ƏMLAK

«Bilirsən, bu ev kimin olub?» - ƏMLAK KOMİTƏSİNDƏN SÜRPRİZ XİDMƏT
16 İYUN
720

«Bilirsən, bu ev kimin olub?» - ƏMLAK KOMİTƏSİNDƏN SÜRPRİZ XİDMƏT

2016-06-16 11:17:00

Azərbaycan vətəndaşları sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat ala biləcəklər. Söhbət əmlakın təkcə texniki göstəricilərindən, deyil, həm də hüquqi  sahibi və onunla aparılan əməliyyatlardan, eləcə də onun əvvəlki sahibi barədə məlumatlardan gedir. Fins.az-ın məlmatına görə, bu, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təqdim etdiyi elektron xidmət sayəsində mümkün olub. Həmin xidmət vasitəsilə vətəndaşlar əmlakların həm ölçüləri və texniki göstəriciləri, həm də hüquqi sahibi, onunla əvvəllər aparılmış əməliyyatlar barədə geniş məlumat ala biləcəklər. Mütəxəssislər bildirir ki, ilk dəfə tətbiq oluqmasına baxmayaraq bu xidmət əmlak sahiblərinin böyük marağına səbəb olacaq.

Əmlak barədə məlumatları necə almaq olar?

«Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti ƏMDK-nin təqdim etdiyi 31 elektron xidmətlərdən biridir. Bu xidmətdən istifadə etmək üçün ƏMDK-nin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Xidmətin istifadəsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub. Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Bura əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir. 

Evdən çıxmadan alınan məlumatlar

Yeni xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən,  sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Bu zaman vətəndaş-məmur kontaktı da tələb olunmur.  Əmlak sahibi rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Digər mühüm detal – bu xidmətdən istifadə etmək üçün «elektron imza» tələb olunmur. İstənilən şəxs, dövlət rüsumunu (10 manat) kartla ödəməklə xidmətdən yararlana bilər. 

«Bu doğrudan da mənim əmlakımdır»

Yeni xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Məsələ təkcə şəxsin özünə adi məlumatlarla tanıq olmasında deyil. Hazırda Azərbaycanda əmlakla əməliyyatlar zamanı müxtəlif fırıldaqlar, alıcı və satıcıların aldadılması halları tez-tez baş verir. Bəziləri insanların etibarəndan istifadə edərək başqasına məxsus əmlakı özününkü kimi təqdim edir və ya onun ölçüləri və digər göstəriciləri bəarədə düzgün olmayan məlumatlar verirlər. Bu isə əmlakın alıcısı üçün risklər yaradır. Yeni xidmət isə hər şeyi, yerindəcə yoxlamağa imkan verir. Belə ki, alıcı, sadəcə satıcıdan bu xidmətdən istifadə etməsin istəyir və bu zaman sistemin göstərdiyi məlumatlarla özü də tanış olur.  

İş adamları üçün faydalı yenilik

Yeni xidmətin əsas üstünlüyü - onun internet üzərindən həyata keçirilməsi iş adamları üçün xüsusilə əlverişlidir. Belə ki, bəzən iş adamları fəaliyyətləri ilə bağlı səfərlərdə, hətta ölkə kənarında olurlar. Belə hallarda onların öz əmlakları ilə bağlı hər hansı danışıq aparması çətinləşir. Çünki qarşı tərəf, ona verilən şifahi məlumatların dəqiqliyinə heç də həmişə əmin olmur.  Bu xidmət isə hətta xaricdə olduqda da əmlak barədə lazımi məlumatı almağa və qarşı tərəfə təqdim etməyə imkan verir. Nəticədə iş adamları bu məsələyə qətiyyən vaxt itirmirlər. 

«Bilirsən bu kimin evi olub?»

Nəhayət, yeni xidmətin üstünlüyü əmlakın tarixçəsi barədə dəqiq məlumat almaq imkanıdır. Xidmətdən istifadə etməklə daşınmaz əmlakın keçmiş və indiki sahibləri, onunla aparılan əməliyyatlar barədə informasiya almaq olar. Digər tərəfdən alıcı və ya elə əmlak sahibinin özü də keçmişdə onunla bağlı hər hansı mübahisənin olub olmadığını dəqiqləşdirə bilər. 

365 min elektron xidmət göstərilib

Qeyd edək ki, 31 elektron xidmətin cəmləşdiyi komitənin elektron xidmətlər portalı fəaliyyət göstərir. Vətəndaşlar bu portala daxil olmaqla təqdim olunan interaktiv və informativ xidmətlərdən faydalana bilər. Belə ki, portalda dövlət reyestrindən çıxarışların verilməsi, xidmət haqqının öyrənilməsi, ipoteka, lizinqin qeydiyyatı və ləğvi kimi interaktiv xidmətlər vətəndaşların istifadəsindədir. İndiyədək 365 minə yaxın müraciət məhz komitənin elektron xidmətləri vasitəsilə daxil olub. Bu xidmətlərə olan marağın və geniş istifadəçi sayının əyani sübutudur. Həmçinin, portalda “rəy və təkliflər” bölməsi vardır ki, portalın istifadəçiləri orada öz rəylərini və təkliflərini qeyd edə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275