ƏMLAK

Komitə yenə hərrac keçirəcək – ÖZƏLLƏŞDİRMƏ DAVAM EDİR
29 SENTYABR
290

Komitə yenə hərrac keçirəcək – ÖZƏLLƏŞDİRMƏ DAVAM EDİR

2016-09-29 14:34:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 25 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərracda ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb.

Komitədən Fins.az-a verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarının 26-sı nəzarət səhm paketinin 30-45 faizi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Beyləqan, Ağdaş, Bərdə, İsmayıllı, Zaqatala, Goranboy, Cəlilabad, İmişli, Qax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Bu müəssisələr sənaye, xidmət, kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, emal və digər sahələrlə bağlı olan müəssisələrdir.

25 oktyabr tarixində keçiriləcək hərraca 36 dövlət əmlakı da çıxarılıb ki, bunun 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 28-i isə kiçik dövlət müəssisə və obyektləridir. Bu obyektlər sırasında paytaxtda, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri və Gədəbəy, Xaçmaz, Şəmkir rayonlarında yerləşən xidmət, ictimai iaşə və ticarət müəssisələri vardır.

Daşınmaz dövlət əmlakları ilə yanaşı, 22 nəqliyyat vasitəsi də hərraca çıxarılıb. Bu nəqliyyat vasitələrinə müxtəlif qurumların balansında olan lakin istismar edilməyən müxtəlif xarici markalara aid avtomobillər daxildir.

Qeyd edilməlidir ki, təşkil olunan bu açıq hərraclarda istənilən şəxs sifariş verərək iştirakçı statusu qazana və əmlak sahibi ola bilər. İştirak üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada və ya Hərracların Təşkili üzrə Auksion Mərkəzində sifariş vermək və əmlakın satış qiymətinin 10%-i məbləğində behi banka ödəmək yetərlidir.  

Yeni hərraca çıxarılmış daşınmaz əmlaklar barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) Özəlləşdirmə portalında (privatization.az) saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.

Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Hərraclar açıq və şəffaf şəraitdə keçirilir, media nümayəndələri və ya istənilən vətəndaş iştirak edərək hərrac prosesi ilə əyani tanış ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275