ƏMLAK

Bu il nə qədər əmlak özəlləşib? – AÇIQLAMA
18 OKTYABR
170

Bu il nə qədər əmlak özəlləşib? – AÇIQLAMA

2016-10-18 11:54:00

Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı ilin yanvar-sentyabr aylarında görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Fins.az xəbər verir ki, komitə sədri Kərəm Həsənov dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı artıq 4 hərrac keçirildiyini bildirib. Bu hərraclarda 111 ədəd dövlət əmlakı özəlləşdirilib.

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi prosesində məsləhətçi şirkətin seçilməsi üzrə açıq tender keçirilib. Hazırda səhmdar cəmiyyətin qiymətləndirilməsi işləri aparılır.

Fins.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində keçirilən müşavirədə komitə sədri Kərəm Nəsənov məlumat verib. Bildirib ki,  dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı artıq 4 hərrac keçirilib və bu hərraclarda 111 ədəd dövlət əmlakı özəlləşdirilib.

“Ümumilikdə isə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib”.

Komitə sədri qeyd edib ki, ötən dövrdə torpaq münasibətlərində yeni çağırışların gündəmə gəlməsi torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələləri daha da aktuallaşdırıb.

“Torpaq münasibətlərinin tənzimlənməsi barədə müvafiq Fərmana əsasən Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi həyata keçirilir. Dəqiq torpaq uçotu torpağın kəmiyyət, keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla ondan qənaətli və səmərəli istifadəyə imkan yaradacaqdır. 2016-cı ildə bu işlər respublikanın 12 rayonunda başa çatdırılması nəzərdə tutulur. 2020-ci ilə kimi ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq”.

Torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istifadəyə verilib.

Respublikada iri təsərrüfatların (taxılçılıq, toxumçuluq və heyvandarlıq) yaradılması məqsədilə Komitə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 148,8 min ha torpaq sahələri seçərək xəritələşdirib. 

Komitə sədrinin sözlərinə görə,  respublika üzrə dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqlarda torpaq icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid baza yaradılıb. Görülən tədbirlər nəticəsində komitə tərəfindən respublikanın 8 rayonu üzrə icarədə olan lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilib və dövlət mülkiyyətinə geri qaytarılıb.

Müşavirədə bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər “bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur. Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etməkdədir. 2016-cı ilin müvafiq dövründə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib.

Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalana bilib. Bu ildən respublikada vətəndaşlara və əmlak sahiblərinə daşınmaz əmlakın qeydiyyatı sahəsində geniş hüquqi məsləhət xidmətləri göstərilir. Ötən dövrdə 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 36 mini ilkin, 90 mini isə təkrar qeydiyyata aid olub.

Müşavirənin sonunda komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını verib. Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, keçirilən hərraclarda vətəndaş məmnunluğunun maksimum təmin olunması barədə tapşırıqlar verilib.

K.Həsənov bildirilib ki, hərracların daha şəffaf və rahat şəkildə keçirilməsi, daha geniş investor və potensial alıcı kütləsinin bu hərraclara cəlb edilməsi təmin edilməlidir. Torpaq idarəçiliyi ilə bağlı yeni təsdiq olunan Dövlət Proqramından irəli gələn məsələlər istiqamətində işlər sürətləndirilməlidir. Torpaqların elektron uçotu sisteminin yaradılması işi daha operativ qaydada davam etdirilməli, torpaq qanunvericiliyinin tələblərinin qorunmasına nəzarət tam təmin edilməlidir.

Torpaqların səmərəli istifadəsi və mühafizəsinə nəzarət ilə bağlı monitorinqlər, reydlər, təhlillər və inzibati tədbirlər daha effektiv şəkildə həyata keçirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271