ƏMLAK

EVDƏ İKİNCİ MƏRTƏBƏ - ANTRESOL
09 İYUN
1636

EVDƏ İKİNCİ MƏRTƏBƏ - ANTRESOL

2016-06-09 10:14:00

Eviniz dardır? Əşyaları yerləşdirmək və ya işləmək üçün rahat yer tapmırsınız? Əgər tavanınız hündürdürsə, vəziyyətdən çıxış yolu var. Gündəlik həyata və insanların tələbatına yönəlik Qərb memarlığı kiçik mənzillərin genişləndirilməsi üsulunu çoxdan - bir neçə yüz il bundan əvvəl tapıb. Yaşayış sahəsinin artırılmasının üsullarından biri də evdə antresol qurulmasıdır. 

Antresol nədir?

Antresol (fransızca entresol – aralıq döşəmə deməkdir) evin daxili quruluşunun bir hissəsi, evin faydalı sahəsini artırmağa imkan verən vasitədir. Antresol deyəndə nisbətən hündür tavanlı otaqların bir tərəfində quraşdırılan, sürahı ilə əhatələnmiş eyvanşəkilli yarımmərtəbə başa düşülür. Antresollar müxtəlif formada – eyvan və ya qalereya şəklində, tamamilə bağlı qurulu otaq formasında ola bilər. Antresolun sürətlə yayıldığı 18-19-cu əsrlərdə tavanı alçaq olan belə otaqlarda adətən qulluqçular qalırdı. Ümumiyyətlə, antresollar Avropa məişətində çoxdan və mühüm yer tutur. Adətən ailə biznesi - evdə kiçik mehmanxana, şərabçılıq və sənətkarlıqla məşğul olan fransız və alman  sahibkarları üçün antresol, müxtəlif əşyaların saxlanması, qulluqçuların gecələməsi, sadəcə vaxt keçirmək üçün əla guşə idi.

Bəzi ölkələrdə tavana birləşdirilmiş şkafı da antresol adlandırırlar. Otağın quruluşundan, dizaynından və sakinlərin istəyindən asılı olaraq antresol otağın 3 və ya 2 divarı ilə əhatə oluna bilər. 

Qiymətli kvadratlar

Antresolların qurulması təkcə mənzillərdə yox, kommersiya obyektlərində də əla nəticələr verir. Xüsusilə tavanının hündürlüyü 5 metrə çatan kommersiya obyektlərində antresolun quraşdırılması nəinki obyektin faydalı sahəsini azı 40-50 % artırır, həm də öz dizaynı və quruluşu ilə tikili daxilində boşluq mühitini aradan qaldırır və burda xüsusi atmosfer yaradır. Amma bu gün biz yaşayış sahələrində – evlərdə və mənzillərdə quraşdırılan antersollardan danışacağıq.

Dediyimiz kimi, antresolun yaradılması hündür tavanlı evlərdə xüsusilə əlverişlidir. Belə tavanlar daha çox köhnə evlərdədir, bəzən isə yeni tikililər də hündür tavanlı olur. Antresolda rahat kabinet, ev kitabxanası, əyləncə guşəsi və ya sadəcə yataq yeri yerləşə bilər. Bütün bunlara nail olmaq üçün bəzi məqamları bilmək lazımdır. 

Anrtesolun ölçüləri

Evdə tavanlar yüksək olduqca, antresol üçün daha çox yer əmələ gəlir. Məsələn,  əgər antresol kiçik anbar kimi istifadə olunacaqsa, evin hündürlüyü minimum 3,2 m olmalıdır. Əsl iki mərtəbə yaratmaq üçün isə mənzilin hündürlüyü 4,6 m-dən az olmamalıdır. Ümumiyyətlə, istənilən halda antresolun təyinatı mənzilin hündürlüyündən asılıdır.

Antresolun altında rahat hərəkət eləmək üçün onun yerdən hündürlüyü (döşəmədən antresola qədər məsafə) 2,2 metrdən az olmamalıdır. Antresolda iş guşəsi (kiçik kabinet) yaradıb orda çox vaxt keçirmək planlaşdırılırsa, onun üstündəki hündürlük (antresoldan tavana qədər məsafə) də azı bu qədər olmalıdır. Əgər antresolun altında anbar və ya qarderob yaradılacaqsa, onların hündürlüyünün 180-190 sm olması kifayətdir.

Antresol yataq yeri kimi də istifadə oluna bilər – bu halda onun hündürlüyü azı 120 sm olmalıdır. Bu ölçülər insanın yataq yerində oturarkən tavana toxunmaması hesabı ilə götürülüb. Yataq yerinin hündürlüyü bundan da az ola bilər, amma bu rahatlığa mənfi təsir edəcək. Yataq yeri üçün nəzərdə tutulan antresolun eni isə yatağın enindən asılı olaraq 1,6-2 metr ola bilər. Burda yataq yerindən əlavə çarpayının yanındakı kiçik dolab da nəzərə alınır.

Yeri gəlmişkən, yataq üçün antresol planlaşdıranda bilmək lazımdır ki, burda havanın dəyişməsi o qədər də yaxşı olmadığına görə, yataq yerinin tavana çox yaxın olması sağlamlıq üçün xeyirli deyil. Buna görə də, adətən yataq yerinin antresolda qurulması məcburi addım olur. Yataq üçün antresol quraşdıranda ən yaxşı variant antresolun iki səviyyəli olmasıdır. Bu zaman yataq yeri daha hündür hissədə qurulur. Bu hissənin altında şkaf, anbar və ya akvarium quraşdırmaq olar. Tavana yaxın olan ikinci hissənin altında isə kompüter stolu və ya iş yeri yaratmaq olar.

Antresolun özünün qalınlığı azı 20 sm olmalıdır. Bura həm quruluşu saxlayan millər və digər gücləndirici hissələr, eləcə də istifadə olunacaq döşəmə və tavan lövhələri aiddir. İstənilən halda antresol möhkəm və sərt olmalıdır ki, burda hərəkət etmək, işləmək və istirahət vaxtı keçirmək rahat olsun. 

Addım-addım tavana doğru

Evdə antresolun yaradılması hökmən ona qalxmaq üçün pilləkənin qurulmasını tələb edir. Bunun üçün isə mənzilin ölçüləri müəyyən tələblərə cavab verməlidir. Belə ki, pilləkən çox yer tutduğuna görə, mənzil də geniş olmalıdır. Təcrübə göstərir ki, belə pilləkənlərin rahat olması üçün ən yaxşı variant hər pillənin hündürlüyünün 17 sm, dərinliyinin isə 28 sm olmasıdır. Belə ölçüləri olan pilləkənlə 2,4 metr hündürlüyə qalxmaq üçün 14 pillə tələb olunur. Deməli, pilləkənin uzunluğu 3,6 m olmalıdır. Bundan başqa, ən rahat variant pilləkəndə kiçik meydançanın yaradılmasıdır. Amma əgər mənzilin ölçüləri belə meydança yaratmağa imkan vermirsə, antresola qalxmaq üçün pilləkən adi nərdivan formasında da qurula bilər. Adətən belə nərdivanla düşmək qalxmaqdan çətin olur. Amma istənilən halda, antresol üçün hündürlüyü 20 sm-dən artıq pilləli pilləkənin qurulması məsləhət görülmür. 

Antresolun yeri

Adətən antresolun quraşdırılması evin sahəsini genişləndirmək üçün məcburi və sərbəst addım olmasına baxmayaraq burda müəyyən tələblərə əməl olunmalıdır. Yəni, antresol istənilən yerdə qurula bilməz. Ona yer seçəndə qapı və pəncərələrin harda yerləşməsi nəzərə alınmalıdır. Antresolun konstruksiyası pəncərənin qarşısını tutmamalı, onun açılıb-örtülməsinə mane olmamalıdır. Bundan başqa, antresol üçün yer elə seçilməlidir ki, otağın qalan hissəsi öz quruluşunu qoruyub saxlasın – otaq həddən artıq ensiz və ya darısqal görünməməlidir.

Tavanı yüksək olan daha geniş otaqlarda antresol qalereya tipli ola, yəni otağı üç tərəfdən əhatə edə bilər. Belə antresolda asanlıqla kitabxana quraşdırmaq olar. Özü də kitab rəflərinin enini nəzərə alsaq, bu halda antresolun eninin 1-1,2 metr olması kifayətdir. Belə variantda antresolun bir tərəfinin enini bir az artırmaqla qiraət guşəsi yaratmaq da mümkündür. Belə antresollar döşəməyə 2,2 m-dən də yaxın yerləşə bilər.

Amma antresol təkcə otaqlarda yaradılmır. Uzun və ensiz dəhlizlər üçün antresol ideal variant sayıla bilər – çünki onun yaradılması nəticəsində tavanın da aşağı enməsi ümumi harmoniyaya uyğun gəlir. Beləliklə, antresol evin bir neçə hissəsində – dəhlizdə, hollda və qonaq otağında yaradıla bilər. Özü də bu zaman qonaq otağı hündürlükdə itirmir – çünki antresol onun yalnız bir hissəsini tutur – əvəzində otaq daha rəngarəng quruluş alır. Antresolun mətbəx və ya hamamda yaradılması da istisna deyil. Amma bu zaman divarların möhkəmliyinə əmin olmaq lazımdır. 

Metal, şüşə, yoxsa taxta?

Antresollar quruluşca konstruksiyanı saxlayan tirlərdən və döşəmədən ibarətdir. Amma konstruksiya həm taxta, həm də metaldan ola bilər. Metal konstruksiya boltlar və ya qaynaq vasitəsilə qurulur. Onun üstünlüyü daha az yer tutmaqla sahəyə qənaətə imkan verməsidir. Əvəzində taxta antresollar yaradılanda qaynağa və əlavə işlərə ehtiyac qalmır. Antresolun döşəməsi üçün də material seçimi böyükdür – adi döşəmə materialı – taxta, DSP və s. Döşəməni metal lövhə, hətta şüşədən də hazırlamaq olar. Müasir dizaynlı interyerlərdə antresol paslanmayan polad və şüşədən qurula bilər. Klassik interyerlərdə isə ağac materialından hazırlanan antresol daha harmonik görünür. 

Ev içində hasar

İstənilən hündür yerin çəpəri elə quraşdırılır ki, onun hündürlüyü insanın ağırlıq mərkəzinin hündürlüyündən yuxarıda olsun. Bu hədd 110 sm hündürlükdədir, amma o qədər də böyük olmayan antresollar üçün bu rəqəmi 90 sm-dək azaldırlar. Çəpərin necə çəkilməsi zövqdən, ev sahibinin imkanından, eləcə də mənzilin dizaynından asılıdır. Antresolun özü kimi çəpəri də müxtəlif materialdan ola bilər – şüşə və polad borular, ağac və s. 

İkinci mərtəbə rahatlığı – hava və işıq

Antresolların ən böyük problemi burda havanın hərəkət etməməsi və temperaturun aşağıdakına nisbətən yüksək olmasıdır. Ventilyasiya nəzərdə tutulmasa, burda hava nisbətən ağır ola bilər. Ventilyasiya məsələsi iki formada həll edilə bilər – ya məcburi ventilyasiya yaratmaqla, ya da antresolu elə quraşdırmaq lazımdır ki, o havanın təbii dövr etməsinə mane olmasın. Vəziyyətdən çıxış kimi, antresolun üstündəki məkanı havanın yaxşı dövr etdiyi qonşu otaqla da birləşdirmək olar.

«Antresol həyatı»nın mühüm cəhətlərindən biri də onun işıqlı olmasıdır.  Adətən antresolların özü bura təbii – günəş işığının düşməsinə mane olurlar. Yataq yeri üçün nəzərdə tutulan antresollarda bu o qədər də vacib olmasa da, iş yeri üçün ayrılan yerlər üçün işıqlanma çox vacibdir. Bu sahə yaxşı işıqlandırılmalı, ən yaxşısı, bu təbii üsulla olmalıdır. Bəzən bu problemi divarda əlavə pəncərə açmaq, ya da işıq tuneli yaratmaq yolu ilə həll etmək mümkün olur. Amma bu üsullardan hər biri memarın məsləhəti ilə olmalıdır.

Əksər hallarda vəziyyətdən çıxış yolu kimi süni işıqlandırmadan istifadə edilir. Yeri gəlmişkən, müasir işıqlandırma texnologiyaları bunu kifayət qədər keyfiyyətlə etməyə imkan verir – amma təbii işığı heç onlar da tam əvəz edə bilmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275