00

Azərbaycanda "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar dəqiqləşdirilib. Fins.az-ın məlumatına görə, əsas yenilik ipoteka kreditinin məbləğinin 50 min manatdan 100 min manata qaldırılmasıdır. Fins.az əhalinin böyük marağına səbəb olduğunu nəzərə alaraq ipoteka kreditlərində nəzərdə tutulan yenilikləri və yeni şərtləri təqdim edir.

Maksimum məbləğ 100 min manat

Şərtlər

İpoteka kreditləri

Güzəştli ipoteka kreditləri

Maksimal  məbləğ

100 000 AZN

100 000 AZN

Maksimal illik faiz dərəcəsi

8%

4%

Maksimal müddət

25 il

30 il

İlkin ödəniş

15-25%

15%

İpoteka ilə hansı evləri almaq olar?

Qaydalara görə, "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditləri yalnız manatla və yalnız Azərbaycan vətəndaşına verilməlidir. Bu kreditlə yalnız dövlət qeydiyyatına alınmış, yəni «kupça»lı  evlər alına bilər.

İpoteka krediti o evlərin alınmasına verilə bilər ki, onların qiyməti evin yerləşdiyi ərazidəki orta qiymətən yüksək olmasın (1 kvadratmetrin qiyməti olaraq).

İlkin ödəniş nə qədər olacaq?

Qaydalara görə, ipoteka krediti ilə ev alınanda ilkin ödəniş 15-25% arasında olmalıdır. Güzəştli ipotekada ilkin ödəniş evin qiymətinin 15%-i, adi ipoteka kreditlərində isə 15-25% arasında dəyişə bilər. Başqa sözlə, banklar müştərilərdən indiyə qədər olduğu kimi, 30-40% ilkin ödəniş tələb etməyəcəklər. Yalnız müştərinin öz istəyi olduqda ilkin məbləği artıra bilər. 

Aylıq ödəniş nə qədər olmalıdır?

Yeni qaydalarda ipoteka krediti üzrə  aylıq ödənişlərin  həcmi ilə bağlı tələb bir daha dəqiqləşdirilib. Qaydalara görə, ipoteka krediti üzrə aylıq ödəniş borcalanan və ya borcaalanların ümumi gəlirinin 70%-dən artıq olmamalıdır.

Gəlir necə hesablanır?

İpoteka krediti götürən müştərinin gəliri hesablanarkən, onun gəlirindən hər bir ailə üzvünün saxlanması üçün xərclər çıxılmalıdır. Və bu xərc yaşayış minimumundan az götürülə bilməz. Məsələn, müştərinin gəliri 1000 manatdırsa, və onun ailəsində 3 nəfər varsa. Hər bir ail üzvünə görə 146 manat minimum yaşayış xərci çıxılır ( ümumilikdə 438  manat), yerdə qalan 562 manat isə ipoteka məqsədləri üçün istifadə edilə bilər.

Müştərinin neçə yaşı olmalıdır?

Qaydalarda müştərinin yaşı ilə bağlı elə bir tələb yoxdur. Amma qaydaya görə, ipoteka kreditinin bitmə tarixi müştərini pensiya yaşını keçə bilməz. Yəni müştəri ipoteka üzrə ödənişlərini pensiyaya çıxanadək tamamlamalıdır.

İpoteka ilə alının ev girov qoyulur

Xatırladaq ki, ipoteka ilə alının ev, Fondun seçdiyi qiymətləndiricilərdən biri tərəfindən qiymətləndirilir, və girov qoyulur.  Kreditin ödənişi isə annuitet qaydada, yəni hər ay eyni məbləğ olmaqla ödənilməlidir.

Ev də, müştəri də sığortalanmalıdır

Qaydalara görə, həm alınan ev, həm də kreiti götüən müştərinin həyatı kredit məbləğində sığortalanmalıdır.

Güzəştli ipoteka kreditlərini kimlər alacaq?

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

Digər şəxslər

- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270