ƏMLAK

Ərəb investorlar Azərbaycanda biznes qurmağa maraq göstərir
17 NOYABR
342

Ərəb investorlar Azərbaycanda biznes qurmağa maraq göstərir

2016-11-17 15:53:00

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 16 noyabr tarixində Dubay Ticarət və Sənaye Palatasının sədri cənab Məcid Səif Əl Ğureyrin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşün məqsədi Azərbaycan Respublikası və Dubay Əmirliyi arasında iqtisadi-ticarət əlaqələr çərçivəsində Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi barədə fikir mübadiləsi aparmaq olub.

Nümayəndə heyətini səmimi salamlayan Komitə sədri öz nitqində təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirib. Ölkəmizdə gerçəkləşən genişmiqyaslı islahatlar fonunda əmlak idarəçiliyi, eləcə də dövlət əmlakının özəlləşdirilməsi sahəsində həyata keçirilən iri layihələr, tətbiq olunan innovasiyalar və əldə olunan nailiyyətlərdən söz açılıb. Komitə sədri ölkəmizdə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin və bu sahəyə investisiyaların cəlb edilməsinin prioritet istiqamət elan olduğunu qeyd edib. Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Komitə sədri müasir yanaşmalar əsasında özəlləşdirmə prosesinin reallaşdırılması üçün qabaqcıl dünya təcrübəsinin öyrənildiyini, bu sahədə “Böyük dördlük” kimi tanınan şirkətlərin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının tövsiyələrinin nəzərə alındığını qeyd edib. Özəlləşdirmə prosesində müasir texnologiyaların, elektron xidmətlərin və innovativ üsulların tətbiq edildiyi, iqtisadiyyatın müxtəlif  sahələri üzrə yeni dövlət müəssisə və obyektlərinin özəlləşdirilməyə açıldığı, özəlləşdirmə üzrə hərracların müasir standartlar əsasında daha modern və operativ qaydada keçirilməsi bildirilib. Komitə sədri həmçinin görüşdə xarici dövlətləri təmsil edən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən olan potensial investorlar üçün Azərbaycanda münbit investisiya mühitinin olduğunu vurğulayıb. Həyata keçirilən özəlləşdirmə prosesində belə investorların və maraqlı tərəflərin fəal iştirakı üçün geniş imkanların yaradıldığı bildirilib.

Görüşdə Komitə tərəfindən digər təşkilatçılarla birlikdə 22-24 noyabr 2016-cı il tarixlərində Bakıda RecExpo II – Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin keçiriləcəyi barədə də məlumat verilib və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Sərgidə iştirak etməyə dəvət edilib.

Qeyd edək ki, görüşdə ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Daşqın Şikarov də iştirak edib.  

Beləliklə, ikitərəfli görüş səmimi dostluq və mehribanlıq şəraitində keçib. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliyi arasında ikitərəfli əməkdaşlıq çərçivəsində dövlət əmlakının özəlləşdirilməsi və investisiyaların cəlb olunması sahəsində geniş təcrübə və məlumat mübadiləsi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272