ƏMLAK

Prezidentə “Bir çox binalar boşdur” dedilər, o, belə cavab verdi
18 NOYABR
4058

Prezidentə “Bir çox binalar boşdur” dedilər, o, belə cavab verdi

2016-11-18 09:25:00

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib və onların suallarını cavablandırıb.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: Cənab Prezident, bildiyimizə görə, ölkənizdə bir neçə jurnalist həbsdə qalmaqdadır. Bizə Əli Həsənov bildirdi ki, onların həbsdə olmaları məhz jurnalistlik fəaliyyətləri ilə bağlı deyil. Onlar xuliqanlıq, vergi pozuntuları və digər bu cür məsələlərlə bağlı həbs olunublar. Bildiyimizə görə, Xədicə İsmayılova həbs olunduqdan sonra “Azad Avropa” radiostansiyasının bürosunun fəaliyyətinin bərpa edilməsinə icazə verilməyib. Ölkə xaricində bəzi jurnalistlər var ki, təqiblərə məruz qaldıqlarını bildirirlər. Siz dünənki çıxışınızda aydın şəkildə qeyd etdiniz ki, Azərbaycanın dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz. Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir. Dünən mən öz çıxışımda da qeyd etdim ki, bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləmişdir. Mən dünənki çı- xışımda onu da qeyd etmişdim ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə mətbuat azadlığının məhdudlaşdırılmasından necə danış- maq olar?! Əgər sosial şəbəkədə – “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma hüququ. Bəzən Azərbaycanı tənqid edirlər ki, bizdə sərbəst toplaş- ma hüququ yoxdur. Bu, yanlışdır. Bunun üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə nəzər salmaq kifayətdir. Qeyd edim ki, onlar oraya çox adam yığa bilmədilər, onların sayı dünən Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçılarının sayından az idi. Lakin onlar azad şəkildə toplaşmışdılar, heç bir məhdudiyyət yox idi. Bir daha qeyd edirəm ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?

Con Danişevski: Bilirsiniz, mən bu məsələ ilə bağlı ekspert deyiləm. Mənim fikrimcə, o, İsveçə geri qayıda, orada prokurorlarla təmasda ola bilər və bu məsələlərlə məşğul ola bilər.

Prezident İlham Əliyev: Onda o, həbs olunacaq, ekstradisiya ediləcək və yəqin ki, ömürlük həbs cəzası alacaq.

Con Danişevski: Mmmmm…. Mən… Mən əmin deyiləm… Bəlkə isveçli həmkarım….

Prezident İlham Əliyev: Mən demək istəyirəm ki, bu cür hallar baş verir və bu cür məsələlərə kontekstdə baxılmalıdır. Hansısa ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir. Heç kim mükəmməl deyil və bütün bu məsələlərə reallıq kontekstində baxılmalıdır.

Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev: Cənab Prezident, keçən il ilk Avropa Oyunlarından əvvəl Bakıda olmuşam. Bir saat bundan əvvəl yola çıxanda çoxlu bina gördük. Lakin onlar indi boşdur. Bakıda gələcəkdə bu böyük idman infrastrukturu ilə nə baş verəcək?

Prezident İlham Əliyev: Hansılarını deyirsiniz?

Maksim Minçev: Bir çox binalar var, onlar boşdur.

Prezident İlham Əliyev: Xeyr, mən belə hesab etmirəm. Çünki mən bilmirəm siz hansı binaları nəzərdə tutursunuz. Lakin onların əksəriyyəti fəaliyyət göstərir. Qeyd etdiyim kimi, Bakıda gördüyünüz yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib. Buna görə onlar boş ola bilməz. Bunlar otellər, ofis mərkəzləri, yaşayış binaları kimi fəaliyyət göstərir. Avropa Oyunları ərəfəsində yenidən qurduğumuz və inşa etdiyimiz idman qurğularına gəldikdə isə onlar fəaliyyət göstərir. Məsələn, bizim Olimpiya Stadionumuz fəaliyyət göstərir və orada futbol oyunları keçirilir. Avropa Oyunları ərəfəsində inşa olunmuş Su İdmanı Sarayı və başqaları da fəaliyyətdədir. Azərbaycan çox məşhur idman ölkəsidir. Bizim çox yaxşı nəticələrimiz var. Yeri gəlmişkən, Avropa Oyunlarında Azərbaycan yığmasının medal sayına görə ikinci yerə çıxması ölkəmizin Oyunlara ev sahibliyi etməsi ilə bağlı deyildi. Düşünürəm ki, Rio Yay Olimpiya Oyunları bunu bir daha göstərdi. Biz Olimpiya Oyunlarında 18 medal qazandıq və Olimpiya Oyunlarında iştirak edən bütün ölkələr sırasında medal sayına görə 14-cü yerdə qərarlaşmışdıq. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiyadan sonra 2-ci, müsəlman dünyasında 1-ci yerdə idik. Sizin Bakıda gördüyünüz bütün bu idman qurğuları fəaliyyətdədir, eləcə də digərləri. Mən hər bir konkret bina haqqında danışa bilmərəm, çünki sizin hansı binanı nəzərdə tutduğunuzu bilmirəm. Lakin onların əksəriyyəti fəaliyyətdədir. Onların bəziləri inşa olunmaqdadır.

Maksim Minçev: “Formula- 1”dən sonra Siz Azərbaycanda gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırsınızmı?

Prezident İlham Əliyev: Əslində, növbəti Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədlik irəli sürmək fürsəti bizdə var idi. Lakin düşündük ki, hazırda biz bunu etməyək. Çünki Avropa Oyunları, demək olar ki, Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdi. Gələn il bizdə İslam Həmrəyliyi Oyunları və böyük uğur qazanmış, çoxlu diqqət cəlb edən “Formula-1” Qran-prisi keçiriləcək. “Formula-1”in 500 milyonluq auditoriyası var. Ola bilsin, burada Olimpiya Oyunları ilə paralellik aparmaq olar. Olimpiya Oyunları 2-3 həftə ərzində keçirilir, sonra isə yekunlaşır. “Formula-1” yarışları isə hər il keçirilir və davam edir. “Formula-1” və Avropa Oyunlarından sonra biz Azərbaycana gələn turistlərin sayında artımı müşahidə edirik. Xüsusilə, məhz ona görə ki, “Formula-1” şəhər halqasında keçirilmişdi. Beləliklə, insanlar təkcə yarışı deyil, şəhəri də izləmək imkanı qazandılar və onlar yeni məkanları görmək və kəşf etmək istəyirlər.

Maksim Minçev: “Formula-1” yarışlarına gələcək 10 il ərzində ev sahibliyi edəcəksiniz?

Prezident İlham Əliyev:

Müddətlə bağlı məndə heç bir əminlik yoxdur. Lakin bilirəm ki, 5 illik müqavilə bağlanmışdır və sonradan o, uzadıla bilər. Yalnız üç şəhər halqası var. Bunlar Bakı, Sinqapur və Monakodur. Yalnız üç.

Mənbə:Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272