ƏMLAK

«Özəlləşdirmədə istənilən vətəndaş əmlak sahibi ola biləcək» - RƏSMİ AÇIQLAMA
01 SENTYABR
467

«Özəlləşdirmədə istənilən vətəndaş əmlak sahibi ola biləcək» - RƏSMİ AÇIQLAMA

2016-09-01 14:48:00

Dövlət əmlakının özəlləşdirilməsi üzrə keçiriləcək hərraclara istənilən ölkə vətəndaşı qatılaraq özəlləşdirilməsi prosesində iştirak edə və əmlak sahibi ola bilər. Bu barədə fins.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirib. 

Xatırladaq ki, son vaxtlar Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinə yenidən start verilib. ƏMDK tərəfindən sentyabr ayında dövlətə məxsus çoxsaylı kiçik müəssisə və obyektlər, eləcə də, Səhmdar Cəmiyyətlərin səhmlərinin özəlləşdirilməsi üzrə hərraclar elan edilib. 

Q.Xəlilovun sözlərinə görə, istəniləe ölkə vətəndaşı və xarici investor bu hərraclara qatılaraq satışa çıxarılan müəssisələri və SC-lərin səhmlərini əldə edə bilər: «Bunun üçün sadəcə beh ödənişi barədə sənəd və şəxsiyyəti təsdiqləyən sənədin olması kifayətdir. Bunlar olduğu təqdirdə istənilən vətəndaş tamamilə şəffaf şəkildə hərraclarda iştirak edib əmlak sahibi ola bilər». 

Şöbə müdiri bildirib ki, özəlləşdirmədə iştirak etmək istəyənlər hərraca qatılmaq hüququnu elektron formada da əldə edə bilərlər: «Eləcə də hərracda iştirak etmək üçün tələb olunan behi də elektron formada ödəmək mümkündür. Bunlar ƏMDK-nin təqdim etdiyi elektron xidmətlər vasitəsilə mümkündür» 

Xatırladaq ki, qaydalara əsasən, dövlət müəssisə və əmlakların özəllşəşdirilməsi üzrə hərraclarda iştirak etmək üçün ilkin satış qiymətinin 10%-i məbləğində beh ödənişi tələb olunur. Bu məbləğ komitənin bank hesabına köçürülməlidir. 

Hərracda iştirak edən vətəndaş qalib gəldiyi təqdirdə, vəsaitin qalan hissəsini də ödəyir. Qalib gəlməyən şəxslər isə ödədikləri behi geri alırlar. 

Artıq komitə tərəfindən ilkin mərhələdə 190 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 75-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30-45%-lik səhm paketləri, 89-i qeyri-yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir. 

Bu hərraclar 14, 20 və 27 sentyabr 2016-cı il tarixlərində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A. ) təşkil ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275