ƏMLAK

Əmlak Komitəsi özəlləşdirmə üzrə məsləhətçi seçib
07 NOYABR
283

Əmlak Komitəsi özəlləşdirmə üzrə məsləhətçi seçib

2016-11-07 08:42:00

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi istiqamətində növbəti mühüm addım atılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən  (ƏMDK) fins.az-a verilən məlumata görə, Komitə ilə dünya reytinqində “Böyük dördlük” şirkətlərindən biri kimi tanınan “PricewaterhouseCoopers” (PwC) beynəlxalq şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.  

Qeyd edək ki, prezident İlham Əliyev özəlləşdirmə prosesinə investisiyaların təşviqi və dünyada yüksək nüfuza malik beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi barədə tapşırıqlar verilib. Bununla bağlı Komitə tərəfindən qabaqcıl standartlara uyğun özəlləşdirmə prosesinin reallaşdırılması məqsədilə nüfuzlu şirkətlər, investisiya qurumları və beynəlxalq maliyyə institutlarının prosesə cəlb edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. «İlin əvvəlindən etibarən dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən “PwC” ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb. Həmçinin digər müstəqil beynəlxalq məsləhətçi və ekspertlərin tövsiyələri, Avropa, Türkiyə və MDB ölkələrinin müsbət təcrübələri də nəzərə alınıb»-deyə məlumatda bildirilir.

Professional xidmətləri ilə tanınan “PwC” şirkəti Azərbaycanda start götürən özəlləşdirmə prosesinə investisiya yatırmaq imkanları olan çoxsaylı potensial investorlar bazasına malikdir. İmzalanmış Memoranduma əsasən PwC ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.

Hazırda Komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlığın xəritəsi və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici  investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanıb. Dəyirmi masaların təşkili və intensiv fikir mübadiləsi formatında keçirilən işgüzar görüşlər zamanı şirkət ekspertlərinin özəlləşdirmənin optimal üsulları, strateji sahələrin özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınır. Məqsəd bu sahədə yerli və xarici iş adamlarının marağını cəlb etmək, onların gözləntilərini nəzərə almaqdır. Özəlləşdirmə prosesində beynəlxalq təcrübəyə əsasən müasir yanaşmaların və innovasiyaların tətbiqi isə prosesin effektivliyini daha da artıracaq. 

Qeyd olunduğu kimi, komitə tərəfindən belə əməkdaşlıqların digər beynəlxalq nüfuzlu məsləhətçi şirkətlər ilə də qurulması istiqamətində işlər davam etdirilir. Ölkəmizdə özəlləşdirməyə açılan sahələr və müəssisələrə xarici investisiyaların yatırılması onların daha kompleksli və əsaslı fəaliyyətinə yeni imkanlar açır. Özəlləşmiş müəssisələrdə rəqabətə davamlı və ixrac qabiliyyətli məhsulların istehsalına şərait yaradır. Bu isə öz növbəsində ixrac potensialının gücləndirilməsinə və “Made in Azerbaijan” brendinin dünyada tanınması prosesinə dəstək verəcək. Yekunda dövlət büdcəsinə daxilolmalar artacaq, regionların iqtisadi potensialı güclənəcək və ölkədə biznes mühiti daha da yaxşılaşacaq. Bu isə son nəticədə ölkədə iqtisadi aktivliyi və büdcə yükünün azaldılmasını təmin edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272