ƏMLAK

Avropaya qapı – MACARISTANDA ƏMLAK NEÇƏYƏDİR?
01 AVQUST
793

Avropaya qapı – MACARISTANDA ƏMLAK NEÇƏYƏDİR?

2016-08-01 10:36:00

Əvvəllər bu qəribə görünə bilərdi – azərbaycanlılar üçün Macarıstan Şərqi Avropanın digər ölkələrindən ciddi fərqlənmirdi və Avropanın qapısı başqa ölkələr sayılırdı. Amma  bir neçə ay əvvəl «Wizz Air» şirkətinin Bakıdan Budapeştə birbaşa uçuşlara başlaması vəziyyəti dəyişib. İndi Bakıdan Avropaya cəmi bir neçə saata, ən əsası, ucuz qiymətə  çatmaq mümkündür. Macarıstanda əmlak almaq üçün bundan yaxşı səbəb axtarırsınız? 

Şərqi və Qərbi Avropa arasında körpü

Coğrafi göstəricilərinə görə, Macarıstan az qala tamamilə Azərbaycanı təkrarlayır – sahəsi 93 min kvadrat kilometr, əhalisi isə 9,8 milyon nəfər. Ölkə 2004-cü ildən Avropa İttifaqının üzvü olsa da, hələ də avrozonaya qatılmayıb, burada pul vahidi forintdir (275 forint 1 ABŞ dollarıdır). Macarıstanın dənizə çıxışı yoxdur, amma elə ölkələrlə qonşudur ki, dənizin olmaması artıqlaması ilə kompensasiya olunur. Macarıstan Ukrayna, Rumıniya, Slovakiya, Serbiya, Xorvatiya, Sloveniya və Avstriya ilə həmsərhəddir. Mövqeyinə görə, Macarıstanı Şərqi və Qərbi Avropa arasında körpü saymaq olar. 

Üstəlik, Avropa İttifaqının üzvü olan bu ölkə hələ imperiya dövrünün ruhunu saxlayan cah-cəlallı qalaları və sarayları, mülayim iqlimi, göz oxşayan meşələri, eyni zamanda sakit həyat tərzi ilə seçilir. Macarıstanın məşhur termal otellərində macar vannası qəbul etmək üçün hər il yüz minlərlə insan bu ölkəyə axışır. Bütün bunlar Macarıstanın daşınmaz əmlak bazarına marağı artırır.

Əmlakın ucuzlaşması hələ dayanmayıb

Macarstanda əmlakın bahalaşması 1998-ci ildən başlayıb – 2007-ci ildə qədər burada qiymətlər 2 qat artıb. 2008-ci ilin böhranı vəziyyəti dəyişib. Həmin il əmlakın qiyməti 1,66 faiz,  2009-da 15,52 faiz, 2010-da 2,04 faiz, 2011-də 6,22 faiz, 2012-də 10,68%, 2013-də isə 3,33% azalıb. Amma 2014-cü ildən əmlak bazarı dirçəlməyə başlayıb, həmin il qiymətlər 7,63% yüksəlib. «Duna House» şirkətinin məlumatına görə, artıma ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı olması və iqtisadiyyatın sabitləşməsi səbəb olub. Nəticədə 2015-ci ilin təkcə birinci yarısında qiymətlər daha 15% yüksəlib.

Amma Avropadakı miqrasiya böhranı və qaçqınların axını vəziyyəti dəyişib. Suriya və İraqdan gələn qaçqınların bir hissəsi Macarıstana gəldiyindən investorların buradakı evlərə marağı azalıb. Nəticədə 2015-ci ildə Macarıstanda qiymətlər yalnız 10,3% artıb, amma bu da Avropada ən yüksək  göstəricilərdən biridir. Proqnozlara görə, qarşıdakı 3 ildə qiymətlərin ildə 5-10% arasında artması gözlənilir. 

Macarıstanda əmlakı kim və nə üçün alır? 

Macarıstanda ev alanların yarıdan çoxu Rusiya və Çin vətəndaşlarıdır. Sonrakı yerləri ukraynalılar, misirlilər, ABŞ və İsrail vətəndaşları tutur. Macarıstanda qonşu ölkələr - Slovakiya, Rumıniya, Xorvatiya, Serbiya, Sloveniya və Avstriya vətəndaşları da əmlak alır.

MDB ölkələrinin vətəndaşları Macarıstanda adətən o qədər də baha olmayan – 50 min avronu keçməyən – evlər alırlar. Bu – sahəsi 40-70 m2 olan 2-3 otaqlı mənzillərdir.

MDB vətəndaşları Macarıstanda əmlakı bu ölkədə yaşayış izni almaq və ya əmlakın icarəsindən qazanc götürək məqsədilə alır. Yerli qanunlara görə, Macarıstanda əmlak alınması yaşayış izni almağa kifayət edir, özü də başqa ölkələrdən fərqli olaraq bu zaman alınan əmlakın qiyməti rol oynamır. Üstəlik, qanuna görə, əmlak sahibinin qohumları da yaşayış izni alıb onunla birlikdə yaşaya bilərlər.

Ümumilikdə isə Macarıstanda əmlak alan xaricilərin əksəriyyəti burada daimi yaşamır, bura hərdən gəlirlər.

O ki qaldı əmlakdan qazanc götürməyə, «CDC Ingatlan» şirkətinin şesablamalarına görə, Budapeştin mərkəzində alınan əmlakı qısa müddətli (günlük) icarəyə verməklə, ildə əmlakın qiymətinin 20%-i, uzun müddətli (adi qaydada) kirayə vasitəsilə isə ildə 5% gəlir əldə etmək olar. 

Əmlakı harada almaq lazımdır? 

Macarıstanda alıcılar daha çox paytaxtdakı əmlaka maraq göstərirlər. Budapeştə investisiya qoyanların bir qismi övladı buradakı ali məktəblərdə təhsil alanlar, bir qismi burada biznesi olanlar, digər hissəsi isə əmlakı alıb icarəyə verənlərdir. Paytaxtda ən çox mənzillər alınır. Regionlarda isə ən maraqlı əmlaklar Balaton və Heviz göllərinin sahillərindəki villalar sayılır. Balaton gölü Avropanın böyük göllərindən biridir və əsl kurort yeridir. Onun yaxınlığında beynəlxalq aeroportun yerləşməsi Balatonun əhəmiyyətini bir qədər də artırır. Heviz gölü isə bütün dünyada müalicəci termal göl kimi tanınır. Bu gölün sahilindəki daşınmaz əmlak xüsusilə yaşlı nəslin nümayəndələri üçün maraqlı ola bilər.

Dağ-xizək kurortuna həvəs göstərənlər isə Macarıstanın Avstriya ilə sərhədinə yaxın yerləşən Şopron şəhərinə üz tuta bilərlər. Buradakı təbii şərait Alp dağlarını xatırladır, evlərin qiyməti isə xeyli ucuzdur. 

Əmlak neçəyədir?

Hazırda ölkədə mənzillərin və fərdi evlərin kvadratmetrinin qiyməti 400-2000 avro civarındadır. İki il əvvəl bu göstərici 400-1400 avro idi. Ən ucuz torpağın sotu isə 2500 avrodan aşağı deyil (2 il əvvəl ən ucuz torpaq 2 min avro idi).

Aydın məsələdir ki, ən bahalı daşınmaz əmlak Budapeştdədir. Şəhərin ortasından keçən Dunay çayı isə paytaxtın daşınmaz əmlak bazarını da yarı bölüb. Çayın qərb sahilindəki Buda hissəsində qiymətlər qarşı tərəfdəki Peştlə müqayisədə yüksəkdir.

Balatonda qiymətlər evlərin vəziyyəti və yerləşməsindən asılıdır. Fərdi evlərin 1 m2-nin qiyməti 400 avrodan, mənzillər 700 avrodan başlayır. O qədər də böyük olmayan mənzili 40-50 min avroya almaq mümkündür. Yeni tikililərdə mənzillər bahadır – kvadratı 2000 avroyadək. Hevizdəki mənzillər də ucuz deyil – kvadratı 1100 avro ətrafında dəyişir.

Ölkənin digər regionlarında isə mənzillərin qiyməti 700-1200 avro arasındadır. 

Mənzillər

«Şərqi Avropanın Parisi» adlanan paytaxt Budapeşt məhz bu ərazidə yerləşir. Macarıstan paytaxtı bu titulu gözəlliyinə görə alıb. Üstəlik, burada əmlak Varşava və Praqadan 20-30%, Parisin özündən isə 6 dəfə ucuzdur.  Məsələn, o qədər də böyfük olmayan mənzili Budapeştdə 45-70 min avroya almaq mümkündür. Çox keyfiyyətli və prestijli, məsələn Dunaya baxan ərazilərdə isə qiymətlər yüksəkdir.

Məsələn, burada 1981-ci ildə tikilmiş binada sahəsi 58 m2 olan 4 otaqlı mənzili 60 min avroya almaq olar. Daha müasir – 2008-ci ildə tikilən 2 otaqlı  mənzil isə 68 min avroya satılır. Elə həmin qiymətə şəhərdə 1 otaqlı mənzil də satılır, amma şəhərin mərkəzinə daha yaxındır.

Macarıstanın digər məşhur bölgəsində - Zala vilayətindəki Heviz şəhərində isə normal mənzillərin qiyməti 43-45 min avrodan başlayır. Bu qiymətə sahəsi 34-35 m2 olan yaxşı vəziyyətdə 1 otaqlı mənzil almaq mümkündür. 2-3 otaqlı mənzillərin qiyməti isə 50 min avrodan başlayır.

Fərdi evlər

Macarıstanda fərdi evlərin qiyməti isə 40 min avrodan başlayır. Bu qiymətə Hevizdə 8 sot torpaqda tikilmiş 80 m2 sahəsi olan 2 otaqlı ev almaq mümkündür. Qeyd edək ki, bir neçə il əvvəl Macarıstanda qiyməti 20-22 min avro olan kənd evləri tapmaq olardı. Amma ölkəyə maraq artdığına görə, belə evlərin hamısı satılıb. 20 sot torpaqda yenicə tikilmiş, sahəsi 65 m2 olan 3 otaqlı evi isə 61 min avroya tapmaq olar. 

Budapeştdə isə fərdi evlərin qiyməti 61 mmin avrodan başlayır. Bu qiymətə şəhər kənarında 6 sot torpaqda tikilən 35 m2-lik ev almaq olar. 

Torpaq sahələri 

Budapeşt ətrafında torpaqların qiyməti 1 sot üçün 2-3 min avrodan başlayır. Mərkəzə yaxınlaşdıqca qiymətlər də yüksəlir. Məsələn, 35 sot torpağı 70 min avroya, 17 sot torpağı isə 71 min avroya almaq olar. Daha yaxşı ərazilərdə torpaqların qiyməti 6-10 min avroya çatır. Maraqlıdır ki, popülyar regionlarda da qiymətlər bu həddədir. Məsələn, Hevizdə 7 sot torpaq 83 min avroya, 23 sot torpaq isə 210 min avroya satılır.  

Kommersiya obyektləri

Macarıstandasatışdaolankommersiyaobyektləri əsasənhotellərdir. Hazırda ölkədə ən ucuz otel 600 min avroya satılır. Macarıstanın məşhur turizm bölgələrindən biri olan Şarvar şəhərindəki 2 mərtəbəli 3 ulduzlu otelin 18 nömrəsi var. Otel termal bulaqlar və aeroportun, ən əsası, Avstriya-macar sərhədinin  yaxınlığındadır.

855 min avroya isə Balaton şəhərində yaşıllıqlar içərisində 22 nömrəli əla otel almaq olar. Nömrələrdən 2-si apartament, 3-ü isə lüks şəraitlidir. 45 sot sahədə yerləşən otel yaşıllıqlar içərisindədir (https://tranio.ru/hungary/adt/1232885/).

Hevizdə isə 2005-ci ildə tikilmiş 8 rahat otağı və gözəl şəraiti olan oteli isə 867 min avroya almaq olar.

Budapeştdə otel almaq üçün isə azı 2,5 milyon avro tələb olunur. Bu qiymətə mərkəzə yaxın ərazidə 50 nömrəlik butik otel almaq mümkündür. Amma 2,2 milyon avro ilkin ödənişdir – otel ipotekuadadır və yeni sahibi qarşıdakı 15 il ərzində ümumilikdə 5 milyona yaxın pul ödəməlidir. Satıcılar iddia edir ki, otelin gəlirliyi ildə 47-48%-ə çatır.

Kreditdə olmayan - «təmiz» əmlak axtaranlar isə Dunay yaxınlığında 51 nömrəsi olan 3 ulduzlu 7 mərtəbəli oteli 3,6 milyon avroya ala bilərlər. Otel Budapeştin işgüzar məhəlləsində yerləşməklə yanaşı, tarixi və turizm məkuanlarına da yaxındır. Təqribən bu ərazidə 49 nömrəsi olan 4 ulduz oteli, 6,2 milyon avroya, 66 nömrəlik oteli isə 8,8 milyon avroya almaq olar. Zala vilayətində göl kənarında isə 6,4 milyon avroya 232 nömrəlik otel almaq mümkündür. 

Nəhayət, Budapeştdə 145 milyon avroya dəbdəbəli imperiya sarayında yerləşən 5 ulduz otel almaq olar. Bütün otel və buradakı lüks kateqoriyalı 185 nömrə ən yüksək səviyyədə mebel və avadanlıqlarla təchiz edilib. Burada böyük sahəyə malik 2 prezident nömrəsi də var. 

Xaricilərin əmlak alması proseduru

Macarıstanda əmlak alan xaricilər Budapeştdə meriyadan, regionlarda isə yerli bələdiyyələrdən icazə almalıdırlar. Amma məhdudiyyət təkcə bu deyil. Xarici vətəndaşlar kənd təsərrüfatı torpaqları və  meşələri ala bilməzlər. Həmçinin bir şəhərdən əldə olunan torpaq sahəsinin ölçüsü 60 sotu keçməməlidir. Qalan məsələlər asandır - pul və pasport olması kifayətdir. Macarıstanda daşınmaz əmlak almaq orta hesabla 2 ay çəkir.

İpoteka kreditləşməsi 

Xaricilər Macarıstanda daşınmaz əmlakı ipoteka krediti ilə də ala bilərlər. Kredit təqribən Azərbaycandakı şərtlərlə, yəni 20 illiyə, illik 8-12%-lə ayrılır və evin qiymətinin 50-70%-i qədər olur.

Alqı-satqı prosesi

Əmlakın alınması iki mərhələdən, ilkin və yekun alqı-satqı müqavilələrinin bağlanmasından ibarətdir. İlkin müqavilə bağlananda alıcı 10-20%-lik beh ödəyir. Bundan sonra müqavilə meriya və ya bələdiyyəyə təqdim olunmalı, daşınmaz əmlakın əldə edilməsi üçün icazə alınmalıdır. 30-60 gündən sonra isə yekun müqavilə imzalanır və əmlakın pulu tam ödənilir. Bu müqavilə əsasında əmlak yeni sahibinin adına keçirilir, kadastr reyestrində bu proses 1 aydan çox çəkmir.  

Xərclər

Alqı-satqı zamanı alıcı əmlak agentinə əmlakın dəyərinin 2%-i, hüquqşünasa isə 1%-i qədər haqq ödəməlidir. Notiriat kontorlarında alqı-satqı müqaviləsinin və ümumvətəndaş pasportunun təsdiqi 6-7 avroya, daşınmaz əmlak əldə etmək üçün icazənin alınması 165 avroya, sövdələşmənin dövlət qeydiyyatından keçirilməsi və kadastr reyestrindən çıxarışın alınması isə hər biri 20 avroya başa gəlir. 

Əmlakın saxlanması, kommunal xidmətlər

Macarıstanda əmlakın saxlanmasına üçün hər il onun dəyərinin 1-4%-i qədər xərc çəkmək lazımdır. Bu ölkədə əmlak vergisi regiondan asılı olaraq əmlakın qiymətinin 3,6%-nə qədər ola bilər. Əmlakın icarəsindən gəlir əldə edənlər isə bunun 16%-ni dövlətə vergi formasında ödəməlidirlər.

Kommunal xidmətlər gəlincə isə, Macarıstanda 2 otaqlı mənzilin elektrik enerjisi, təbii qaz, su ilə təmin edilməsi qışda 100-170 avro, yayda isə 70-80 avro xərc aparır. 

Mənbə: “Daşınmaz Əmlak” jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274