Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.
Onlardan biri “İsmayıllı Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətidir. İsmayıllı şəhəri, M.Müşviq küçəsi, 9 ünvanında yerləşən müəssisə 1986 -1988-ci illərdə istifadəyə verilib. 1998-ci ildə İsmayıllı Avtonəqliyyat müəssisəsinin bazasında “İsmayıllı Avtonəqliyyat” ASC yaradılıb.
Nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 333 689.8 manatdır. ASC-nin səhmlərinin ümumi sayı 166 844 ədəddir. Onların 69,98%-i və ya 116 762 ədədi artıq satılıb. Adi, sənədsiz adlı səhmlərin 50 082 ədədi (30.02%) hərracda satılacaq.
Satışa çıxarılacaq səhm paketinin ilkin satış qiyməti (50% güzəştlə) 50 082 manat müəyyən edilib. 1 səhmin qiyməti 2 manatdır. Dövlət həmin səhmlərə heç bir məhdudiyyət qoymayıb. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər satışa çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində - 5 008 manat beh verməlidirlər. Həmin vəsait ƏMDK-nın Mərkəzi Bankdakı
AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı
hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.
Bu il iyulun 1-dək ASC-nin işçilərinin sayı 12 nəfər olub. Müəssisənin ümumi torpaq sahəsi 27 852.5 kv.metr, tikilialtı sahəsi isə 3 191.3 kv.metrdir. Ərazidə inzibati bina, təmir korpusu, texniki xidmət postu, dispetçer otağı, kolo yerləşir.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
– müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
– müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti
– hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
– fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.










