ƏMLAK

Azərbaycanda iri obyektlər satışa çıxarıldı – BUNDAN KİM QAZANACAQ?
18 NOYABR
472

Azərbaycanda iri obyektlər satışa çıxarıldı – BUNDAN KİM QAZANACAQ?

2016-11-18 10:03:00

Ölkə prezidentinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı sərəncamına uyğun olaraq bu sahədə mütəmadi olaraq dövlət müəssisələri və obyektləri hərraca çıxarılır.

Prosesin başladığı ilk günlərdə kiçik müəssisələr daha çox hərraca çıxarılırdısa, indi iri səhmdar cəmiyyətlərin də özəlləşdirilməsinə start verilib.

Əmlak Məsələləri Komitəsinin özəlləşdirilməyə yeni açılan dövlət müəssisə və obyektlərinin siyahısına nəzər saldıqda burada bir sıra tanınmış səhmdar cəmiyyətlərin adının yer aldığını görmək mümkündür. Məsələn, Səhiyyə Nazirliyinin Nərimanov rayonunda yerləşən Respublika Uşaq Stomatologiya Mərkəzi, Bakıxanov qəsəbəsində yerləşən Tibb texnikasınının təmiri və quraşdırma baza zavodu, Gənclər və idman nazirliyinin Sumqayıtda yerləşən Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin Mehdi Hüseynzadə adına şəhər stadionu, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Ağac Bəzək Bitkiləri sovxozu, "Avtomobil- Nəqliyyatı" təsərrüfatı, "Azərətsüd" İcarə Topdan Satış Birliyi, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı, "Azərdövlətmaşlayihə" institutu TASC, “Azərmetal” Topdan Satış Ticarət Birliyi və.s səhmdar cəmiyyətlərin özəlləşdirilməyə çıxarılması gözlənilir.

Qeyd edək ki, senytabrdan bu günə kimi 150-yə yaxın səhmdar cəmiyyət hərraca çıxarılıb.
Bir sıra səhmdar cəmiyyətlərə isə investisiya qoyuluşu tələb olunur. Bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçalada yerləşən S. Kərimov adına Kür-Təcrübəvi Nərə Balıqartırma Zavodu, Göygöldə yerləşən Çaykənd Qızılbalıqartırma Zavodu, Şirvan Nərə Balıqartırma Zavodu, Varvara Balıqartırma və Balıqyetişdirmə Zavodu, “Azneftkimyamaş” ASC-nin Nərimanovda yerləşən mərkəzi aparatı, Bakı şəhər icra hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi və.s cəmiyyətlərdir.

Həmin müəssisələr özəlləşdirildikdən sonra onların gələcək taleyi, işçilərin əməkhaqqı məsələlərinin necə təşkil ediləcəyi isə sual doğurur.

Fins.az xəbər verir ki, “Qafqazinfo” bununla bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının mövqeyini öyrənib. Situasiyanı şərh edən ekspert qeyd edib ki, bundan əvvəl həmin səhmdar cəmiyyətlərin səhm paketi dövlətin nəzarətində idi: “Bundan sonra isə həmin səhm paketləri özəlləşdirilməyə çıxarılır. Hər hansı hüquqi və ya fiziki şəxs hərrac zamanı həmin müəssisələrin paylarını alacaq. Ola bilər ki, birdən çox şəxs də səhmləri alsın. Hər bir halda bu, iştirakdan asılı olacaq. Bundan sonra həmin müəssisə artıq tam özəl mülkiyyətə veriləcək. Özəl mülkiyyətə veriləndən sonra sahibkar idarəetməni müəyyənləşdirəcək.

Bu zaman əmək haqqı məsələlərini də özlərini həll edəcək. Çox güman ki, müəssisələrdə restrukturuzasiya işləri aparılacaq. Çünki dövlət müəssisələrinin əksəriyyətində restrukturuzasiya işləri aparılmayıb. Kadr, ştat məsələlərində müəyyən problemlər var. Elə ştat vahidləri var ki, onlar əlavə xərc maddələri yaradır”.

Səhmdar cəmiyyətlərə investisiya qoyuluşuna gəlincə isə, ekspert qeyd edib ki, hərrac birbaşa səhmdar cəmiyyətin və ya obyektin satışını nəzərdə tutursa, investisiya müsabiqəsi xaricdən və ya daxildən sahibkarların həmin müəssisənin təkmilləşdirilməsi, daha səmərəli istifadəsi ilə bağlı investisiya qoyuluşuna əsaslanır: “Kimsə müəyyən məbləğdə investisiya yatırır, həmin müəssisənin səhmlərinin bir hissəsini alır. İnvestor idarəetmə prosesində iştirak edir. Ola bilər ki, müsabiqədə iştirak edən investor müəssisənin təyinatını da dəyişsin”.

Bir sıra iri səhmdar cəmiyyətlərin hərraca çıxarılmasının səbəbi barədə də danışan R. Osmanlı vurğulayıb ki, həmin qurumların uzun müddət yığılıb qalmış, icra olunmamış öhdəlikləri var: “Bu cəmiyyətlər demək olar ki, gəlir gətirmirlər. Bəzi səhmdar cəmiyyətlərin isə sadəcə daşınmaz əmlakları icarəyə verilib. İcarədən daxil olan cüzi məbləğdə məsrəflər isə o cəmiyyətin saxlanma xərclərini ödəmir.

Ancaq dövlətin balansında olduğuna görə həmin səhmdar cəmiyyətin öhdəlikləri, kredit borcları yerində qalır. Kredit debütor borcların silinməsi, öhdəliklərin aradan qaldırılması üçün həmin səhmdar cəmiyyətlərin satılması ən optimal varaintdır. Çünki həmin müəssisəni saxlamaq dövlətə heç nə vermir. İldən-ilə borcların həcmi artır. Kimsə cəmiyyəti alıb onun yerində zavod, fabrik, biznes mərkəzi tikir. Həm sahibkar gəlir götürür, həm də yeni əlavə iş yerləri yaradılır. Dövlət büdcəsinə ödəmək üçün müəyyən təminatlar ortaya çıxır. Bərbad vəziyyətdə qalmış ərazilər abadlaşdırılmış olur. Əsas məqsəd də indiki halda həmin müəssisələrin satışından gələn gəliri dövlət büdcəsinə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə yönəltməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271