ƏMLAK

Xarici investorların hərraca marağı artır – ÖZƏLLƏŞMƏDƏ YENİ MƏRHƏLƏ
18 AVQUST
228

Xarici investorların hərraca marağı artır – ÖZƏLLƏŞMƏDƏ YENİ MƏRHƏLƏ

2016-08-18 15:51:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirilməyə yeni çıxarılan dövlət əmlaklarının ictimai təqdimatını keçirib. Fins.az xəbər  verir ki, Komitənin Aparat rəhbəri Azər Bəşirov dəfəki özəlləşdirmə prosesində mühüm yeniliklər tətbiq edildiyini  bildirib. 

“Özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Bu məqsədlə yeni Özəlləşdirmə Portalının yaradılıb”.

Qeyd edək ki, portal yeni istifadəyə verilsə də qısa müddətdə istifadəçilərin sayı 22 mini keçib. İstifadəçilərin arasında Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Estoniya və digər ölkələrdən də  girişlər var. 

Özəlləşdirmədə yeni mərhələ

Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Bu proseslərə nüfuzlu beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb olunub.  Bu baxımdan dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni mərhələ başlanıb.

Artıq Komitənin çoxsaylı dövlət əmlaklarının özəlləşdirməyə çıxarılması ilə bağlı müvafiq hərrac elanlarını və ətraflı məlumatlar rəsmi internet resurslarında, Özəlləşdirmə portalında, «Mülkiyyət» qəzetində və mətbuatda dərc olunub. 

Hansı müəssisəni necə almaq olar? 

Portalda səhmlərinin bir hissəsinin özəlləşdirilməsi barədə elan verilən səhmdar cəmiyyətləri, Bakı və regionlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri barədə ətrfalı informasiya yer alıb. Onların qiymətləri, alıcıların hərraclarda iştirakı ilə bağlı məsələlər, ödənişlərin banklar vasitəsilə edilməsi və s. barədə daha geniş və təfərrüatlı məlumat təqdim olunub. Yerli və xarici investorların cəlb edilməsi üçün portalda 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini əks etdirən profilləri hazırlanıb.

Portalda həmçinin özəlləşən müəssisə və əmlakların yerləşmə mövqeyi ilə bağlı xəritə məlumatları, mövcud infrastrukturu ilə tanış olmaq mümkündür. Bütün bunlar investorlara və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçılara satılan əmlaklar barədə daha təfərrüatlı məlumata malik olmağa şərait yaradır.

Təqdimat çərçivəsində Aparat rəhbəri bildirib ki, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və ictimai məlumatlandırmanın təmin edilməsi, geniş alıcı kütləsinin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Komitə bu cür təqdimatları mütəmadi olaraq hərraclar keçirildikcə ictimaiyyətə açıqlayacaq. Vətəndaşlar hərraca çıxarılan dövlət əmlakı barədə ətraflı informasiyanı şəffaf və sürətli qaydada əldə edə biləcəklər.

İnvestorlar üçün onlayn məsləhətlər

Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də, investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər. 

Bildirilib ki, komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir. Qeyd olunub ki, mərhələli şəkildə çoxlu sayda dövlət müəssisə və obyektlərinin qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılması nəzərdə tutulur.

Nə qədər obyekt özəlləşdiriləcək?       

Xatırladaq ki, komitə tərəfindən ilkin mərhələdə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 2-si qeyri yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Belə ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.            

Qeyd edək ki, dövlət başçısının fərman və sərəncamlarına əsasən Komitə tərəfindən tətbiq edilən bu genişmiqyaslı yeniliklər ölkədə özəlləşdirmə prosesinin sürətlənməsi və səmərəliliyinin artırılmasına xidmət edir. Bu tədbirlər böyük özəlləşdirmə prosesinə geniş əhali kütləsinin, daha çox xarici və yerli investorların cəlb olunmasına imkan verəcək. Bu isə nəticədə iqtisadi inkişaf tempinin yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, özəlləşdirmədən dövlət büdcəsinə daxil olmaların artırılmasına səbəb olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275