ƏMLAK

Bağ evi almaq sərfəlidirmi? - ARAŞDIRMA
19 SENTYABR
1096

Bağ evi almaq sərfəlidirmi? - ARAŞDIRMA

2016-09-19 16:29:00
Əmlak bazarında «Bağ mövsümü» bitir. İldə cəmi 1 ay yaşamaq üçün yüz minlərlə manata bağ evi almağa ehtiyac varmı?
 
İlin 9 ayı varlığı unudulan bağ evi, yay gələn kimi yada düşür – necə deyərlər, bağ mövsümü başlayır.  Qızmar yay aylarında dəniz kənarı ərazilərdəki bağ evlərində istirahət etmək Bakı sakinlərinin çoxdankı adətidir. Bakı kənarında bağa sahib olmaq, burada yaxşı şərait yaratmaq təminatlı həyatın göstəricilərindən biri sayılır. Hər halda son vaxtlaradək belə idi...

Bağ evi neçəyədir?

Bu gün paytaxtda və ətraf ərazilərdə 40-50 min manatdan bir neçə milyon manatadək qiymətdə olan bağ evi tapmaq mümkündür. Bağ evlərinin qiymətinə onun yerləşdiyi ərazi, burada yaradılmış şərait, torpağın keyfiyyəti, torpaq sahəsinin ölçüləri də təsir edir. Ən bahalı ərazilər Bilgəh, Zağulba, Mərdəkan, Şüvəlan ərazilərdir. Novxanı, Saray, Fatmayı, Pirşağı kimi 2-ci kateqoriya daxil olan ərazilərdə isə bağ evləri nisbətən ucuzdur.
Şəxsi bağ evi olmayanlar isə yay aylarında bağ evlərini kirayəyə götürüb dincələ bilərlər. Normal şəraiti olan, hovuzsuz bağ evlərini 800-1000 manata kirayəyə götürmək mümkündür. Hovuzlu bağların kirayə qiymətləri aylıq 1000-2500 manat ətrafındadır, 5000 manata da aylıq kirayəsi olan bağlar var.

Bağ evi almaq istəyənlər azalıb

Amma son illər bağ evi almağa maraq azalmaqdadır. «New Europa» daşınmaz əmlak agentliyinin şöbə müdiri Əjdər Babayev deyir ki, bağ evinin alışı ilə bağlı müraciətlər xeyli aşağı düşüb: «Məsələn, ötən il bu vaxtadək bizə bağ almaq üçün 50-60 nəfər müraciət etdiyi halda, bu il may-iyun aylarında cəmi 12-15 müraciət var. Gördüyünüz kimi, müraciətlərdə 5 dəfəyə yaxın azalma var».
Özü də bu, bağ evlərinin qiymətinin əvvəlki illərlə müqayisədə xeyli ucuzlaşdığı bir vaxtda baş verir. Bu hal, bir tərəfdən ümumilikdə əmlak bazarında vəziyyətlə bağlı olsa da, ekspertlər bildirir ki, əsas səbəb insanların bağ almaq üçün əvvəlki kimi, böyük pullar xərcləmək istəməməsidir.

İnsanların istirahətə münasibəti dəyişib

Ekspertlər hesab edir ki, insanların bağ evi almaq istəməməsinin bir neçə səbəbi var. Nə qədər qəribə olsa da, bağ evlərinə marağın azalmasının əsas səbəbi ...turizmlə bağlıdır. Məsələ bundadır ki, müasir insanların istirahət anlayışı ilə bağlı düşüncələri dəyişib. Gərgin iş ilindən sonra insanlar yay aylarını, məzuniyyətlərini daha hərəkətli, maraqlı, yaddaqalan, yeniliklərlə dolu keçirmək istəyirlər. Hər il eyni yerdə - bağ evində, monoton istirahət artıq maraqlı deyil.
 
Sosioloq Cavid İmamoğlu da deyir ki, insanlarımız tədricən anlayırlar ki, istirahətin məqsədi təbiət qoynunda kabab yemək, bağ evində dincəlməklə məhdudlaşmır: «Biz bəzən muzey və teatrlara getməyi, mədəni obyektlərə səfər etməyi istirahət saymırıq. Halbuki,belə istirahəti kiçik büdcə ilə reallaşdıra bilərik. İstirahətin maraqlı, yaddaqalan olması üçün hər dəfə fərqli yerlərdə dincəlmək daha məqsədəuyğundur».

Bağ evi sərmayə üçün risklidir

Amma məsələ təkcə turizmdə deyil. Bağ evləri ilə baş verənlərin digər səbəbi insanların aldıqları daşınmaz əmlaka, o cümlədən bağ evinə də, biznes təfəkkürü ilə yanaşmasıdır. Daşınmaz əmlaka böyük pullar qoyulursa, onun gətirəcəyi iqtisadi fayda və ya zərər də əvvəldən düşünülür. Turizm üzrə ekspert Ramin Zamanov deyir ki, zaman keçdikcə istirahət də infrastruktura, tələbata görə formalaşır: «Müasir biznes düşüncəli isan 15-20 gün və ya 1-2 aylıq istirahət üçün bağ evinə böyük yatırımlar xərcləmək istəmir. Çünki buna riskli sərmayə kimi baxırlar. Bu vəsaiti bağ evinə qoymaqdansa, daha qazanclı bir sahəyə yatırırlar».
Qeyd edək ki, əmlak bazarında istənilən növ əmlaka yatırım iki üsulla qayıda bilər – əmlakın daha baha qiymətə satışı və ya onun icarəsi ilə. Ekspertlər bildirir ki, bağ evləri bu tələblərin heç birini tam şəkildə ödəmir. Belə ki. artıq çoxdandar ki, bağ evlərinin qiyməti artmır – alıcı çətinliyi var. Evin kirayəsindən ciddi gəlirə isə ümid bağlamaq yersizdir. Çünki bağ evlərində kirayə mövsümü cəmi 3-4 ay davam edə bilər. Bu perspektivi nəzərə alan adamlar hələlik bağ evlərinə ciddi sərmayə yatırmırlar.

Xarici «bağ evləri» də sərfəli deyil

Maraqlıdır ki, Bakı bağları ilə bağlı deyilənlər müəyyən dərəcədə xaricdə, məsələn, Türkiyə kurortlarında alınan əmlaklara da aiddir. Qeyd edək ki, artıq bir neçə ildir ki, Türkiyə kurortları regionun daşınmaz əmlak mərkəzlərindən birinə çevrilib. Burada müxtəlif təyinatlı, amma əksəriyyəti istirahət üçün nəzərdə tutulan çoxsaylı mənzil, villa və evlər satılır. İndi isə müşahidələr göstərir ki, bu əmlakın da iqtisadi səmərəsi nəinki böyük deyil, hətta müəyyən mənada zərərlidir. böyük deyil.
Məsələn, insanlar illər əvvəl Antalyada, Bodrumda villalar alırdılar. Türkiyənin bəzi ölkələrlə siyasi gərginlik yaşaması, daxildə terror hadisələri, yəni tam təhlükəsiz istirahət ediləcək ölkə imicindən çıxması, orada daşınmaz əmlakın qiymətini ucuzlaşdırıb: «Vaxtilə milyonlar xərcləyib villa alan şəxslər, indi o əmlakı aldıqlarından 5-7 dəfə ucuz sata bilmirlər. Biznes düşüncəli insan o yatırımı istirahət məqsədilə alacağı villaya, bağ evinə yönləndirməkdənsə, alternativ və daha ucuz istirahət tapır: ildə bir dəfə 10-20 min dollar sərf edib, hər il fərqli ərazilərdə, fərqli  villalarda kirayə qəlaraq istirahət edirlər»-deyə R.Zamanov bildirir.

Bağ evini saxlamaq da baha başa gəlir

Bağ evlərinə marağın azalmasının daha bir səbəbi də var. Bu da bağ evinin, yay aylarını çıxmaqla, il ərzində bağ sahibinə saxlanma xərcləri yaratmasıdır. İndi bağ evini saxlamaq orta gəlirli insan üçün sərfəli deyil. Məsələn, Buzovnada bağ evi olan və şəhərin mərkəzində işləyən orta gəlirli şəxsin il ərzində hər gün oradan işə gəlib-getməsi o qədər də sərfəli deyil. Bu şəxs ən yaxşı halda 1 aylıq məzuniyyət dövründə bağ evində qalıb istirahət edə bilər. Ekspertlər deyir ki, bağı almaqla xərclər bitmir, əsas onu saxlamaqdır: «Bağ evinin səliqə-sahmanda qalması, təhlükəsizliyinin təmini, həyətdəki ağaclara qulluq üçün əksər hallarda bağda kiminsə yaşaması tələb olunur». Bu və bağın elektrik-kommunal xərcləri hər il müəyyən məbləğ tələb edir: «Məsələn, normal, orta səviyyəli bağın saxlanması sahibinə ildə 5-10 min manata baha başa gəlir. Kiçik bağlar üçün bu bir qədər aşağı məbləğ ola bilər. Amma məbləğdən asılı olmayaraq, bu bağ sahibi üçün əlavə xərcdir». Üstəlik, bağın sahibi orada yaşamadığı müddətdə hər hansı hadisənin baş verəcəyinin narahatlığını yaşayır.

Bağ yoxdur, amma seçim var

Ekspertlərin dəyərləndirməsi də göstərir ki, indiki dövrdə  bağ evi almaq həm iqtisadi-sosial, həm də psixoloji baxımından faydalı deyil. Əksinə, bağ evi olmamağın bəzi üstün tərəfləri də var. Məsələn, bağ  evi olmamaq insana istirahət üçün seçim imkanı verir. Bağ evinin olması isə onun sahibinin seçim imkanını məhdudlaşdırır. Belə ki, pulsuz (yəni öz bağında) istirahət imkanı olduğu halda, bu məqsədlə əlavə pul xərcləmək israfçılıq kimi görünür və psixoloji diskomfort yaradır.
Bağ evinin olmaması isə insanları belə seçimdən azad edir və daha yaxşı aktiv istirahətə həvəsləndirir: «Ona görə indiki dövrdə bağ sahibi olmaqdansa, hər yay bağ evini bir və ya bir neçə aylıq kirayə götürmək daha sərfəlidir». Eyni sözləri bölgələrdəki bağ evləri barədə də demək olar.

Çıxış yolu – piknik və açıq havada toylar

Amma hətta bu vəziyyətdə də bağ evi sahibləri öz əmlaklarından faydalana bilərlər. Ekspertlər bildirir ki, bunun üçün ev sahibləri bu əmlaka investor kimi yanaşmalıdırlar. Belə ki, bağ evləri təbiət qoynunda bir günlük istirahət üçün yaxşı variantdır. Yayda belə istirahətə maraq artır – deməli bağın yalnız həyətini gün ərzində piknik məqsədilə  icarəyə vermək mümkündür. Daha şəraitli və geniş həyəti olanlar isə bu evləri toy və digər məclislər üçün icarəyə verə bilərlər. Ekspertlər bildirir ki. son vaxtlar açıq havada toy şənliklərinə maraq artıb, belə əraziləri təqdim edən hotel və restoranlarda isə qiymətlər (açıq hava olan ərazinin icarə qiyməti) həddən artıq yüksəkdir: «Belə vəziyyətdə abad və geniş həyəti olan bağ evləri ailə quranlar üçün yaxşı alternativ ola bilər. Başqa sözlə, istənildən vəziyyətdən çıxış yolu var, sadəcə bunun üçün məsələyə əmlakın sahibi kimi deyil, menecer kimi yanaşmaq lazımdır».
 
Mənbə: "Daşınmaz əmlak" jurnalı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275