ƏMLAK

Nə qədər müəssisə özəlləşdirildi?- HƏRRACIN NƏTİCƏLƏRİ
14 SENTYABR
492

Nə qədər müəssisə özəlləşdirildi?- HƏRRACIN NƏTİCƏLƏRİ

2016-09-14 13:06:00
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən hərracda ümumilikdə 36 dövlət əmlakı satılıb. Komitədən fins.az-a verilən xəbərə görə, bu hərrac nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 1,8 milyon manat vəsait köçürüləcək.  
 
Komitədən bildiriblər ki, özəlləşdirilən əmlaklardan 9-u səhmdar cəmiyyət, 20-si kiçik dövlət müəssisə və obyekti, 7-si nəqliyyat vasitəsi olub. Nəzarət səhm paketinin 30% hissəsi özəlləşdirilən səhmdar cəmiyyətlər pambıqçılıq, ticarət, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat və təmir sahəsi ilə bağlı olub. Bu müəssisələr Göyçay, Bərdə, Tərtər, İsmayıllı, Sabirabad, Xaçmaz və digər regionlarda yerləşir.
 
“Ölkədə pambıqçılığın inkişafına verilən önəm hərraca çıxarılan 4 pambıqçılıq müəssisəsinin satılmasına imkan verib. Bu isə öz növbəsində dövlət başçısının müvafiq Fərmanına əsasən regionlarda yerləşən rəqabət qabiliyyətli potensial müəssisələrin özəlləşmədən sonra yenidən tam gücü ilə fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir”.
 
Hərracda özəlləşdirilən 20 kiçik dövlət müəssisə və obyektindən 15-i Bakıda, 5-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Bəzi kiçik dövlət obyektinin satışı üzrə hərrac sifarişçi sayının çox olması səbəbindən daha rəqabətli keçib. Satılmış kiçik dövlət müəssisələri xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər sahələrə aid olub. 
 
Xatırladaq ki, növbəti belə hərrac 20 sentyabrda keçiriləcək. Bu dəfə hərracda 25 səhmdar cəmiyyəti, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
 
Qeyd edək ki, hərraclar hazırda daha rahat, şəffaf və açıqdır. Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. 
 
Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi ilə hərracların tamamilə elektron müstəviyə keçirilməsi baş tutacaq. Bu yenilik xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etmək imkanı qazandıracaq.
 
Hərraca çıxarılmış hər bir dövlət əmlakı barədə komitənin Özəlləşdirmə Portalında (privatization.az) ətraflı məlumatlar yerləşdirilib. Belə ki, müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini və mövqeyini əks etdirən fotolar və mətn məlumatları portalda əksini tapıb. Hərraclar barədə həftəlik elanlar “Mülkiyyət” qəzetində dərc olunur, komitənin rəsmi internet səhifəsində və Özəlləşdirmə Portalında yerləşdirilir. Qanunvericiliyə əsasən hərracların nəticələri isə 15 gün ərzində komitənin internet resursları və mətbu orqanı vasitəsilə ictimaiyyətə açıqlanır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272