ƏMLAK

Bu əmlaklar satılmasa, kasıblara veriləcək - YENİLİK
19 İYUN
878

Bu əmlaklar satılmasa, kasıblara veriləcək - YENİLİK

2016-06-19 23:59:00

Nazirlər Kabineti “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də dəyişiklik edib.

Fins.az xəbər verir ki, Əsasnaməyə əsasən müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu aparılarkən müsadirə edilmiş və sahibsiz qalmış əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə, hökm və ya qərar qanuni qüvvəyə mindikdən sonra 5 iş günü müddətində hökmün və ya qərarın surətini, hökmün və ya qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanlarına məlumat verir.

Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak üzrə notariat orqanları həmin əmlakın müvafiq qaydada saxlanılmasını və onun uçotunun aparılmasını təmin etməklə, bu əmlak haqqında Maliyyə Nazirliyinə 5 iş günü müddətində məlumat verir.

Dəyişikliyə əsasən, indiyə qədər məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı həbs qoyulmuş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməklə dövlət mülkiyyətinə keçməsi prosesində bundan sonra Baş Prokurorluq da iştirak edəcək. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyini isə Dövlət Təhlükəsizliyi Xidməti əvəz edəcək.

Bundan sonra qiymətləndirmənin nəticələrinə dair hesabatda həmin əmlakı eyniləşdirməyə imkan verən məlumatlar (identifikasiya kodu, nömrəsi, modeli, istehsal tarixi və s.) göstərilməlidir. Həmçinin müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən dərman vasitələri əvəzsiz olaraq Səhiyyə Nazirliyinə, dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak onun dövriyyəsinə icazə verən orqanlara təhvil veriləcək.

SATILMADIQDA ATILAN ADDIMLAR

Yeni dəyişikliyə əsasən, müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaklar satılmadıqda hansı addımların atılacağı, satılmayan əmlaklar barədə də qayda müəyyənləşdirilib. Bundan sonra əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda üçüncü hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınacaq.

Satılmayan əmlaklar üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Əmlak Məsələləri Dövlət Komitəsi malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir. Əmlaklar təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediləcək. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil veriləcək.

Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar komissiya tərəfindən aktlaşdırılaraq məhv ediləcək və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil veriləcək.

Mənbə: Marja.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274