ƏMLAK

Səhmi 2 manata satılan bu şirkət HƏRRACA ÇIXARILDI
05 SENTYABR
477

Səhmi 2 manata satılan bu şirkət HƏRRACA ÇIXARILDI

2016-09-05 14:06:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

Onlardan biri Şirvan şəhəri, Sabir küçəsi, 1 ünvanında yerləşən “Muğan Pambıq” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1984-cü ildə istifadəyə verilib. 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Əli Bayramlı Pambıqtəmizləmə zavodunun bazasında “Muğan Pambıq” ASC yaradılıb.

Müəssisə əsasən, pambıq tədarükü, emalı və satışı sahəsində fəaliyyət göstərir. Hazırda 14 nəfər işçisi var.
ASC-nin nizamnamə kapitalı 947 841,60 manat, buraxılan səhmlərinin ümumi sayı 473 920 ədəddir. Adi, sənədsiz adlı səhmlərin 69,97%-i və ya 331 623 ədədi artıq satılıb. Bu dəfəki hərracda isə səhmlərin 30,03%-i və ya 142 297 ədədi satışa çıxarılacaq.
Hərraca çıxarılan səhm paketinin ilkin satış qiyməti (50% güzəştlə) 142 297 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər həmin məbləğin 10%-i həcmində- 14 229.70 manat beh verməlidirlər. Həmin məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı
AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı
hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.

1 səhmin qiyməti cəmi 2 manatdır. Dövlət həmin səhmlərə hər hansı məhdudiyyət qoymayıb .
Müəssisənin ümumi torpaq sahəsi 200 376.0 kv.metr, tikilialtı sahəsi isə 24 379.9 kv.metrdir.Ərazidə inzibati bina, toxuculuq sexi, qurutma sexi, müxtəlif təyinatlı anbarlar, mərkəzi laboratoriya, yardımçı təsərrüfat və s. yerləşir.
“Muğan Pambıq” ASC Şirvan Dəmiryolu Stansiyasına 7 km, Şirvan-Sabirabad avtomobil yoluna isə cəmi 1 km-lik məsafədə yerləşir.

Onu da deyək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275