ƏMLAK

«Özəlləşdirmə hərracları belə keçiriləcək» - MÜSAHİBƏ
05 SENTYABR
914

«Özəlləşdirmə hərracları belə keçiriləcək» - MÜSAHİBƏ

2016-09-05 14:23:00

Azərbaycanda özəlləşdirmə prosesinə başlanması əhalinin bu sahəyə diqqətini və marağını artırıb. Xüsusilə özəlləşdirilən dövlət əmlakları arasında kiçik müəssisə və obyektlərin olması onlara sahib olmaq istəyənlərin sayını artırıb. Mövzunun aktuallığını və əhalinin bu sahəyə marağını nəzərə alaraq fins.az kiçik obyektlərin necə özəlləşdirilməsi ilə bağlı suallarını Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlayıb. Bu barədə suallara komitənin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov cavab verir. 

- Qulu müəllim, kiçik dövlət obyektlərinin özəlləşdirilməsi hansı qaydalarla həyata keçirilir?

- Kiçik dövlət müəssisələrinin hərraclar vasitəsilə özəlləşdirilməsi «Dövlət Əmlakının özəlləşdirilməsi haqqında» Qanununa, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş əlavə tədbirlərdə nəzərdə tutulmuş qaydalara müvafiq olaraq həyata keçirilir. 

- Özəlləşdirilməyə çıxarılan müəssisələr barədə məlumatı haradan almaq olar?

- Qaydalara görə, hərrac gününə ən azı 30 gün qalmış hərrac haqqında məlumat Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində, ƏMDK-nin rəsmi intenet saytında dərc olunur və əmlaklar haqqında məlumat özəlləşdirmə portalında yerləşdirilir. Məlumatda hərraca çıxarılan əmlakın tam adı, ünvanı, start qiyməti, işçilərin sayı, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, işçilərə güzəştli satışın keçirilmə müddəti, hərracların keçirilməsi tarixi, vaxtı və ünvanı, ilkin satış qiymətinin 10%-i həcmində behin məbləği və behin keçirilməsi üçün müvafiq bank hesabı və s.öz əksini tapır. 

- Özəlləşdirmədə iştirak etmək istəyənlər nə vaxt və hara müraciət etməlidirlər?

- Alıcı hərracda iştirak etmək üçün hərracın başlanmasına ən geci 3 bank günü qalanadək sifariş verməli və özəlləşdirilən obyektin ilkin satış qiymətinin 10%-i həcmində müvafiq bank  hesabına nağd və ya Elektron xidmət vasitəsilə beh keçirməlidir. 

- Hərraclarda iştirakla bağlı hər hansı məhdudiyyət varmı? Burada kimlər iştirak edə bilər?

- Xüsusi vurğulamaq istəyirəm ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur. İstənilən şəxs, investorlar hərraca çıxarılan əmlakları ala bilər. Bunun üçün yalnız hərraca 3 bank günü galanadək elektron qaydada və ya auksion mərkəzinə müraciət edərək sifariş blankını doldurmaq, 10% beh ödəyərək hərrac iştirakçısı statusunu və hərrac biletini əldə etmək kifayətdir.

Özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilir. O cümlədən, hərracların gedişini mətbuat və ictimaiyyət nümayəndələri canlı izləyə biləcəklər. 

- Behi elektron qaydada ödəmək üçün nə tələb olunur?

- Elektron xidmət vasitəsilə beh keçirmək üçün e-emdk.gov.az saytına girməklə xidməti seçib sifariş vermək olar. Elektron xidmətə elektron imza və ya Rabitə və Yüksək Texnologiyalar nazirliyindən alınmış kod və parol vasitəsilə daxil olmaq olar Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən müddətdə həyata keçirilməlidir. 

- Özəlləşdirməyə qatılmaq istəyənlər hansı sənədləri təqdim etməlidirlər?

- Yuxarıda adı çəkilən fərmanan 3.3 bəndinə əsasən hərracda iştirak etmək istəyən şəxslər sifarişə aşağıdakı sənədləri əlavə edirlər:

- satıcı tərəfindən müəyyən edilmiş hesaba behin  köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

- huquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti. 

- Kiçik obyektlərin satışı üzrə hərraca necə keçirilir?

- Hərracı hərracçı aparır. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Rəqabətli hərracda satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə aparılır. Yəni iştirakçıları ilkin qiymətdən başlayaraq, təklif etdikləri qiyməti artıra bilərlər. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Məsələn, obyektin ilkin satış qiyməti 10 min manatdırsa, iştirakçılar tərəfindən təklif edilən hər artım 100 manatdan az olmamalıdır. 

- Hərracın nəticələri necə rəsmiləşdirilir?

- Hərracın, nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokolun 1 nüsxəsi alıcıya verilir. Qeyd etmək lazımdır ki, hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda hərracın nəticələri ləğv edilir, keçirilmiş beh qeri qaytarılmır, müəssisə və obyekt satıcının sərəncamında qalır.

Hərracın nəticələri hərracın keçirildiyi gündən, 15 gün ərzində ƏMDK-nin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc olunur. 

- Hərracın nəticələrinə əsasən, alqı-satqı müqaviləsi nə vaxt imzalanır?

- Satıcı və alıcı arasında hərracın yekunları haqqında protokol imzalandığı andan 10 təqvim günü ərzində alqı-satqı müqaviləsi imzalanmalıdır. Müqavilə bağlandığı andan ən geci 30(otuz) bank günü müddətində ödənilməli olan pul vəsaiti satıcının müəyyən etdiyi hesaba ödənilməlidir (AZ24NABZ01360150000000001944) 

- Hərracdan əvvəl ödənilən behin taleyi necə olur?

- Hərracda müəssisənin satışı üçün ödənilmiş beh satılan müəssisənin satış qiymətinə daxil edilir. Yəni hərracda qalib gələn şəxs, alınan obyektin pulunu ödəyərkən, bu mələğdən artıq ödəmiş olduğu behin məbləği çıxılır.  

- Bəs hərracda qalib gəlməyən iştirakçıların ödədiyi behin taleyi necə olur? 

- Əlbəttə ki, hərracı uduzan şəxslərin behi qaytarılır. Bu həmin şəxsin müraciəti əsasənda 10 gün müddətində həyata keçirilir. Bu zaman aşağıdakı sənədlər tələb olunur:

-ƏMDK–yə ərizə
-Ödəniş qəbzinin surəti
-Şəxsiyyət vəsiqəsinin surəti
-Behin qaytarılacağı şəxsin bank hesabının surəti
-Əlaqə telefonu 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275