ƏMLAK

Bakıdakı sürüşmə zonalarının - SİYAHISI - EV TİKMƏK TƏHLÜKƏLİDİR
03 İYUN
312

Bakıdakı sürüşmə zonalarının - SİYAHISI - EV TİKMƏK TƏHLÜKƏLİDİR

2016-06-03 11:19:00

May ayında paytaxtın Səbail, Xətai, Suraxanı və Yasamal rayonları ərazisində olan sürüşmə zonalarında sabitlik yaranıb. Bu barədə Fins.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib. 

Onun sözlərinə görə, Yasamal rayonu ərazisindəki Nərimanov dairəsində, Səbail rayonu ərazisində Bayıl, Badamdar qəsəbələrində, Günəşli ərazisində, köhnə Ədmədli yaşayış massivindəki Tusi küçəsindəki aktiv sürüşmə zonalarında heç bir dəyişiklik müşahidə edilməyib.

Ə.Piriyev bunun səbəbini adıçəkilən ərazilərdə yeni drenaj sistemlərinin quraşdırılması ilə əlaqələndirib: «Biz orada sakinlərlərlə uzun müddət danışıqlar apardıq. Həmin ərazilərdə açıq sahələrə axıdılan tullantı sularının qarşısını almaq üçün onlarla razılıq əldə etdik. Eyni zamanda yeni su ötürücüləri quraşdırıldı. Ona görə son monitorinqin nəticələrinə görə həmin ərazilərdə heş bir dəyişiklik qeydə alınmayıb».

Masazır yenə sürüşür

Baş geoloq bildirir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığındakı sahədə də sabitlik yaranıb.  Əvəzində Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmə sahəsindəki catlarda 2,5-3,2 sm böyümə müşahidə edilib. Ə.Piriyevin sözlərinə görə, bu, yağıntıların çox olmasının nəticəsidir.

Ə.Piriyev həmçinin, digər regionlardakı aktiv sürüşmə zonalarının monitorinq nəticələrini açıqlayıb.  Bildirib ki,  Astara rayonu ərazisində Deqədi-Pəlikəş avtomobil yolunun 5-7-8-10-cu kilometrliklərində sürüşmə sahələrində ay ərzində atmosfer yağıntılarının normadan artıq düşməsi səbəbindən aktivləşmə qeydə alınıb: “Eyni zamanda Lerik-Veri-Əliabad sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda da aktivlik qeydə alınıb.  Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliklərində uçqun-sürüşmə prosesi baş verib. Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində aktivlik qeydə alınıb, uçqun-töküntü hadisəsi baş verib”.

Bu yollar yenə təhlükəlidi

Ə. Piriyevin sözlərinə görə, Cəlilabad, Göygöl, Qobustan və Gədəbəy rayonlarındakı sürüşmə sahələrində sabitlik müşahidə olunub: “Quba-Qonaqkənd yolunun 37-40-cı, Quba-Xınalıq yolunun 37-46-cı kilometrliyində quraşdırılmış topoqrafik reperlərin üzərində nisbi hərəkət müşahidə edilib, yamacda uçqun hadisəsi baş verib. Qusar-Sudur yolunun 37-ci kilometrliyində sürüşmə sahəsindəki müşahidə reperlərində dəyişiklik qeydə alınıb, atmosfer çöküntülərinin təsirindən mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.     

Baş geoloqun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyindəki sürüşmə sahəsində də aktivlik baş verib: «Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyindəki sürüşmə sahəsində proses aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb. Eyni zamanda, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində çatlarda genişlənmə qeydə alınıb. İsmayıllı rayonunda Xankəndi sürüşmə sahəsində ay ərzində aktivləşmə müşahidə olunub».

Bakıdakı sürüşmə əraziləri

Qeyd edək ki, Bakı şəhərində ənənəvi sürüşmə sahələri bunlardır: 

Zığ qəsəbəsində  - Xanlar kücəsi ilə Hətəm Allahverdiyev və Həzi Aslanov kuçələri;

Əhmədli qəsəbəsində  - Gəncə prospekti ilə Nəsrəddin Tusi  küçələri arasında olan sahə, Əliağa Şıxlinski küçələri;

Masazır qəsəbəsində  - Nazim Əsədov küçəsi  ilə Qir gölü arasında olan sahə;

Badamdar qəsəbəsində  - 20-ci sahəyə gedən avtomobil yolunun 4-5-ci km-liyi, Oqtay Daşdəmirov küçəsi;

Qaraçuxur qəsəbəsi - İlqar Mustafayev küçəsi;

Əhmədli-Günəşli ərazisi  - Abbas Fətəliyev və Səməd bəy Mehmandarov küçələrninə gedən yolun sol tərəfi;

Park sürüşmə sahəsi - Şəhidlər xiyabanı ilə Mehdi Hüseyn küçəsinə gedən yolun solu (yamac hissə);

Teleqüllə ətrafı - Teleqüllənin şimal-qərb hissəsi;

Nəriman Nərimanov heykəli ilə Yunis Daglı kücəsinin arasındakı ərazi;

«Gülüstan» sarayının ətraf hissəsi və Əbədi məşəl kompleksinin cənub hissəsi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272