ƏMLAK

Qaradağ və Sabunçudakı mağazalar 20 min manata satılıb – ƏMLAK HƏRRACI
01 NOYABR
314

Qaradağ və Sabunçudakı mağazalar 20 min manata satılıb – ƏMLAK HƏRRACI

2016-11-01 10:31:00

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün noyabrın 1-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib. Komitədən fins.az-a verilən xəbərə görə, bu dəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı satılıb. Onlardan 1-i səhmdar cəmiyyəti, 1-i nəqliyyat vasitəsi, 17-si isə kiçik dövlət müəssisə və obyekti olub. “Hərrac tamamilə açıq və şəffaf şəraitdə baş tutub. İstənilən vətəndaş və media nümayəndələri məhdudiyyətsiz iştirak ediblər. Hərracın gedişatı zaldakı böyük monitorlar vasitəsilə əyani izlənilib. İştirakçılar respublikanın digər şəhər və rayonlarında keçirilən hərracları da monitorda izləyə biliblər”.

Hərracda özəlləşdirilən 17 kiçik dövlət müəssisə və obyektindən 5-i paytaxtda, 2-si Sumqayıtda, 1-i Yevlaxda, 1-i Cəlilabadda, 2-si Şəkidə, 2-si Gəncədə, 1-i Kürdəmirdə, 1-i İsmayıllıda, 1-i Qobustanda, 1-i Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti olub, 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.

Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ rayonundakı 193,5 kv.m. sahəsi olan Məişət evi və Sabunçu rayonunda yerləşən 67,1 kv.m. sahəsi olan 91 saylı mağazadır. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kv.m. olan 1 saylı çöbərəkbişirmə sexinə də təklif olunub.

Vurğulamaq lazımdır ki, hərraca çıxarılan və özəlləşdirilən hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli biznesin qurulması və inkişafı üçün potensial daşınmaz əmlaklardır.

Hərracda özəlləşdirilən iri dövlət müəssisəsi olan “Pirallahı Çörək” səhmdar cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir. Müəssisənin özəlləşdirilməsi sonradan qoyulacaq investisiya nəticəsində fəaliyyətin tam bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.

Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər.

Xatırladaq ki, növbəti belə hərrac noyabrın 8-də keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılacaq.

Hərraclarda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. Qeyd edək ki, özəlləşməyə çıxarılan hər bir dövlət əmlakının satış qiyməti, habelə mətn və foto məlumatlar, eləcə də əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map) Özəlləşmə Portalında əks olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275